Ölkə

Mühafizə polisinin əməkdaşı vətəndaşlara sələmə pul verir? – ŞİKAYƏT

14-11-2016, 00:38
Mühafizə polisinin əməkdaşı vətəndaşlara sələmə pul verir? – ŞİKAYƏTSüleyman Rəfiyevin indiyədək DİN-ə etdiyi 14 müraciətinin ətraflı araşdırması aparılıbmı? 


"Hikmət Bağırov mənə sələmə pul verdi, sonra da şərləyib tutdurdu”   

Bu günlərdə Legion İnformasiya Agentliyinə taksi sürücüsü, Bakı şəhəri Yasamal rayon sakini Süleyman Soltan oğlu Rəfiyev müraciət edib. O bildirdi ki, 2014-cü ildə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin yaxınlığındakı mağazalardan birində satıcı işləyərkən, sözügedən məhkəmədə mühafizəçi işləyən Hikmət Bağırovla tanış olub. "2014-cü ilin yanvar ayında övladıma toy etmək üçün, bir neçə nəfərə müraciət edib borc istəmişdim, amma mənə lazım olan vəsaiti toplaya bilmirdim. Həmin vaxt normal tanışlıq münasibətlərimiz olan Hikmət Bağırov mənə dörd min manat sələmə pul verməyi təklif etdi. Mənə təcili pul lazım olduğuna görə, razılaşmalı oldum. Hikmət Bağırovun şərtinə görə, ona hər ay 10 faiz, yəni, 400 manat pul verməli idim. Səkkiz ay ərzində hər ay 400 manat olmaqla, ona 3200 manat və üstəgəl "ana pul”dan 1800 manat da pul verdim. Sonrakı aylarda imkanım çatmadığına görə, Hikmət Bağırovdan sələm faizini dayandırmağı xahiş etdim. Lakin o, məndən hər ay faiz tələb etməyə başladı.  Hikmət Bağırov davamlı olaraq mənə təhdidlər edir, tutdurmaqla və "başıma min cür oyunlar açmaqla” hədələyirdi. 2016-cı ilin aprel-may aylarında dəfələrlə mənə təzyiq göstərərək, evimi onun adına keçirməyimi və onunla notariusa getməyimi tələb etdi. Mən onun təzyiq və təhdidlərindən təngə gələrək, 102-yə şikayət etdim. 

  Ondan sonra, Hikmət Bağırov dərhal qardaşı Aqil Bağırovun adından Nəsimi Rayon Polis İdarəsinə şikayət etdi. Guya mən ondan 15 min dollar pul alaraq, Gürcüstandan avtomobil gətirəcəyimi bildirmişəm. Halbuki, belə söhbət olmayıb və hazırda sürdüyüm "Kia Rio” markalı avtomobili başqa bir tanışım "VTB Bank”dan kreditlə alıb və ona hər ay pul ödəyirəm. İstintaqı Nəsimi RPİ-nin müstəntiqi Maral Əliyeva aparırdı. Onlar mənə təzyiqlər göstərdilər və hətta 48 saat həbs də etdirdilər. Mən dəfələrlə DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevə, eləcə də Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyevə müraciət edərək, polis adına ləkə gətirən, sələmçiliklə məşğul olub insanlara təzyiq edən Hikmət Bağırov barəsində ölçü götürməyi xahiş etdim. Lakin onlar mənim şikayətimi Nəsimi RPİ-yə göndərdilər. Ondan sonra keçən altı ay ərzində şikayətlərimin araşdırılıb-araşdırılmaması haqqında heç bir məlumat ala bilmirəm. Bildiyim odur ki, Hikmət Bağırov barəsində hələ də bir tədbir görülməyib”, - deyə S.Rəfiyev bildirdi.     Biz məsələyə aydınlıq gətirmək məqsədilə, Bakı Ağır Cinayətlər Məhkəməsinə zəng etdik, lakin ordan bildirdilər ki, Hikmət Bağırov indi başqa yerdə işləyir. DİN-in Nəsimi Rayon Mühafizə İdarəsinin Kadrlar Şöbəsinə zəng etdik. Şöbədən ad-soyadını bildirməyən əməkdaş Legion.az-a dedi ki, Hikmət Bağırova özü bu haqda məlumat verəcək: "Onun nömrəsini sizə verə bilmərəm. Amma siz əlaqə telefonunuzu verin, ona deyərəm, sizə zəng edər”. Təəssüf ki, gün ərzində Hikmət Bağırovun zənginə "həsrət” qaldıq. Biz DİN-in Daxili Təhqiqatlar İdarəsinin katibliyinə zəng etdik, özünü təqdim etməyən xanım əməkdaş sorğumuz əsasında araşdırma apararaq bildirdi ki, məlumat bazasında Süleyman Soltan oğlu Rəfiyevin heç bir şikayətinə rast gəlinmədi.   Lakin DİN mətbuat xidmətindən öyrəndik ki, Süleyman Rəfiyev son bir il ərzində 9 dəfə, ümumilikdə isə 14 dəfə DİN-ə məktubla müraciət edib. S.Rəfiyevin sonuncu müraciətinin isə bu il 7 noyabrda edildiyini öyrəndik. Həmçinin, əldə etdiyimiz məlumata görə, onun 001-29700/3R-3116 nömrəli, 26 iyun 2016-cı il tarixli müraciəti hazırda DİN-in Baş İstintaq və Təhqiqatlar İdarəsində icraatdadır. DİN-in Baş İstintaq və Təhqiqatlar İdarəsinin dəftərxanasından isə Legion.Az-a bildirdilər ki, S.Rəfiyevin Hikmət Bağırovla bağlı şikayəti müstəntiq Səbuhi Qasımovun icraatındadır. "Səbuhi Qasımov hazırda ezamiyyətdədir, bazar ertəsi zəng etsəniz, onunla danışıb məlumat ala bilərsiniz”, - deyə xanım əməkdaş qeyd etdi. Nəsimi RPİ-nin müstəntiqi Maral Əliyeva isə Legion.az-a danışmaqdan imtina etdi: "Mən sizə istintaq araşdırması ilə bağlı heç bir məlumat verə bilmərəm. DİN-in mətbuat xidmətinə zəng edin”.   "Maral xanım, son altı ayda Süleyman Rəfiyev istintaqla və şikayətləriylə bağlı heç bir məlumat ala bilmir. Bu işə xitam verilib, yoxsa, hələ icraatdadır?”- deyə maraqlandıq. "Sizə dedim axı, heç bir məlumat verə bilmərəm”, - deyən M.Əliyeva dəstəyi asdı. Bizə də maraqlı gəldi, görəsən, Süleyman Rəfiyevin indiyədək DİN-ə etdiyi 14 müraciətinin ətraflı araşdırması aparılıbmı? Əgər aparılıbsa, bu şikayətə nə kimi hüquqi qiymət verilməsi barədə mətbuat da məlumatlana biləcəkmi? Hələlik, bu suallarımız cavabsız qalıb... Araşdırma davam edir.         
  Rüfət Əhmədzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]