Media

5 quruşa satılanlara Kəlbəcərin icra başçısından ultimatum

25-04-2016, 17:03
5 quruşa satılanlara Kəlbəcərin icra başçısından ultimatum

Məlum olduğu kimi, bəzi saytlarda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun qızının guya Amerikada təşkil etdiyi ziyafət zamanı dostlarına "dollar qonaqlığı” verməsi ilə bağlı məlumatlar yer alıb. Moderator.az -ın əməkdaşı məsələ ilə bağlı Kəlbəcərin icra başçısı Aqil Məmmədovla əlaqə saxlayıb.

A.Məmmədov saytımıza açıqlamasında bəzi media orqanlarında yer alan məlum informasiya ilə bağlı təəssüf hissi keçirdiyini və bunun sadəcə qanunlara deyil, milli-mənəvi dəyərlərə də zidd olduğunu vurğuladı:
"Bu cür şər və böhtanın mətbuatda tirajlanmasından təəssüf hissi keçirirəm. Yoxlanılmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, onların mənəviyyatına toxunan xəbərləri tirajlanması yolverilməzdir və istər hüquqi, istərsə də milli-mənəvi dəyərlərimizlə təzad təşkil edir.
Hər kəsə məlumdur ki, Azərbaycan xalqının özünəməxsus mental dəyərləri, milli-mənəvi xüsusiyyətləri var. Hansı ki, bu dəyərlər ailə məsələlərində həssas olmağı, qadın faktoruna hörmət və ehtiram bəsləməyi tələb edir. Azərbaycanda hər zaman kimliyindən asılı olmayaraq hər hansı insanın ailə məsələlərinə müdaxilə etmək, ailədəki xanımların adını hansısa neqativ olayda hallandırmaq mərdliyə, kişiliyə yaraşmayan, qurşaqdan aşağı endirilən zərbə kimi dəyərləndirilib, qəbahət hesab olunub. Azərbaycanda ən qatı, ən barışmaz düşmənlər belə bir-birlərinə qarşı mübarizədə qadın amilindən istifadə etməyib, əksinə dar məqamda öz ailələrini düşmənlərinin mərdliyinə, Azərbaycan toplumunda minilliklər ərzində formalaşan ali mənəvi dəyərlərə etibar ediblər. Çar Rusiyasının işğalı zamanı yüzlərlə insanın öz ailəsini düşmən hesab etdikləri şəxslərin mərdliyinə etibar edərək ölkəni tərk etməsi və ya işğalçılara qarşı mübarizəyə qoşulması buna nümunədir. Azərbaycan tarixində, ədəbiyyatında da bu cür nümunələrin sayı yetərincədir. Lakin son olaylar göstərdi ki, medianın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində ciddi uğurlaırn olmasına baxmayaraq, hələ də öz şərəf və ləyaqəti heçə sayan, milli-mənəvi dəyərlərimizi gözardı edən ünsürlər də var. Hansı ki, onlar 5 quruşa satılmağa, günahsız insanları şərləməyə, onların ictimai nüfuzuna zərbə vurmağa hazırdırlar.
Təbii ki, biz bu məsələdə yalnız öz təəssüfümüzü ifadə etməklə kifayətlənməyəcəyik. Mən fürsətdən istifadə edərək həmin media orqanlarına müraciət edirəm. Bildirirəm ki, əgər bu cür yalan və böhtan xarakterli yazılar tirajlayan saytlar gün ərzində həmin informasiyaları öz saytlarından çıxartmasalar, o zaman məhkəməyə müraciət etmək, həmin saytları hüquq müstəvisində cəzalandırmaq məcburiyyəti qarşısında qalacağıq”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]