Siyasət

Referendum layihəsinə orijinal şərhlər...

28-08-2016, 19:23
Referendum layihəsinə orijinal şərhlər...
Konstitusiyamıza əlavələr və dəyişikliklər haqqında referendumun keçirilməsinə 1 aydan az müddət qalıb. Bu sahədə bəzi şərhlər olub. Mən də bu proseslərdə iştirak etmək qərarına gəldim. Respublikanın bütün ərazisində seçkiləri müşahidəçi kimi qeydiyyatdan keçdim. Yaxın zamanda digər tərəfdarlarım da qeydiyyatdan keçəcək. 

Bu məqalədə ictimai-siyasi proseslərdə fəal şəkildə iştirak edən, 100-lərlə təkliflərin müəllifi olaraq Konstitusiyamızın hamını maraqlandıran dəyişiklikləri haqqında orijinal şərhlərimi bildirirəm: 

VI. "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”
Bu dəyişiklik zamanında verilib. Azərbaycanın meşələri, dəniz kənarındakı 100 hektarlarla torpaq sahələri, digər 100 hektarlarla gözəl torpaqlar oliqarxlar və digər "nüfuz sahibləri" tərəfindən qəpik-quruş ödəməklə və ya zorakılıqla özəlləşdirilib və çəpərlənib. İş o yerə çatıb ki, Xəzər dənizinin sahillərinə insanlar həsrət qalıb.  Konstitusiyanın qəbul ediləcək yeni maddəsi süni şəkildə yaradılmış saxta mülkiyyət hüquqlarını məhdudlaşdırmağa imkan verən və sosial ədaləti bərqərar edən yeni qanunların yaranmasına yol açacaq. 

12. 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”.
Bu dəyişiklik dövlət çevrilişinə cəhdlərin qarşısının permanent şəkildə alınmasına imkan verəcək. 

13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:
"II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir.”.
Bu əlavə qeyri-qanuni sahibkarlıq fəaliyyətinə, qeyri-qanuni özəlləşdirməyə imkan verilməsinə qadağa qoyan qanunların yaradılmasına imkan verəcək. 

15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
"Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;
 "I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;
"IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”
Həyatımızın bütün sahələrində tabeçiliyində olan insanları təhqir etməyi, onların ləyaqətini alçatmağı özünə bir şərəf bilən məmurlar var. Vəzifə səlahiyyətlərinin aşılması halları isə hər addımda müşahidə olunur. Konstitusiyamıza "Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ" adlı maddənin əlavə edilməsi bu sahədə yeni qanunların qəbuluna imkan yaradacaq. 

17. 85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan” sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin. 
Bu maddə seçmə hüququ olanlarla seçilmək hüququ olanların yaşca bərabərləşdirilməsini nəzərdə tutduğundan xüsusi istedada malik olan gənclərin dövlət işlərində aktiv fəaliyyətinə imkan yaradacaq. 

19. Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilsin:
"Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması
Əvvəlki Konstitusiyalarımızda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması maddəsi olmayıb. Belə bir maddənin olmaması Azərbaycan Respublikasının Prezidenti ilə Azərbaycan Milli Məclisinin səlahiyyət və hüquqlarının bərabərləşdirirdi. 2 səbəbə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət və hüquqları Azərbaycan Milli Məclisinin hüquqlarından üstün olmalıdır. 
1. Qanunverici hakimiyyətdə 125 deputat Azərbaycan Respublikasının bütöv əhalisini əhatə etsə də sadə hesablamaya görə 1 deputat Azərbaycan Respublikası əhalisinin 125-də birini təmsil edir. İlk baxışda belə təsəvvür yaranır ki, 125 deputatın birgə səlahiyyətləri cəmi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə bərabər olmalıdır. Əslində isə belə deyil. Yəni bütün deputatların səlahiyyətləri cəmi sadə toplama qanununa tabe deyil. Çünki deputatların səlahiyyət hədləri məhdud sahələri əhatə edir və onların səlahiyyətlərinin ümumi cəmi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərindən 100 dəfələrlə aşağıdır.       

2. Azərbaycan Prezident Respublikasıdır. Ona görə də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Milli Məclisinin səlahiyyətlərindən 100 dəfələrlə çox olmalıdır. 
Göstərdiyim bu iki səbəbə görə səlahiyyətləri 100 dəfələrlə Milli Məclisin səlahiyyətlərindən böyük olan Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Milli Məclisini buraxmaq səlahiyyətlərinin verilməsi tamamilə düzgündür. 

Haşiyə olaraq, qeyd etməliyəm ki, Milli Məclisin buraxılma səbəbi haqqında mən də təkliflə çıxış etmişdım və demişdim ki, "Prezident qanunların icrasına nəzarət edə bilməyən parlamenti buraxmalıdır." Təklifim keçmədi. Bütövlükdə Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsini isə doğru hesab edirəm. Əminəm ki, mənim təklifim də gələn referendumlarda qəbul edilə bilər. Bunu ölkəmizin inkişafı tələb edir. 

21. 101-ci maddənin I hissəsində "5” rəqəmi "7” rəqəmi ilə əvəz edilsin. 
Bu maddə əvvəlki Konstitusiyamızdakından ciddi şəkildə fərqlənmir. Azərbaycan reallıqları və müasir dünyamızda ciddi axtarışların getdiyi bir zamanda prezidentlik müddətinin 5 ildən 7 ilə qədər uzadılması Azərbaycanın qalxınmasını, inkişafını, əhalinin rifah halının yüksəlməsini istəyən prezidentin varlığı dövründə müsbət rol oynaya bilər. 

Yuxarıda göstərilənlərdən başqa Azərbaycan Respublikasının vitse- prezidentləri haqqındakı maddələr ölkəmizin qərb yönümlü istiqamətləri də nəzərə alması, idarəetmənin çevikliyi mexanizmlərinin yaradılması deməkdir.  

Son olaraq qeyd etməliyəm ki, referendum layihəsində Azərbaycanın iqtisadi inkişafına, hüquq sisteminin təkmilləşməsinə, idarəetmə mexanizminin çevikləşməsinə imkan verən çoxsaylı müddəalar var. Əgər Azərbaycan Respublikası Milli Məclisinin deputatları qanunların icrasına nəzarət etsə, məmurlarımız qanunlara riayət etsələr, gələcəkdə təyin olunan vitse-prezidentlər xalqla prezident arasında əlaqə yaratsalar, dövlətimizə xidmət edən təşəbbüskar  insanları qiymətləndirə bilsələr rerefendum xalqımıza və dövlətimizə xeyirli olar!  

Prof.Dr. Qüdrət İsaqov 

Administratorla əlaqə

077 611-55-22

[email protected]