Gündəm / İslam

Din niyə siyasiləşməlidir?

16-01-2017, 15:50
Din niyə siyasiləşməlidir?

Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri də dinin siyasiləşməsi prosesidir. Bu müzakirəyə qoşulanlar içərisində dövlət rəsmilərindən tutmuş siravi vətəndaşa qədər müxtəlif dünyagörüşünə, siyasi baxışa, ictimai mövqeyə sahib olan insanlar var. Dövlət rəsmiləri tez-tez çıxışlarında, yazılarında Suriyada, İraqda baş verənləri bu prosesin acı nəticəsi olaraq göstərir və bildirirlər ki, din kimi müqəddəs bir nəsnə çirkli oyunların getdiyi siyasətə qarışmamalıdır. Həmçinin bu mövqedə olan xeyli sayda müxalifət nümayəndəsi, hətta inanclı insan belə var. Amma nədənsə onlar yaddan çıxarırlar ki, hazırda Yaxın Şərq regionunu bürüyən siyasi İslam yox, terror dalğasıdır. Siyasət qanuni fəaliyyətdir və bu fəaliyyət qanun çərçivəsində tənzimlənir. Siyasətlə məşğul olanlar qanunlara riayət etməkdə maraqlı olmalıdırlar, çünki onların fəaliyyəti üçün hüquqi zəmin məhz dövlətin konstitusiyasıdır. Terrorizm isə açıq-aşkar qanunları heçə saymaq deməkdir və terroru qanuni saymaq üçün heç bir hüquqi zəmin yoxdur.

Dinin siyasiləşməsi dedikdə dini kəsimin siyasi proseslərdə müstəqil şəkildə iştirakı nəzərdə tutulmalıdır. Hər bir insan öz ideoloji baxışına uyğun siyasi qurumda təmsil olunmaq istəyir. Millətçi, sosial-demokrat, liberal siyasi partiyalar, təşkilatlar olduğu kimi dindar insanların da onları təmsil edəcək siyasi qurumlar yaratmaq istəməsi təbiidir. Bu istəyin qarşısının alınması nəticəsində isə müxtəlif dini qruplaşmalar inanclı insanları cəlb edə bilər ki, bu zaman da İŞİD, Taliban, əş-Şəbab kimi heç də xoş olmayan mənzərə yaranar. Doğrudur, Azərbaycanda dini kəsim hər zaman sivil mübarizənin tərəfdarı olub, lakin hər halda dini camiənin siyasətdən kənarda tutulması dindarların marginallaşmasına səbəb olur. Dövlət onların siyasi cəhətdən təşkilatlanmasına mane olmamalıdır ki, inanclı insanlar cəmiyyətin inkişafı ilə bağlı fikirlərini sivil formada ifadə edə bilsinlər. Avropada bu presedent var. İtaliyada, Almaniyada Xristian-Demokrat Partiyalıarı mövcuddur. Türkiyədə də müxtəlif dövrlərdə dini zəmində Səadət, Rifah partiyaları yaranıb. Bu gün hakimiyyətdə olan AKP dindarlar tərəfindən dəstəklənən ən populyar partiyadır. AKP-nin avtoritarizmə meyilli olması isə Ərdoğanın şəxsi ambisiyalarından qaynaqlanır. Avropada, Türkiyədə olan dini partiyaların bu qədər eloktratı varsa, deməli, bu partiyalar heç də boş yerə yaranmayıb. Onu da qeyd edim ki, dini partiyalar klassik bölgüyə əsasən sağyönümlü sayılır. 
Bunu anlamaq lazımdır ki, siyasiləşmə dini kəsimi müəyyən oyun şərtləri daxilində fəaliyyət göstərməyə sövq edəcəkdir. Siyasiləşən dini kəsimin üzərində nəzarət mexanizmi yaranacaq ki, bununla da dindarların nə istədikləri, hansı prinsiplər əsasında hərəkət etdikləri ictimaiyyət tərəfindən bilinəcək və qanunlarla fəaliyyətləri tənzimlənəcəkdir. Əlbəttə, dini kəsimin də öz siyasi baxışlarını aydın ifadə etməsi lazımdır – hansı dövlət modelini istəyirlər, insan haqq və azadlıqlarının sərhədlərini necə qavrayırlar, hansı iqtisadi quruluşu dəstəkləyirlər və s. Bütün bunlar vacib şərtlərdir.

Bəzən də dinin siyasiləşməsi dinin istismarı kimi qələmə verilir. Əlbəttə, din istismar edilə bilər. Ümumiyyətlə, hər bir ideologiya istismara açıqdır. Bu gün demokratiyanı da istismar edən rejimlər var. Hər hansı ideologiyanın istismara açıq olması o demək deyil ki, həmin ideologiya siyasətdən kənarda tutulmalıdır. Bu baxımdan İslam da istisna deyil.

Və son olaraq artıq dünya praktikası sübut edir ki, "din məsciddən kənara çıxmamalıdır" sözlərinin reallıqda heç bir əhəmiyyəti yoxdur. Xüsusən indiki dövrdə ölkələrin hər cür fikirlərə açıq olduğu, demokratik prinsiplərə iddia etdiyi şəraitdə. Hakimiyyətlər istəsə də, istəməsə də din məscidlərdən kənara çıxır. Hakimiyyətlər seçim etməlidir: din ya məsciddən çıxıb siyasi diskussiyalarda mövzu olaraq tartışılmalıdır, ya da məsciddən çıxıb "yeraltı"na çəkiləcək. Müxtəlif ideologiyaların diskurslarda tartışıldığı mühitlərdə plüralizm yaranır. Bu isə ümumilikdə cəmiyyətin rəngarəngliyi və inkişafı üçün faydalıdır. "Yer altına” çəkilmə isə ən avtoritar rejimlər üçün belə arzuolunmaz sonluqla nəticələnə bilər...

Administratorla əlaqə

077 611-55-22

[email protected]