“Prezidentin çıxışı bu qurumlara ciddi çağırışdır”
Dövlət başçısının ixtisarların yolverilməzliyi barədə səsləndirdiyi fikirlər dövlət qurumları və özəl şirkətlər üçün çox ciddi bir çağırışdır.
Bu barədə millət vəkili Aydın Mirzəzadə Axar.az-a açıqlamasında deyib. Deputat Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqini şərh edib:
"Ölkə rəhbəri dünənki müşavirədə çox aktual məsələlərə toxunub. Birincisi, regionların sosial iqtisadi inkişafı, ikincisi, dünyada gedən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatı və əhalisinin sosial vəziyyətinin qorunması. Manatın məcburi devalvasiyası və bundan sonra müəyyən qiymət artımı bu gün cəmiyyətdə ən ağrılı məsələlərdən biri hesab edilir. Hökumət bununla bağlı müəyyən tədbirlər görür, cəmiyyət vaxtaşırı məlumatlandırılır. Əmək haqqı və pensiyaların artırılması, yerli istehsalda qiymət artımına qarşı, eyni zamanda, əhalinin sosial durumunun pisləşməməsi üçün ciddi tədbirlərin görülməsi məhz bu qəbildəndir. Dövlət başçısının ixtisarların yolverilməzliyi barədə səsləndirdiyi fikirlər dövlət qurumları və özəl şirkətlər üçün çox ciddi çağırışdır. Prezidentin 2015-2016-cı ilin inqilabi islahatlar ili olacağına dair çıxışları artıq konkret əməllərə söykənir. Paralel dövlət qurumlarının ləğv edilməsi, qənaət rejiminə keçid, sahibkarlığın inkişafına göstərilən dəstək bunun bariz nümunəsidir. Hesab edirəm ki, ümumilikdə dünənki konfrans da məhz Azərbaycanda iqtisadi artımın baş verməsinə yönəlib, bu da iqtisadi böhranın dərinləşməməsi üçün çox böyük bir başlanğıc olacaq”.