Ölkə

Səhiyyə Nazirliyi və Astara RİH şəkər xəstələrini incitməyə haqq qazandırır?

27-11-2016, 22:32
Səhiyyə Nazirliyi və Astara RİH şəkər xəstələrini incitməyə haqq qazandırır?

Rəfail Orucov: "Qəzənfər Ağayev məni otağından qovub dedi ki, çıx çölə, get oğluna tərbiyə ver”

 Cavid Xəlilov: "Yəqin, o adamlar istəyir ki, onlar xəstəxanaya girəndə hamı ayağa qalxsın”

Rəzail Orucov: "Mənim halım pisləşdi, təcili yardımla xəstəxanaya apardılar… Bir də xəbər tutdum ki, aptek işçisi Sənubər Rəcəbova məndən polisə şikayət edib”

Bu günlərdə Qafqaz Xəbər Agentliyinin elektron poçtuna Astara rayon Məçidməhəllə kənd sakini, 77 yaşlı Rəfail Əlihəsən oğlu Orucovun adından Baş Prokuror Zakir Qaralova göndərilmiş müraciətin mətni göndərilib. Həmin müraciətdə vətəndaş Astara rayonunda şəkər xəstələrinə qarşı süründürməçilik və şikayətlərinə görə "cəzalandırılma”sı ilə bağlı məqamları qeyd edib:

"Hörmətli Zakir Qaralov! Mən 70 yaşlı həyat yoldaşım Töyfənisa Şükür qızı Orucova və 44 yaşlı oğlum Rəzail Orucovun şəkər xəstəliyindən əziyyət çəkməsi və Astara rayon xəstəxanasının Baş həkimi Əlövsət Əliyevin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və digər dövlət orqanlarına müraciətlər ünvanlamışam. Müraciətlərimin heç birinə baxılmadı. Şikayətlərimin baxılmamış qalmasından istifadə edən Astara rayon xəstəxanasının Baş həkimi Ə.Əliyev məndən şikayət etdiyimə görə qisas almaq qərarına gəldi. O, həyat yoldaşıma dövlət hesabına pulsuz veriləcək dərmanları verməkdən imtina etdi. Əlimdə bir aydan çox imzalanmış və möhürlənmiş reseptin olmasına baxmayaraq dövlət hesabına pulsuz veriləcək dərmanları Ə.Əliyevin qisasçılığı səbəbindən ala bilmirəm. 14 noyabr 2016-cı il tarixdə oğlum Rəzail Orucov dövlət hesabına pulsuz veriləcək dərmanların verilməməsinin xəstəxananın aptekində işləyən Sənubər adlı şəxsdən soruşduqda, o, kobud ifadələr işlətmiş və "şikayət etməyəydiz dərmanlarınızıda adam kimi alardız” demişdir.

Həmin vaxt təzyiqi və şəkəri yüksələn oğlum Rəzailin səhhəti pisləşmişdir. Xəstəxananın Təcili Yardım şöbəsində oğluma ilkin tibbi yardım göstərilmişdir. Öz qanunsuz əməllərini ört-bastır etmək istəyən Baş həkim Ə.Əliyev oğlumun guya xəstəxanada səs-küy yaratması barədə akt tərtib etmiş və sənədləri Astara rayon Polis şöbəsinə göndərmişdir. Hal-hazırda Astara rayonunda məmurlar tərəfindən şikayət edən vətəndaşları məhkəməyə və ya polisə verilir.

15153094_334823326891067_1584456363_oMəsələn, mətbuatdan aldığım məlumatlara görə, Astara rayon sakini Həsənov Rəşad Əlövsət oğlu Astara rayon Təhsil Şöbə müdirinin əməllərindən şikayət etdiyi üçün həmin məmur tərəfindən məhkəməyə verilmişdir. Əgər bizim şikayətlər baxımsız qalırsa və sonradan bu cəzasızlıq mühitindən sui-istifadə edən məmurlar bizləri susdurmaq üçün məhkəmə və ya polislə hədələyirlərsə, onda biz öz şikayətlərimizi necə ifadə edək?

