Siyasət
Əfvə düşən məşhur dustaqlar gecə ilə evlərinə buraxılır (FOTOLAR)
18-03-2016, 00:51
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.
Musavat.com xəbər verir ki, ilk olaraq müsavatçı gənc Sirac Kərimli azadlığa buraxılıb. Hazırda S.Kərimli evindədir.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov və Ömər Məmmədov da azadlığa çıxıb.
Rəsul Cəfərov da azadlıqdadır.
Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.
Əfv sərəncamında bəzi tanınmış şəxslərin də adları var. Bunlar Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovdur.
Bundan başqa, əfv siyahısında 13 əcnəbinin də adı var.