Ölkə

Fəlsəfə elmləri doktorunun evini bu hala saldılar - "Bizi öldürsələr, başçı bunun cavabını verəcək?"

12-05-2016, 10:49

 "Başçı deyir, paltarını, sənədini götür, çıx”.


Fəlsəfə elmləri doktorunun evini bu hala saldılar - "Bizi öldürsələr, başçı bunun cavabını verəcək?"
"Deyirəm, "işıq ver, yığışım gedim. Demirəm ki, köçmürəm, köçürəm, ancaq mənə vaxt ver, ev axtarım.

Anam əlildir, bu qədər əşyanı bir günün içində yığışdırıb gedə bilmərəm”. Deyir, "paltarlarını, sənədlərini götür, çıx””.

Azərbaycan Milli Konservatoriyasının dosenti, fəlsəfə elmləri doktoru Kəmalə Şəfiyeva çıxılmaz duruma düşüb.

AzadlıqRadiosuna danışır ki, bu il aprelin 13-də Mirzağa Əliyev küçəsi, dalan 4, ev 3 ünvanına gələn icra hakimiyyətinin başçısı evin sökülməsi əmrini verib.

Buldozerlər işə düşüb. Mənzilin mətbəxi əşyalarıyla dağıdılıb. Kəmalə Şəfiyevanın anasının göz yaşları, necə deyərlər, başçının ürəyinə rəhm salıb, fəhlələrə "dur” əmri verib. Sonra isə onlara təklif olunan kompensasiya ilə razılaşmağı, təcili mülkü tərk etməyi tapşıraraq çıxıb gedib:

"Mənzilə mətbəx tərəfdən giriş açıq qalıb. Hesab edin ki, küçənin ortasında yatıb dururuq. Sökdükləri yerdən evə oğru girmişdi, səhərə yaxın məni boğurdu. İkinci qrup əlil anam hələ də o hadisənin stresini yaşamaqdadır. İşığı, suyu, qazı kəsiblər. Gecə anamla qucaqlaşıb səhəri qorxa-qorxa gözüaçıq qarşılayırıq. Canımız üçün qorxuruq. Girib evin içərisində bizi öldürsələr, başçı bunun cavabını verəcək? Faktiki, bizi küçənin ortasında qoyub. Məgər prezident bu sərəncamı verəndə məmurlara tapşırır ki, "gedin, insanların həyatı ilə oynayın?” Prezidentə 3 dəfə onlayn müraciət etmişəm, üç dəfə də məktubu əlimlə aparıb Prezident Administrasiyasının qutusuna atmışam, birinə də cavab yoxdur”.
Fəlsəfə elmləri doktorunun evini bu hala saldılar - "Bizi öldürsələr, başçı bunun cavabını verəcək?"

MƏTBƏX XƏBƏRDARLIQ OLARAQ SÖKÜLÜB

Yasamal Rayon İcra Hakimiyyətindən "Qaynar xətt”ə bildiriblər ki, Milli Akademik Dram Teatrının arxa tərəfindəki küçələr yol planına düşüb. Kəmalə Şəfiyevanın da əmlakının kvadratmetri 1500 manatdan hesablanıb. Lakin o, yardımçı sahəyə görə də eyni məbləğdə kompensasiya tələb edir. Dəfələrlə xəbərdarlıq olunsa da, mülkü boşaltmayıb. Ötən ay xəbərdarlıq olaraq mətbəx hissəsi qismən sökülüb.

Kəmalə Şəfiyeva isə deyir, qurumla razılığa gəlməməsinin səbəbi vətəndaşların mülkiyyət hüquqlarına barbarcasına yanaşmadır. Mətbəxdən əvvəl onun başqa əmlakı da xəbərdarlıqsız sökülübmüş:

"Oturmuşam evdə, bir də gəlib mənə deyirlər ki, "Kəmalə xanım, sizin qarajı sökdülər”. Deyirəm, "necə yəni, kimin nə ixtiyarı var sənədli əmlakımı söksün?” Durub getmişəm Qasım İsmayılov küçəsinə, görürəm ki, qaraj içərisindəki əşyalarla birlikdə şumlanıb. Nə bir xəbərdarlıq, nə razılaşma... Düz 1 il icra hakimiyyətinə gedib-gəldim, 40 kvadratmetrlik sahənin yarısının pulunu ala bildim. Ona da kvadratmetrinə 500 manat ödədilər. Dedilər, "ya bunu götür, ya da heç onu da vermirik””.

"YARDIMÇI SAHƏYƏ KOMPENSASİYA DÜŞMÜR”

İkinci oxşar hadisə həyətdəki yardımçı sahənin sökülməsidir. Deməsinə görə, icra hakimiyyətinin işçiləri bir neçə ay əvvəl köçüb getmiş qonşuların evini sökəndə ona məxsus yardımçı sahəni də söküblər. Bildiriblər ki, yardımçı sahəyə kompensasiya düşmür. Sonrakı çəkişmələrdən sonra yardımçı sahənin bir kvadratmetrinə 400 manat təklif olunub.

Və nəhayət, üçüncü hadisə mətbəxinin başına gəlib. 

Kəmalə xanım başını itirib – bilmir bütün bu olanların həyəcanından çıxmayan əlil anasını düşünsün, bilmir işıqsız otaqlarda olan-qalan əşyalarını toplasın, əşyaları daşımağa ünvan soraqlasın, yoxsa Yasamal rayon icra hakimiyyəti ilə kompensasiya qovğasını davam etdirsin. Deyir, adamların başını qəsdən elə qatırlar ki, məhkəmə davası açmağa nə fürsət, nə də hal qalmır.

Hüquqşünas Fuad Hüseynov isə vətəndaşın mülkiyyət hüquqlarını hüquqi müstəviyə çıxarmasını məsləhət görür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]