Siyasət

Azərbaycanda Gülən tərəfdarlarına qarşı əməliyyatlar dayandırıldımı...

1-10-2016, 19:00

Arzu Nağıyev: "Bu həbsləri radikal və digər qrupların dini təhdidinin zərərsizləşdirilməsi kimi qəbul etmək lazımdır” 

 

Bu ilin avqustunda Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işinin açılmasından sonra əməliyyatlar çərçivəsində bir sıra adamlar həbs edildi. İndiyə qədər həbs edilənlərin sayı dəqiq açıqlanmasa da, əməliyyatın bu yaxınlaradək getdiyi məlumdur. Proses çərçivəsində AXCP sədrinin köməkçisi Faiq Əmirov da saxlanılıb, barəsində cinayət işi başlayıb.

Son günlərdə isə Gülən məsələsinin gündəmdən düşdüyü müşahidə olunur. Açılan cinayət işinin gedişatı barədə də açıqlama verilmir. Əməliyyatların dayandırıldığı da iddia olunur. Maraqlıdır ki, qardaş Türkiyədə də iyulun 15-i gecəsindən Gülən tərəfdarlarına qarşı aparılan araşdırmalar və onların həbs edilməsi əməliyyatları sentyabrın sonlarına doğru zəiflədi. Hazırda Türkiyədə də bu məsələ haqda telekanallar əvvəlki kimi müzakirələr aparmır. Ekspertlər bu halın ölkəmizə də təsir etdiyini düşünürlər. 

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl FETÖ-nün Azərbaycanda terror təşkilatı kimi tanınmadığını qeyd etdi: "FETÖ adlanan təşkilatın daxilində gülənçilər, nurçular var idi. Əgər onların əməlində konkret cinayət tərkibi varsa, nədən ibarət olduğu öncəliklə açıqlanmalıdır. Həbs edilən şəxslərin nə işlə məşğul olduqları deyilməlidir. Konkret dövlətə qarşımı çıxıblar, yaxud konstitusion quruluşu dəyişməkmi istəyiblər, hansısa bir cinayətin törədilməsində təşkil olunan plandamı iştirak ediblər? Bütün bunların hamısı söylənməlidir. Bu şəxslərin cinayəti varsa, izah edilməlidir. Bütün bunların hamısı mən və ictimaiyyət üçün qaranlıqdır. Əgər profilaktik tədbirlər görülürsə, burada həbs-qətimkan tədbirindən söhbət gedə bilməz. Çünki həbs-qətimkan tədbiri seçilirsə, konkret cinayətdə şübhəli bilinirlər. Ona görə də istərdik ki, bunlara aydınlıq gətirilsin”.

Ekspert Türkiyədə bu istiqamətdə proseslərin səngiməsinin Azərbaycana təsir etdiyi qənaətindədir:"Əməliyyatların Azərbaycanda səngiməsinə səbəb Türkiyə təsiridir. İki il bundan əvvəl də belə bir vəziyyət yaranmışdı. Amma o zaman belə hallar olmamışdı. 15 iyuldan sonra tamam  başqa situasiyadır. Sanki Türkiyənin xətrinə dəyməmək üçün nəsə etməyə çalışırlar. Türkiyədə baş verənləri dövlət çevrilişi ilə bağlayıb 32 min adam həbs edirlər, amma Azərbaycanda belə hallar yoxdur. Ona görə deyirəm ki, həbs edirlərsə, səbəblərini açıqlasınlar. Onların əməllərini bizlərə desinlər, biz də bilək”.

Siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, Türkiyədə FETÖ ilə bağlı əməliyyatlar Azərbaycana da ciddi təsir edib: "Universitetlərdə yerdəyişmələr, həbslər və müxtəlif əməliyyatlar həyata keçirildi. Düşünürəm ki, bunu tək FETÖ adı ilə bağlamaq düzgün olmazdı. Bunu radikal və digər qrupların dini təhdidinin zərərsizləşdirilməsi kimi qəbul etmək lazımdır. Nə qədər təhdidlər varsa, düşünürəm ki, belə əməliyyatlar davam edəcək və etməlidir də. Əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Üzə çıxan hər hansı bir fakt olsa, əməliyyatların davam etdirilməsi zərurəti yaranacaq. Bu gün desək ki, bu məsələlər bitdi, bu inandırıcı görünməz. Türkiyədə dövlət çevrilişinə cəhddə adı keçənlər, bu proseslərdə iştirak edənlər mütəmadi olaraq istintaqa cəlb olunurlar. Dindiriləndən  sonra onlarla bağlı ya həbs, ya da digər tədbirlər həyata keçirilir. Eyni situasiya düşünürəm ki, Azərbaycanda da olacaq”.

Baş Prokurorluğun məsələ ilə bağlı mövqeyini almağa çalışsaq da, bu mümkün olmadı.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]