Ölkə
Biləsuvarda aksiya: 9 polis yaralandı, 35 nəfər həbs edildi
23-12-2016, 17:52
"Dekabrın 22-də saat 18.00 radələrində Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər”.
Bu barədə Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında biıdirilib.
Açıqlamada daha sonra deyilir:
"Hadisə ilə əlaqədar ictimai qaydanın kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə həmin əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət etsələr də, onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, habelə, 1 xidməti avtomobilin şüşələrini sındırıblar.
Görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb, hadisənin fəal iştirakçılarından olan Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıblar.
Xəsarət almış 9 əməkdaşdan 6-na ilkin tibbi yardım göstərilib, 3-ü isə xəstəxanalara yerləşdirilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır”.
***
"Azadlıq.info”ya daxil olan son məlumata görə, aksiyada 35 nəfər həbs edilib.
***
Dekabrın 22-si axşam saatlarında Cəbrayıl rayon köçkünlərinin Biləsuvar rayonunda məskunlaşdığı qəsəbələrdə etiraz aksiyaları keçirildiyi bildirilir.
Bu barədə Azadlıq Radiosuna məlumat verən yerli sakinlərin deməsinə görə, köçkünlər İmişli-Biləsuvar yolunu bağlamaq istəyiblər.
Məcburi köçkünlərin qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz etdikləri deyilir. Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında hətta qarşıdurma baş verdiyi, həbs edilənlərin olduğu deyilir.
Ancaq Biləsuvar rayon Polis Şöbəsindən «Turan» agentliyinə bu deyilənləri nə təsdiq, nə də inkar ediblər. Növbətçi polis qeyd edib ki, mətbuata heç nə deyə bilməz.
Modern.az saytının bildirməsinə görə isə, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev etiraz aksiyasının keçirildiyini təsdiq edib. O, hazırda köçkünlərin yaşadığı həmin 11 qəsəbədə vəziyyətin stabil olduğunu bildirib:
«Axşam saatlarından etibarən məcburi köçkünlərə elektrik enerjisi verilməsi bərpa olunub. Məcburi köçkünlərin borcu çoxdur. Vətəndaşlar onlara verilən limiti aşıb. Buna görə də İmişli Regional İşıq Şəbəkəsi abonentlərə verilən işıqları kəsmişdi. Amma danışıqlar aparıldıqdan sonra hər şey normallaşıb. Hazırda tam sakitlikdir, heç bir iğtişaş yoxdur».
BORC HİSSƏ-HİSSƏ ÖDƏNİLƏCƏK
A.Fərzəliyev bildirib ki, polislə məcburi köçkünlər arasında baş verən iğtişaşlarda saxlanılanlar olub: «Mən Bakı nümayəndəliyinin rəhbəri və I müavin olduğumdan çox vaxt paytaxtda oluram. Telefon əlaqəsi vasitəsilə mənə məlumat verilib. Bildirilib ki, polisə müqavimət göstərdiklərinə görə iğtişaş törədənlərin müəyyən hissəsi saxlanıb. Ümumilikdə, Biləsuvar ərazisində 11 qəsəbə üzrə 18 min məcbur köçkünümüz yaşayır. Amma onlardan neçəsinin borclu olması ilə bağlı məlumatım yoxdur».
Rayon rəsmisinin deməsinə görə, bundan sonra abonentlər borclarını hissə-hissə ödəyəcəklər. «Gəlinən razılığa görə, məcburi köçkünlər borcu hissə-hissə ödəyəcəklər. Təbii ki, vətəndaşlar borcun hamısını birdən ödəmək iqtidarında deyillər. İdarə də borcun hamısının birdən ödənilməsini tələb etmir. Ərazidə qazlaşma getməyib deyə, əhali yalnız elektrik enerjisindən istifadə edir. Ona görə də, elektrik enerjisinə böyük həcmdə borcları yaranıb. Hansı köçkün qəsəbələrində ki, qazlaşma gedib, orada belə problemlər yoxdur. Amma Biləsuvardakı 11 qəsəbənin heç biri qazlaşdırılmayıb»,-deyə I müavin bildirib.