Siyasət

Məzahir Pənahovun dostu vəzifədən getdi, bəs özü..?

11-03-2016, 00:53

Vladimir Çurov Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun yaxın dostu hesab olunurdu.

Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyası üzvlərinin təyin edilməsi haqqında fərman imzalayıb. Sərəncama əsasən, Vasili Lixaçov, Ella Panfilova, Aleksandr Kinev, Boris Ebzeyev və Yevgeni Şevçenko Rusiya Mərkəzi Seçki Komissiyasının üzvləri təyin ediliblər. 

Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun adı isə siyahıya salınmayıb. Vladimir Çurov Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun yaxın dostu hesab olunurdu.

Elə ölkəmizdə də MSK-nın fəaliyyətində durğunluq müşahidə olunur. Belə ki, ötən ilin parlament seçkilərindən sonra buraxılan MSK hələ də yenidən formalaşmayıb. Lakin mövcud qanunvericiliyə görə, parlament seçkilərindən sonra Mərkəzi Seçki Komisiyası da yenidən formalaşmalıdır. Bu proses hələ də gecikir. Prosesin gecikməsi, ictimaiyyətdə Məzahir Pənahovun da vəzifəsindən azad ediləcəyi fikrini yaradıb. 

Deputat Fazil Mustafa musavat.com-a bildirib ki, MSK-nın formalaşması ilə bağlı hələ də bir xəbər ala bilməyiblər: «Formalaşma prosesi başa çatmayıb. Bizdə də bununla bağlı məlumat yoxdur. Müraciət etmişik, ancaq səbəbi barəsində məlumat verilməyib. Yəqin ki, hansısa sənədləşmə işləri aparılır, nələrsə aydınlaşmayıb».

MSK-nın mətbuat xidmətindən də bu məsələ ilə bağlı konkret cavab ala bilmədik. Onlar da bildirdilər ki, MSK-nın nə zaman formalaşacağı hələlik bəlli deyil. Seçki Məcəlləsinə görə isə, MSK-nın səlahiyyət müddəti 5 ildir.

MSK-nın 2015-ci il seçkilərinə qədər olan tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb və həmin tərkib 18 üzvdən ibarətdir. Bu tərkibə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxil idi.

Ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olduğu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçilib. Bu isə növbəti illərdə Akif Qurbanovun MSK-da təmsil olunmayacağını göstərir. 

Lakin Milli Məclisdə yer qazanmış siyasi partiyalardan bəziləri MSK üzvlüyünə məhz A.Qurbanovun namizədliyini irəli sürərsə, o, yenidən MSK üzvü ola bilər. Eyni zamanda həmin seçkilərdən sonra Vəhdət Partiyasının sədri Tahir Kərimli və Azərbaycan Demokratik Maarifçilik Partiyası sədri Elşən Musayev də parlamentdə deputat kimi təmsil olunurlar. Bu isə həmin partiyaların üzvlərinin də MSK-da təmsil oluna biləcəyini istisna etmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]