Ölkə

Qarabağ problemi iyunda həll olunur?- TƏHLİL

27-05-2016, 23:38

Elxan Şahinoğlu: "Almaniya səmimidirsə, Ştaynmayer təcili olaraq regiona səfər etməli, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməlidir”

Qarabağ problemi iyunda həll olunur?- TƏHLİL

Azərbaycan və Ermənistan prezidentlərinin iyun görüşünə sayılı günlər qalıb.

Bundan əvvəl də xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin XİN başçılarının iştirakı ilə keçirilmiş Vyana görüşündə danışıqların iyunda davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Növbəti görüşün yeri və vaxtı hələlik dəqiqləşdirilməyib.

Lakin məhz bu görüşə hazırlıq məqsədi ilə, ATƏT MQ həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub. Amerikalı həmsədr Ceyms Uorlikin APA-ya bildirdiyinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş mayın 31-də Brüsseldə baş tutacaq.

O bildirib ki, həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla isə iyunun 2-də Parisdə görüşəcəklər.

Edvard Nalbandyan isə Ermənistan parlamentinin komissiya iclasında çıxış edərkən bildirib ki, Vyanada nail olunmuş razılıqların həyata keçməsi ilə bağlı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Erməni nazir deyib ki, İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı sənədlər imzalanmayacaq.

Onun sözlərinə görə, danışıqların məqsədi də məhz münaqişənin yeni həll yollarının hazırlanmasıdır.

Qeyd edək ki, mayın 27-də Almaniyanın (ATƏT-ə 2016-cı ildə Almaniya sədrlik edir – red.) Ermənistandakı səfiri Matias Kisler deyib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi rol oynaya bilər.

O xatırladıb ki, Almaniya ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək, ona görə də münaqişənin nizamlanmasında xüsusi və vacib rol oynaya bilər.

Səfir qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Frank Valter Ştaynmayer şəxsən münaqişənin həllində maraqlıdır: "O, problemin həlli istiqamətində fəaliyyət göstərməyə hazırdır və bunun üçün əlindən gələni edəcək”.

Maraqlıdır ki, imzalanmalı sənəd olmadığı və hər hansı sənədin də imzalanması gözlənilmədiyi halda, həmsədrlər XİN başçıları ilə ayrı-ayrılıqda görüşməyə, "nəyisə razılaşdırmağa” çalışırlar.

Görəsən, həmsədrlərin daha konkret təklifləri varmı ki, məhz bu təkliflərin müzakirəsi münaqişənin həlli prosesinə təkan verə bilər? Və yazıda qeyd etdiyimiz kimi, ATƏT-in fəaliyyətdə olan sədri Almaniya problemin həllində fəallıq göstərməyə iddialı görünür. Lakin Almaniya ATƏT MQ-da həmsədr deyil və bunu nəzərə aldıqda, rəsmi Berlinin prosesə təsir imkanları necə dəyərləndirilə bilər?

Bu istiqamətdə Qafqaznews.az-a danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, həmsədrlərin nazirlərlə ayrı-ayrılıqda və Avropa paytaxtlarında görüşməsi "yeni format” kimi nəzərə alına bilər.

"Atlas” rəhbərinin sözlərinə görə, həmsədrlərin nazirlərlə görüş təşəbbüsü məhz prezidentlərin görüşünə gündəlik hazırlamaqla bağlıdır.

"Mümkündür ki, yeni detallar var. Amma anlaşılmazdır ki, əgər yeni təkliflər vardısa, həmsədrlər Bakı və İrəvana səfər də edə bilərdilər. Avropa paytaxtlarında görüşməyə nə lüzum vardı? Həmsədrlər tələsməlidirlər, çünki iyun ayında prezidentlərin görüşü gözlənilir. Amma nazirlərlə görüşlərdə bir nəticə əldə olunmazsa, demək olar ki, iyun görüşünün də bir əhəmiyyəti qalmayacaq”, – deyə E.Şahinoğlu vurğuladı.

Almaniya məsələsinə gəlincə isə, politoloq qeyd etdi ki,  bu istiqamətdə müəyyən işartılar var: "Aprel döyüşləri vaxtı də rəsmi Berlin dərhal reaksiya verdi və problemin həllində maraqlı olduğunu bəyan etdi. Həmçinin, Almaniyanın 7 təklifi də var ki, bu istiqamətdə münasibətlər birmənalı deyil. Almaniya XİN başçısı Ştaynmayerin müəyyən qədər fəallığı nəzərə çarpır. Lakin Almaniya bu arzusunda səmimidirsə, Ştaynmayer təcili olaraq regiona səfər etməli, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməlidir. Digər tərəfdən, Almaniyanın proseslərə təsir imkanları da o qədər geniş hesab eləmirəm”, – deyə Elxan Şahinoğlu əlavə etdi.

Xatırladaq ki, bu ilin aprel ayında Almaniyanın Xarici İşlər Nazirliyindəki mənbə rəsmi Berlinin 7 maddəlik yeni təkliflər planı hazırladığını bildirib.

Hazırlanan yeni planın əsas məqsədi işğal altında olan Dağlıq Qarabağ bölgəsində gərginliyin azaldılması, daimi sülhün təmin olunmasıdır.

Rüfət Əhmədzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]