İqtisadiyyat

İqtidarın böyük islahat planı: - Bu dövlət qurumları ləğv ediləcək

1-02-2016, 23:57

Xəbər verildiyi kimi, Dünya Bankı Azərbaycan hökuməti ilə kompleks tədbirləri müzakirə edir.

Bu tədbirlərin hökumətin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi, neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı olduğu bildirilir.

Bu haqda Dünya Bankının Azərbaycandakı nümayəndəliyi yanvarın 30-da məlumat yayıb.

Bildirilib ki, Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır.

Göründüyü kimi, Dünya Bankı da danışıqların əsas predmeti kimi, Azərbaycan hakimiyyətinin qarşısında struktur islahatı tələbini səsləndirir.

Qeyd edək ki, son bir aydır ayrı-ayrı deputatlar da bir-birinə yaxın və yaxud bir-birini təkrarlayan dövlət qurumlarının ləğvini və ya birləşdirilməsini qabartmağa başlayıblar. Hətta ölkə prezidenti İlham Əliyev də son müşavirədə belə islahatların anonsunu verib. Bundan başqa, elə ötən həftə Prezident İlham Əliyevin özünə iqtisadi məsələlər üzrə yeni müavin təyin etməsi də, qarşıda böyük struktur islahatına start veriləcəyinin xəbərçisi sayılır.

Bu və ya digər məlumatları Mia.az-a şərh edən məlumatlı şəxs deyir ki, qarşıdakı aylarda Azərbaycanda bir çox nazirlik, komitə və ya xidmətlərin birləşdirilməsi həyata keçiriləcək:

«Məsələn, Dövlət Sosial Müdafiə Fondurun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Maliyyə Nazirliyinə, «Meliorasiya və Su Təsərrüfatı» ASC Kənd Təsərrüfatı Nazirliyinə, Diasporla iş üzrə Komitənin Xarici İşlər Nazirliyinə birləşdirilməsi hər an gerçəkləşdirilə bilər. Daha sonrakı aylarda isə Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin, o cümlədən Energetika Nazirliyi, «Azərenerji» ASC və SOCAR-ın da bir «bayraq» altında birləşdirilməsi gündəmə gətirilə bilər. Düşünürəm ki, Azrbaycan iqtidarı büdcəyə ciddi qənaət etmək üçün hökumətə daxil olan qurumların sayını 17-18-ə qədər düşürəcək».

Müsahibimiz deyir ki, bu islahatlar ortaya yeni problemlər də çıxaracaq: «Sözsüz ki, bu islahatlar xeyli kadrların işsız qalmasına səbəb olacaq ki, bu da başqa bir sıxıntı deməkdir. Məncə, höküməti islahatlardan çəkindirən ən əsas məqam da elə budur. Hökumət ideoloqları hesab edir ki, cəmiyyətin aktiv təbəqəsi olan həmin məmurlar illərlə topladıqları vəsaiti və təcrübəni hakimiyyətə qarşı narazılıqların böyüməsinə yönəldə bilər. Ona görə də iqtidar maksimum şəkildə bu prosesi ağrısız həyata keçirməyə çalışır. Buna nə dərəcə nail olacaqlarını isə, təbii ki, zaman göstərəcək».

Administratorla əlaqə

077 611-55-22

[email protected]