Siyasət

Partiya sədrləri siyasi məhbusların azad olunmasını dəyərləndirdilər

17-03-2016, 18:04
Arif Hacılı: "Bayram ərəfəsində belə bir hadisənin baş verməsi bütünlüklə Azərbaycanda ciddi qarşılanacaq”

Pənah Hüseyn: "Bir qrup siyasi məhbusun azadlığa çıxması sevindiricidir”

İqbal Ağazadə: "Hər halda digərlərinin azad olunması humanist addımdır”

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında bəzi siyasi məhbusların adları da yer alıb. 

Əfv sərəncamında Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov da adları var.

Siyasi məhbusların azadlığa buraxılması ilə bağlı müxalif partiya rəhbərlərinin mövqeyini öyrəndik. 

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, Novruz bayramı ərəfəsində belə bir əfv sərəncamının imzalanması müsbət haldır: "Bu, təbii ki, ilk növbədə günahsız olaraq həbsdə yatan insanlar, eyni zamanda onların ailələri üçün bayram hədiyyəsidir. Bayram ərəfəsində belə bir hadisənin baş verməsi bütünlüklə Azərbaycanda ciddi qarşılanacaq. Hesab edirəm ki, siyasi məhbusların azadlığa buraxılması yalnız onların ailələri, yaxınları, təmsil etdikləri təşkilatlar üçün yox, bütövlükdə Azərbaycan cəmiyyəti üçün önəmli bir hadisədir. İstərdik ki, bütövlükdə ölkədə siyasi məhbus problemi birdəfəlik həll olunsun. Həm siyasi məhbuslar azadlığa çıxsın, eyni zamanda siyasi motivlərlə həbslərə son qoyulsun. 

Bu gün Müsavat Partiyası başqanının iki müavini də azadlığa çıxdı. Eyni zamanda Müsavat Partiyasının fəalları Sirac Kərimli və Taleh Xasməmmədov da azadlığa çıxıb. Eyni zamanda Nida Vətəndaş Hərəkatının nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər, digər partiyaların nümayəndələrinin azadlığa çıxması Azərbaycan üçün önəmli hadisədir. Biz yəqin ki, yaxın günlərdə siyasi məhbuslarla və onların ailələri ilə görüşüb, onlara bu bayram ərəfəsində göz aydınlığı verəcəyik. Hakimiyyətdən isə istəyimiz ondan ibarətdir ki, ölkədə siyasi məhbus problemini bütövlükdə həll etsin”.
 
AXP sədri Pənah Hüseyn bir qrup siyasi məhbusun azadlığa çıxmasının sevindirici hadisə olduğunu bildirdi: "Bu, sevindiricidir. Siyasi məhbus siyahısında olan digər şəxslərin həbsdə qalması isə əlbəttə ki, məyusluq yaradır. Allah onların da qapısını açsın”.

Ümid Partiyasının sədri İqbal Ağazadə prezidentin siyasi məhbusları azad etməsini pozitiv hadisə hesab etdiyini dedi: "Amma Xədicə İsmayılovanın və İlqar Məmmədovun azad olunmaması bir qədər üzücüdür. Hətta Tofiq Yaqublu ilə İlqar Məmmədov eyni məsələ üzrə həbs olunsalar da, birinin içəridə qalması üzücüdür. Ancaq hər halda digərlərinin azad olunması humanist addımdır. Allah qalanların da qapısını açsın”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]