Siyasət

İDMANÇI NECƏ İCRA BAŞÇISI OLDU? - VƏ YA "KOLXOZÇU DA DEPUTAT KİMİ DANIŞIR..."

22-05-2016, 22:39
İDMANÇI NECƏ İCRA BAŞÇISI OLDU? - VƏ YA "KOLXOZÇU DA DEPUTAT KİMİ DANIŞIR..."Kəlbəcərin icra başçısı Adil Məmmədovla bağlı vaxtaşrı maraqlı məlumatlar gündəmə gəlir. 

2013-cü ilin mart ayının 4-də prezidentin sərəncamı ilə Kəlbəcər rayonuna (Hazırda rayon erməni işğalı altındadır) icra başçısı təyin olunan Aqil Məmmədovun maraqlı həyat yolu olub. 

 Xeberman.com Arqument.Az-a istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, Aqil Məmmədovun rayon İcra hakimiyyətinin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında da bu məlumatlar əksini tapıb. 

İcra Hakimiyyətinin rəsmi saytında yazılır: 

"Aqil Məmmədov haqqında qısa məlumat...

Aqil Məmmədov 01 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olmuşdur. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı "Ağdaban" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu "Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləmişdir.

2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında çalışır. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışmış, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləmişdir. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir". 

Qeyd edək ki, bu icra hakimiyyəti başçısı haqqında "qısa məlumat"dır. Əgər Aqil Məmmədov haqqında "geniş məlumat" yayılsa, yəqin ki, kolxozçu kimi əmək fəaliyyətinə başlayan icrabaşçısının kolxozda hansı işi gördüyü, Sovet dövründə necə "plan" verdiyi də əksini tapacaqdı. Maraqlı isə odur ki, Azərbaycanda bir çox icra başçıları məhz bu cür gülməli avtobioqrafiya ilə gündəmə gəliblər. Lap məşhur "Əhməd haradadır?" filmində yoldaş Zülümovun fikri yada düşür: "Pay atonna, kolxozçu da deputat kimi danışır, işe bir bax aaaa".

Bəli, artıq kolxozçunun deputat kimi danışdığı, deputatın isə susduğu və ya "düymə" ilə "işlədiyi" bir dövrdə yaşayırıq. Yəni mütləq danışması üçün kimsə "düymə"ni basmalıdır. Milli Məclisdə "lal deputatlar" ifadəsi də təsadüfi yaranmayıb. Nə isə mövzudan uzaqlaşmayaq. 

O ki qaldı cənab Məmmədovun idmançı-məşqçi olmasına, bu da Azərbaycan reallığında təsadüfi hal deyil. Belə ki, əvvəllər Yardımlı, Lənkəran rayonlarında, indi isə Bakının Qaradağ rayonunda icra başısı kimi fəaliyyət göstərən və zaman-zaman işçilərini döymək iddiası ilə gündəmə gələn Süleyman Mikayılov da bu qəbildən olan icra başçılarındandır. Yəni cənab Məmmədov bu sarıdan da tək deyil. Amma insafən, digərlərindən bir fərqi var: o həm də kolxozçudur... 

Tanrı Azərbaycanı qorusun!

Administratorla əlaqə

077 611-55-22

[email protected]