Siyasət

Məmur ordusu təlaş içində: hökumətdə ixtisar və qənaət kabusu dolaşır - təfsilat

12-07-2016, 01:56
Milli valyutanın iki dəfə devalvasiyası, işsizlik, bahalaşma və ən başlıcası neftin ucuzlaşmasından yaranan iqtisadi böhran Azərbaycanda sosial gərginliyi artırıb 

Hökumət bahalaşmanın qarşısını almağı, xərcləri azaltmağı, büdcəyə qənaət etməyi əsas prioritetlər elan edib. Bu istiqamətdə addımlardan biri də dövlət strukturlarının birləşdirilməsi, eyni zamanda şişirdilmiş ştatlarda ixtisarların aparılması oldu. 

Qeyd edək ki, Azərbaycan müstəqillik qazanandan sonra əhalinin işsizlik problemini həll etmək üçün əlavə dövlət təşkilatları yaradıldı, ştatlar süni şəkildə artırıldı. Hətta vəziyyət elə bir həddə çatdı ki, dövlət büdcəsi hesabına məvacib alan işçilərin sayı 1 milyon nəfəri ötdü. Bu isə əmək qabiliyyətli insanların üçdə biri demək idi. İndiyədək ekspertlər struktur islahatlarının aparılmasının vacibliyinə, çevik idarəetmə sisteminin qurulması məsələsinə dəfələrlə toxunsalar da, hökumət bunun üzərindən sükutla keçirdi. Yalnız dövlət gəlirlərin azaldığı bir ərəfədə bu tip islahatlara başlamaqla, əlavə sosial gərginlik yaradıb. Çünki özəl sektorun həmin işsizləri qəbul etmək imkanları məhduddur. Politika.az-a daxil olan məlumata görə yaxın aylarda dövlət strukturlarında kütləvi ixtisarlar və bir neçə qrumların birləşdirilməsinin davam edəcəyi gözlənilir.

Bəzi iddialara görə, Gömrük Komitəsi ləğv edilərək səlahiyyətlərinin bir qisminin "ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir.

Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur. Diasporla İş üzrə Dövlət Komitəsinin XİN-ə birləşdiriləcəyi gözlənilir. Qeyd edək ki, Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanması prosesinə start verib. Bununla bağlı Politika.Az-a daxil olan məlumata görə, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq. Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi. Bundan əlavə, məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması "daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.

Politika.Az-a hökumətə yaxın mənbələrdən o da məlum olub ki, hazırda bütün dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır. Belə ki, bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Məsələn, bir neçə nazirliyin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma idarələri var ki, bunların ləğvi gündəmdədir. Mənzil istismar sahələrinin ləğvi də ilk sıradadır. Bundan başqa, icra hakimiyyətlərinin tikinti idarələrində də ixtisarlar aparılacaq. Mənbə istisna etmir ki, Baş Prokurorluğun, DIN-in, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və Ədliyyə Nazirliyinin tabeliyindəki istintaq idarələri də Rusiyada olduğu kimi vahid İstintaq Komitəsi adı altında birləşdirilsin. Analoji proses Dövlət Neft Şirkətinin (SOCAR) idarələrində bu il daha da sürətlənəcək. Bildirilir ki, SOCAR artıq müəyyən layihələrin maliyyələşdirilməsinə vəsait ayrılmasını dayandırıb.

Aydındır ki, bu ixtisarlar ölkədə sosial gərginliyi artıra, eləcə də hakimiyyət daxilində narazılıqları tətikləyə bilər. Çünki bu ixtisarlar minlərlə insanın işsiz qalması, eləcə də işini itirmiş orta məmur ordusu deməkdir. Məhz bu səbəblərdən hökumət yaxın aylarda işsizliyin ölkədə sosial təlatümlərə gətirib çıxarmaması üçün daha ciddi antiböhran tədbirləri düşünməlidir, ya da neftin qiymətində əhəmiyyətli artım olacağına ümid etmək zorundadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]