Mən Azərbaycan Respublikasının vətəndaşıyamsa, məmur özbaşınalığı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və müvafiq nazirliklərə müraciət etməliyəm. Əgər aidiyyatı üzrə dövlət orqanları şikayətlərimə baxmırsa, mən və digər vətəndaşlarda inamsızlıq və ümidsizlik hissi formalaşır. Amma bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidentinə inamım sonsuzdur. İnanıram ki, tezliklə Prezidentimiz tərəfindən məmur özbaşınalığına son qoyulacaqdır. Mənim 77 yaşım var. Əgər Ə.Əliyev kimi bir məmur şikayət etdiyim üçün məndən qisas alırsa, onda vay digər vətəndaşların halına.15174445_334823330224400_1317346889_n

Xahiş edirəm, Astara rayon xəstəxanasındakı bu haqsızlıqları öz rəhbərliyiniz altında araşdılma aparılmasını təmin edəsiniz”.

Qafqaz Xəbər Agentliyi olaraq, bu məsələni araşdırmaq qərarına gəldik və Rəfail Orucovla əlaqə saxladıq.

"Hər ayın 15-də biz Astara RMX-nin aptekində növbəyə durub resept əsasında şəkər xəstələri üçün pulsuz verilməli dərmanları alırıq. Oktyabrın 15-də növbə çox uzun idi, mənim də təzyiq problemim var deyə, özümü yaxşı hiss etmədim. 77 yaşım var, soyuq havada saatlarla növbədə durmağa çətinlik çəkirəm. Baş həkimin qəbuluna düşüb xahiş etdim ki, tibb bacılarından birini göndərib mənim həyat yoldaşım və oğlum üçün verilməli olan dərmanları almağa kömək etsin, səhhətim yaxşı deyil.

O isə məni acılayıb otağından qovdu. Ondan sonra, aptekçi Sənubər Rəcəbova da bizə qarşı kobudlaşdı. Mən Səhiyyə Nazirliyinə yazılı müraciət etdim, bundan sonra isə Əlövsət Əliyev mənimlə düşmən oldu. Oğlum Rəzail Oruvov noyabrın 14-də dərmanlar üçün reseptlə gedəndə, Sənubər Rəcəbova ona qarşı kobud ifadələr işlətdi və anan gəlsin, dərmanı özü alsın dedi. Halbuki, həyat yoldaşımın 70 yaşı var, ayaq üstə güclə yeriyir. Kənddən rayon mərkəzinə gedə bilmir. Mən Səhiyyə Nazirliyinə müraciətimdə də yazmışam ki, Cənab Prezident bizim üçün şərait yaradıb, kəndimizdə müasir tibb məntəqəsi tikdirib. O dərmanları məntəqəyə göndərsəydilər, biz də yollarda qalmaz, əziyyət çəkməzdik.

Yüzlərlə insan soyuq havada bir aptekin qarşısında növbəyə durmağa məcbur olur. Lakin bunlar bizi cəzalandırmaq, qisas almaq istəyirlər. Oğlumu da şərləyib polisə şikayət ediblər, guya Sənubər Rəcəbovanı və baş həkimi təhqir edib, dava salıb. Ötən həftə Astara RİH başçısı Qəzənfər Ağayevin qəbulunda oldum, problemimi danışdım. O isə məni qovub dedi ki, çıx çölə, get uşaqlarını tərbiyə et. Mənim səkkiz oğlum var, indiyə qədər onların tərbiyəsiylə bağlı şikayət eşitməmişəm. Sizdən də xahiş edirəm, mənə və oğluma qarşı bu qərəzli münasibətin dayandrılmasında kömək edin”, – deyə R.Orucov vurğulayıb.

R.Orucov onu da əlavə etdi ki, 3 ildir həyat yoldaşı Töyfənisa Orucova üçün şəkərölçən aparatı Astara RMX-dən ala bilmir. Onun oğlu, 44 yaşlı şəkər xəstəsi Rəzail Orucov da bildirdi ki, səhhətində problem olan bütün şəkər xəstələrinin yaxınları reseptlə dərman ala bilirlər: "Sənubər Orucova mənə dedi ki, anan gəlməsə, onun dərmanı verməyəcəm. Mən dedim ki, 70 yaşlı qadın kənddən durub gələ bilməz. O isə dedi: "Rast ki, bizdən şikayət edirsiniz, bundan sonra belə olacaq. Siz hələ bundan da pis günə qalacaqsınız”. Mübahisə etdik, mənim halım pisləşdi, təcili yardımla xəstəxanaya apardılar… Bir də xəbər tutdum ki, aptek işçisi Sənubər Rəcəbova məndən polisə şikayət edib.

