Ölkə

Təhsil Nazirliyində korrupsiya ilə bağlı şikayətlər ört-bastır olunur?

9-11-2016, 20:27
Təhsil Nazirliyində korrupsiya ilə bağlı şikayətlər ört-bastır olunur?Ələsgər Məmmədli: "Nazirlik Astara Rayon Təhsil Şöbəsinin müdirindən edilmiş şikayəti onun özünə yox, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməliydi” 
Mehriban Zeynalova: "Bir sıra dövlət qurumlarında da belə edirlər və nəticədə şikayət edən vətəndaşın özü müxtəlif problemlərlə üzləşir” 
Azərbaycanda vətəndaşların hər hansı yerli strukturdan və ya məmurdan şikayətlərinə baxılması, araşdırılması ilə bağlı konkret prosedur qaydalar və qanunlar var. Lakin təəssüflər olsun ki, bir sıra dövlət qurumlarında bu qayda-qanunlara məhəl qoyulmur, hətta bəzən, şikayəti edən vətəndaşlar çətin vəziyyətdə qalırlar. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Astara rayon sakini Rəşad Əlövsət oğlu Həsənov bildirib: "2016-cı ilin sentyabr ayında Astara rayon Təhsil şöbə müdirinin qanunsuz əməlləri barədə dövlət orqanlarına müraciət ünvanlamışam. Çox təəssüf olsun ki, həmin faktların araşdırılması Təhsil Nazirliyinə həvalə olunsa da həmin Nazirlik tərəfindən heç bir araşdırma aparılmadı. Ən təəcüblü hal odur ki, Təhsil Nazirliyinin insan resursları şöbə müdiri əvəzi cənab Eşqi Bağırov "Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə zidd olaraq mənim şikayət məktubumu şikayət etdiyim vəzifəli şəxsin ,yəni Qızbəs Məmmədovanın icraatına göndərib. Belə çıxır ki, mən vətəndaş kimi şikayət etməkdə səhv etmişəm. 12 ildir ki, rayon təhsilinə rəhbərlik edən, 2006-2015-ci illərdə rayon təhsilinə ayrılmış on milyonlarla pulu öz şəxsi ehtiyacları üçün xərcləyən və özünə dəbdəbəli həyat tərzi quran şəxs mənim ondan etdiyim şikayət baxacaqmi? 
Astara şəhərindəki dənizkənarı bulvarda "Yelkən”kafesinin sahibəsi, Astara şəhərində hər birinin dəyəri 110 000 manat olan 2 ədəd 3 otaqlı mənzili, qiyməti 50000 manata olan hər oğluna aldığı  "Volskwagen” markalı avtomobilləri, Bakı şəhərindəki mənzilləri 540 manat əməkhaqqı ilə almaq olarmı? Təhsil Nazirliyindən test imtahanlardan keçməmiş şəxsləri müəllim vəzifələrinə təyin edən, lakin test imtahanlarından müvəfəqiyyətlə keçənləri "vakant yer yoxdur” süründürən insanın adı Qızbəs Məmmədovadır. 10 ilə yaxın xidməti istifadədə olan, texniki baxışdan keçməyən yararsız VAZ-2104 markalı avtomobilə sürücü əmrləşdirən, həmi avtomobilə qanunsuz yanacaq və ehtiyat hissələri silən də Qızbəs Məmmədovadır. Rayonda uzun illər "Uşaq fondu”adı ilə müəllimlərdən pul toplayan, lakin həmin fondun qeybə çəkilməsinə kömək edən insan da Qızbəs Məmmədovadır. Məktəbə alınan avadanlıqların qiymətini 5-6 qat baha rəsmiləşdirən də Qızbəs Məmmədovadır. İndi mən demirəm, siz deyin, belə bir insan mənim yazdığım məktub barədə hansı tədbir görəcəkdir? 
