Ölkə

“Mağazanı bir neçə dəqiqəyə söküb qoydular yerə”

12-09-2016, 18:08

“Mağazanı bir neçə dəqiqəyə söküb qoydular yerə”«2 ildir qanuni dükanımı abadlıq adı ilə söküblər. Gətirib yerinə zibil qutuları qoyublar. 2 ildir dükanımın yeri zibilliyə çevrilib».

SƏNƏDƏ BAXAN TAPILMAYIB

Neftçala rayon sakini Camal Abdullayev Azadlıq Radiosuna vaxtilə sahibi olduğu «Universal» qarışıq mallar mağazasının taleyindən söz açır.

Camal Abdullayev mağazanı 11 il əvvəl bütün sənəd-sübutu ilə işə salıb. Bir tərəfində ərzaq, bir tərəfində qarışıq mallar satılırmış. 2014-cü ilin oktyabrında rayon icra hakimiyyətindən xəbərdarlıq gəlib ki, mağaza söküləcək. O da mağazaya məxsus bütün sənədlərini götürərək quruma üz tutub. Ancaq nə sənədə baxan, nə də onu dinləyən tapılıb: «Dedilər, «get, mağazanı öz xoşunla boşalt». Dedim, «axı əlimdə daşdan keçən sənədim var, mülkiyyətimdir. Kompensasiya ödənilmədən, mənimlə razılaşdırılmadan mülkümü necə sökə bilərsiz?»».

BİR NEÇƏ DƏQİQƏYƏ YERLƏ-YEKSAN EDİBLƏR

Ancaq sökə biliblər. İcra hakimiyyətinin fəhlələri və bir neçə işçisi mağazanın qarşısına gələrək Camal Abdullayevə 1 saat möhlət veriblər ki, obyekti boşaltsın. Mağaza sahibi də 1 saata əlinə keçənləri çölə daşıyıb. Buldozer işə düşüb, deyir, illərlə əziyyətlə yaratdığı mağaza bir neçə dəqiqədən sonra yerlə-yeksan olub.

Sahibkar bir neçə gündən sonra mağazanın yerində zibil qutularını görəndə, özü demiş, «cızdağı çıxıb»: «O boyda mağazamı sökəndən sonra baxıram ki, nə abadlıq, nə filan… Gətirib mağazanın yerinə zibil qutuları qoyublar. Mənə də deyirlər, «get, başçının tikdirib istifadəyə verdiyi ticarət mərkəzində yer götür, alverini elə». Başa düşdüm ki, abadlıq bəhanə idi, sahibkarların çoxunun başına bu oyunu gətirdilər ki, məcbur qalıb başçının ticarət mərkəzindən yer götürsünlər».

«GET, VER MƏHKƏMƏYƏ»

Sahibkarın mağazadan gündəlik gəliri 20 manat olub. İndi o, başçıdan 2 ildə itirdiyi mənfəətini və sökülmüş mağazaya görə kompensasiyasını tələb edir.

Neftçala rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sahibkar tələbini məhkəməyə təqdim edə bilər: «Əvvəllər də ona bildirilib ki, «nə narazılığın varsa, buyur, məhkəməyə ver»».

Sahibkarsa məhkəmələrə inanmır. Deyir, əgər bir qurum 2 ildir ona arxayıncasına «get, ver məhkəməyə» deyirsə, deməli, o məhkəmə artıq həmin qurum tərəfindən ələ alınıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]