Onlar qabaqdangəlmişlik ediblər, yalançı şahidlər də tutublar ki, guya mən orda söyüş söyüb dava salmışam. Heç baş həkim orda olmamışdı, amma o da şahid kimi ifadə verib. Həmişə atam gedib dərman alıb, bu dəfə özünü yaxşı hiss etmədiyinə görə, mən getdim. Necə oldu, həmişə dərman alırdıq, indi vermirlər”. Adıkeçən aptek əməkdaşı Sənubər Rəcəbova təsdiqlədi ki, həqiqətən də, Rəzail Orucovun atasının şikayətiylə bağlı danışıb: "Mən ona dedim, rast ki, bizdən şikayət edirsiniz, hər şey qanun çərçivəsində olmalıdır. Mən iki nəfərin dərmanını bir nəfərə verə bilmərəm. Ona dedim ki, atanız gəlsin. O da məni və baş həkimi təhqir etdi, aləmi bir-birinə qatdı. Ondan polisə şikayət etmişəm”.

Astara RPŞ-nin növbətçi hissəsindən bizi dəftərxanaya bağlasalar da, özünü təqdim etməyən dəftərxana əməkdaşı bizə yenidən növbətçi hissəyə zəng etməyi tövsiyə etdi. "Axı dedilər ki, bu işlə kimin məşğul olduğunu siz deyə bilərsiniz”, – deyə qeyd etdik. "Mən sizə məlumat verə bilmərəm. Mən heç nə bilmirəm, növbətçi hissəyə zəng edin”, – deyə öz vəzifəsindən bixəbər dəftərxana əməkdaşı bizə cavab verdi. "Sizin işiniz dəftərxanadadır, bu məlumatlar sizdə olur. Dövlətdən maaş alırsınız buna görə… Öyrənib bildirin mənə, zəhmət olmasa”, – deyənQafqaznews.az əməkdaşı xahiş etdi, lakin Astara RPŞ əməkdaşı dəstəyi atdı.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin nümayəndəsi Cavid Xəlilov isə deyir ki, belə şey ola bilməz: "Orda şəkər xəstələrinə dərman verilməsi ilə bağlı ciddi problem yoxdur. Keçən aylarda bir az çətinlik olmuşdu, amma bu aydan etibarən, hamıya çatdırılır. Yəqin, o adamlar istəyir ki, xəstəxayana girəndə hamı ayağa qalxsın. Mən Əlövsət Əliyevi yaxşı tanıyıram, 20 il ATU-nun dosenti olub. O, insanlara məmur kimi davranan adam deyil. Yüzlərlə adam növbəyə durur, hamı növbə ilə öz dərmanını almalıdır”.

"Cavid müəllim, kənddə yaşayan, 70 yaşlı xəstə qadının dərmanlarını oğluna vermirlər”, – deyə qeyd etdik. "Yəqin ki, lazımi sənəd təqdim etməyiblər”, – deyə nazirlik rəsmisi bildirdi. "Hansı sənəd?” deyə soruşduqda isə Cavid Xəlilov "Bilmirəm” deyə cavab verdi. Həmçinin, Səhiyyə Nazirliyinin nümayəndəsi bu məsələylə maraqlanacağını vəd etdi. Astara RİH başçısı Qəzənfər Ağayevin köməkçisi Arif Əliyev isə məsələdən xəbərsiz olduğunu dedi: "Bu məsələ mənim səlahiyyətlərim çərçivəsində deyil. Amma bir insan kimi, o vətəndaşların problemiylə maraqlanaram. Siz informasiya təhlili sektoru və ümumi şöbə müdirləri ilə əlaqə saxlayın. Çünki görüşlərdə onlar olurlar”.

Lakin təəssüf ki, nə informasiya təhlili sektoru və nə də ümumi şöbədə zənglərimizə cavab verən olmadı. Astara RMX-yə etdiyimiz zənglərimiz də cavabsız qaldı və baş həkim Əlövsət Əliyevin fikrini öyrənmək cəhdimiz baş tutmadı. Növbəti yazılarda adıkeçən şəxs və qurumların açıqlamasını dərc etməyə hazırıq. Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]