Əsas Səhifə / Siyasət / Ölkə

Hindistan səfiri Astarada

9-02-2016, 23:42

Hindistan səfiri AstaradaHindistanın Azərbaycandakı səfiri Sancay Ranan cənub bölgəsinə səfəri çərçivəsində fevralın 9-da Astara rayonunda olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətində (RİH) hindistanlı diplomatla keçirilən görüşdə rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.

 

RİH-nin başçısı Qəzənfər Ağayev bildirib ki, Hindistanla Azərbaycanın təbiətinin oxşarlığı hər iki ölkənin əməkdaşlıq əlaqələrini genişləndirir. Astarada Hindistan mədəniyyəti və incəsənətinə maraq böyükdür. Asiya-Avropa ölkələrini birləşdirən, Azərbaycanda reallaşan Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulayıblar. Eyni zamanda Astara rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılıb.

 

Astara rayonunun nümayəndə heyətinin Hindistan  səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astara şəhərinin qardaşlaşması ilə bağlı təklifi diplomat Sancay Ranan razılıqla qarşılayıb.

 

Hindistanlı diplomat Astara şəhərindəki Heydər Əliyev Mərkəzinə, rayon tarix-diyarşünaslıq muzeyinə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə, "Astaraçay” MMC-yə baş çəkib, həmçinin rayonun görməli yerləri ilə tanış olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]