Müsahibə

“Azərbaycan hökuməti dövlətin vətəndaşına sahib çıxmasına ciddi əngəllər yaradıb”

29-10-2015, 20:00
“Azərbaycan hökuməti dövlətin vətəndaşına sahib çıxmasına ciddi əngəllər yaradıb”


Müsahibimiz ictimai-siyasi fəal Müsavat Partiyasının üzvü Taleh Qasımzadədir.
"İş yerləri açılmalı, vətəndaş-dövlət münasibətləri bərpa olunmalıdır”

 

-Din, günümüzün ən aktual və daha çox müzakirə olunan mövzusudur. Sizcə bunun səbəli nədir?

-Din insan həyatının ayrılmaz hissəsidir. Heç bir zaman dindən ayrı yaşayış olmayıb. Lakin indi din deyəndə əksəriyyət qara bayraq altında görülən cinayətləri nəzərdə tutur. Əslində dinin mahiyyətində deyil, dini münasibətlərin tənzimlənməsində problem var. Bu problemi yaradan səbəblər müxtəlifdir. Mənəvi aşılanmadan tutmuş sosial çatışmazlığa qədər səbəblər sadalamaq olar.

 

-Din adı ilə məşhurlaşan İŞİD kimi terrorçu birləşmə insanları nə ilə cəlb edir?

 

-İŞİD birmənalı olaraq təhlükə mənbəyidir. Bura qoşulan şəxslərin əksəriyyəti sanki əvvəlcədən ölümə razılaşır. Hesab edirəm ki, pərdəarxası məqamlar daha maraqlıdır. Ölkəmizdən də kifayət qədər vətəndaşımız bu birliyə qoşulub. Kimlərin qoşulduğunu araşdıranda görürük ki, maddi vəziyyəti çox aşağı olan, sosial problemlərlə yaşayan şəxslər çarəsiz qalıb qoşulular. Azərbaycan hökuməti dövlətin vətəndaşına sahib çıxmasına ciddi əngəllər yaradıb. İnsanlar çox aşağı səviyyədə yaşayır. Elə ailələr var ki, gündəlik təlabatını ödəmək iqtidarında deyil. Vətəndaşların belə çətin duruma düşmələri İŞİD kimi qruplaşmalara meylləri artırır. Hökumət ancaq bir neçə məmurun rifahını düşünür. İnsanlar kütləvi şəkildə kasıblıq və məhrumiyyətlər içində yaşayır. Ailəsini dolandırmaq üçün belə qruplaşmaların toruna düşür və sonradan qayıda bilmirlər. Nəticədə minlərlə ailələr bədbəxt həyat tərzi keçirir, həyatları təhlükə ilə üz-üzə qalır. Bir nümunə deyim – tanıdığım çox kasıb bir ailə az müddətdə çox varlandı. Bir neçə dükan, bahalı maşınlar və dəbdəbəli evə sahib oldu. Məlum oldu ki, dini əqidələrini dəyişiblər. Sonar İŞİD-in xətti ilə Suriyaya gedib orda döyüşdülər və ailənin bir neçə üzvü öldü. Maddi vəziyyətin çətinliyinə qatlaşmayan ailələr İŞİD-in qurbanına çevrilir. Təbii ki, ailələin bu duruma düşməsində bir başa məsuliyyət hökumətin boynuna düşür. İşsiz qalan ailə başçısı nə etməldiir?

 

-Sosial problemlər insanları dinə meylləndirir?

-İnsanı yaşadan içindəki ümiddir. Hər bir insan hansısa ümidlə yaşayır. Bu ümidi isə mənəvi fəzada axtarır. İnsanın həyatında məhrumiyyətlər artdıqca dini meyl çoxalır. O zaman tanımadığı şəxsin boş vədəsinə də inanır. Başqa çıxış yolu tapmayanda məcbur olur ki, verilən vədləri həqiqət kimi qəbul eləsin. Nəticə isə göz qabağındadır. Hamımızın bildiyi kimi insanlar "dini təmayüllü” birliklərə qoşulur.

 

-Belə hallar hansı təhlükələri vəd edir?

 

-Artıq haqqında danışdığımız hadisələr ölkəmiz üçün ciddi təhlükə mənbəyidir. Ölkəmizdən İŞİD və bu kimi qruplara qoşulanlar iki halla üzləşə bilər. Ya öləcəklər ya da sağ qalıb haçansa ölkəyə qayıdacaqlar. Öləcəklərsə, onlarla bəlkə yüzlərlə ailə başsız qalacaq. Sağ qalıb ölkəyə qayıdacaqlarsa, potensial cinayətkar olacaqlar və savaşın, qəddarlığın içində formalaşan şəxsin necə cinayətkar olacağı hamıya bəllidir.

 

-Bu təhlükənin qarşısını necə ala bilərik?

 

-Ox yaydan çıxırsa, ona nəzarət etmək mümkünsüz olur. Tuşlanan tərəfə getməlidir. Biz təhlükəni yaradan səbəbləri aradan qaldırmalıyıq. Dövlət vətəndaşına sahib çıxmalıdır. Problemi yaradan səbəblər aradan qaldırılmayana qədər təhlükənin qarşısına ala bilmərik. Biz ölkəmiz və dövlətimiz üçün təhlükə istəmiriksə, iş yerləri açılmalıdır, vətəndaş-dövlət münasibətləri bərpa olunmalıdır, hakimiyyət bütün sahələrdə islahatlar aparmalı və demokratik seçki mühiti formalaşmalıdır. Əks halda vəziyyət daha da pisləşəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]