Əbəttə ki, çalışacaqdır ki, məni polisdə işləyən oğlunun əli ilə şərləsin, ləkələsin və nəticədə həbs etdirsin. İnanıram ki,bu şəxs barədə qanuni tədbir görüləcəkdir”. Biz Qafqaznews.az olaraq bu müraciətdə yer alan iddiaları şərh etmirik və şikayətçi vətəndaşın nəyi doğru, nəyi yalan yazdığına dair fikir bildirmək istəmirik. Lakin Qafqaznews.az saytına maraqlı gəldi ki, Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir əvəzi Eşqi Bağırov vətəndaş Rəşad Həsənovun müraciətini araşdırıbmı? Yoxsa, heç bir araşdırma aparmadan, onun müraciətini Qızbəs Məmmədovanın özünə göndərib? Qafqaznews.az saytının əməkdaşı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladı. "Biz bilmək istərdik, Rəşad Həsənovun Astara RTŞ-də korrupsiya əməlləri ilə bağlı etdiyi şikayət haqda hüquq mühafizə orqanlarına da məlumat verilibmi?”, – deyə soruşduq. 
"Əgər nazirliyə sorğu göndərilərsə, əlbəttə, məlumat verilir”-deyə C.Valehov bildirdi. "Kim sorğu göndərməlidir?” – deyə aydınlaşdırmaq istədik. "Vətəndaş… Kim şikayət edirsə, o”, – deyə Cəsarət Valehov bildirdi. "Axı, o vətəndaş nazirliyə müraciət edib. Lakin onun şikayəti Astara RTŞ-nin müdirinə göndərilib. Halbuki, şikayət də məhz onun özündəndir”, – deyə xatırlatdıq. 
"Bizə yazılı müraciət edin, araşdırıb cavab verək”, – deyə nazirlik rəsmisi cavab verdi. "Bəs məktubu göndərən İnsan Resursları Şöbəsinin müdir əvəzi Eşqi Bağırovla necə danışa bilərik?”, – deyə soruşduq. 
"Eşqi Bağırov rayonlardadır… Ezamiyyətə göndərilib”, – deyə Cəsarət Valehov bildirdi. Hüquq müdafiəçisi, "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, nazirlik rəsmilərinin bu addımı qanunsuzdur. "Özüm də belə hallarla çox üzləşmişəm. Təkcə Təhsil Nazirliyi yox, bir sıra dövlət qurumlarında da belə edirlər və nəticədə şikayət edən vətəndaşın özü müxtəlif problemlərlə üzləşir. Bunun qarşısını almaq lazımdır. Əgər mənim hansısa məmurdan şikayətim varsa, mənim şikayətim ona niyə göndərilməlidir ki? Bu barədə onun tabe olduğu qurum və şəxslər araşdırma aparmalı, müvafiq tədbirlər görməlidirlər”, – deyə M.Zeynalova vurğulayıb. 
Hüquqşünas Ələsgər Məmmədli Qafqaznews.az-a bildirdi ki, "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilən son dəyişikliklərə görə, korrupsiya faktlarını ictimailəşdirən şəxslər hər hansı şəkildə təqibə məruz qala bilməzlər. "Dövlətin qanunları bu halları ictimailəşdirən vətəndaşların müdafiəsini təmin edir. Lakin yerlərdən, müxtəlif rayonlardakı məmurlardan edilən şikayətlərin məhz özlərinə göndərilməsi vətəndaşların təhlükəsizliyi üçün risk daşıya bilər. 
"Vətəndaşların müraciətlərinə baxılması” haqqında qanunda müraciətlərə baxılmasının müddəti və bütün qaydaları aydın yazılıb. Şikayəti rayon təhsil şöbəsi yox, onun yuxarı instansiyası – Təhsil Nazirliyi və ya müvafiq şöbə araşdırmalı idi. Eyni zamanda, düşünürəm ki, nazirlik Astara Rayon Təhsil Şöbəsinin müdirindən edilmiş şikayəti onun özünə yox, hüquq mühafizə orqanlarına, o cümlədən, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməliydi. Müraciətdə korrupsiya əməllərindən söz açılırsa, bu, artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsinin araşdırma predmetidir”, – deyə Ə.Məmmədli qeyd edib. 
Rüfət Əhmədzadə 
Qafqaznews.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]