Ölkə

İcra başçısından nazirə yoxlama MİNNƏTİ

1-04-2016, 18:29

İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqov təlaş içindədir.

Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub.

İcra başçısının təlaş keçirməsinin isə iki səbəbi olduğu deyilir. Birinci səbəb kimi, Sadıqovun artıq işdən çıxarılacağı qətiləşib. Bununla bağlı hətta onun özünə də məlumat çatdırılıb.

Digər səbəb isə Mirdaməd Sadıqovun işdən çıxarılmasından sonra rayondakı fəaliyyətinin yoxlanılmasıdır. JAM.AZ-a məlumat verən mənbənin iddiasına görə, icra başçısının ən qorxduğu məsələ elə Maliyyə Nazirliyi tərəfindən İsmayıllı İcra Hakimiyyətinin maliyyə-təsərrüfat işlərinin araşdırılmasıdır. Çünki yoxlama nəticəsində icra başçısının başı ciddi şəkildə ağrıya bilər.

Mənbə iddia edir ki, indiyə qədər rayonda keçirilmiş tenderlərin böyük əksəriyyətində ciddi qanun pozuntuları olub. Üstəlik, ayrılmış vəsaitlərin xərclənməsi zamanı da ciddi şişirtmələrə yol verilib. Yəni, Maliyyə Nazirliyi yoxlama apararsa, əsaslı və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsini aşkarlaya bilər.

JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, Mirdaməd Sadıqov vəziyyətin ciddiliyini nəzərə alaraq, hazırda bu məsələni çözməyə çalışır. İddialara görə, o, işdən çıxarılmasına görə o qədər təlaş keçirmir, nəinki Maliyyə Nazirliyinin yoxlamasına. Ona görə də, o, nəinki nazirlikdə adam axtarır, hətta himayəçisi olan vergilər naziri Fazil Məmmədova minnətçi düşərək, ondan yardım istəyir.

Lakin mənbə bunun mümkün ola biləcəyini inanmır. Onun sözlərinə görə, Mirdaməd Sadıqovun məsələsi artıq yuxarı dairələr tərəfindən razılaşdırılıb və onun təkcə işdən çıxarılması deyil, həm də bir şəkildə cəzalandırılması nəzərdə tutulub.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]