İqtisadiyyat

Manata basqılar artır - vəziyyət ciddiləşir

9-11-2016, 17:40

Ekspertlər bildirirlər ki, hökumət də manatın möhkəmlənməsini istəmir

 

Ölkə əhalisinin yenidən dollara tələbatı artıb. Bu isə həm də növbəti devalvasiya təhlükəsi kimi qiymətləndirilir. Belə ki, ölkədə fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 65,668 milyon ABŞ dollarının xalis satışı həyata keçirilib. 

Mərkəzi Bankdan verilən xəbərə görə, fevral, aprel və may aylarında əhalidən xalis dollar alışı həyata keçirən banklar yenidən satışa keçib. Ümumiyyətlə, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis valyuta satışı 280,999 milyon dollar təşkil edib. Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis valyuta satışı 93,525 milyon dollar olub.

Ekspert Rəşad Həsənov musavat.com-a açıqlamasında bildirib ki, hökumət onsuz da manatın kəskin şəkildə möhkəmlənməsində maraqlı deyil: "Valyuta bazarlarında yaranan ajiotajın qarşısının alınması üçün ölkənin sosial-iqtisadi sferasında baş verən mənfi trendlərin çəkilməsi məqsədilə müəyyən önləmələrin həyata keçirilməsinə baxmayaraq, manatın güclənməsini hökumət istəmir. Manatın kəskin şəkildə möhkəmlənməsinə də artıq şərait yaratmayacaq. Amma  ilin sonuna qədər manatın ucuzlaşmamasını təmin etməyə resurslar var”. 

Image result for Ekspert Vüqar Bayramov

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub: "Mərkəzi Bankın rezervlərində iyuldan müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. Dollara tələb artmaqda davam edəcək. Arada ”manatın qısa dalğaları" ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq. Bu baxımdan, dollara tələb artmaqda davam edəcək. Bir tərəfdən ilin sonunadək idxalın artması, özəl və dövlət müəssisələrinin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq. 

Digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq "psixoloji qapının” ağzında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transfertlərinin azalması manata təzyiqi artırır. Belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi, Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi daha da real görsənir. Bütün hallarda isə "dollar növbəti aylarda da valyuta bazarımızda topu öz meydançasında” asanlıqla saxlaya biləcək".

Ekspert Natiq Cəfərli də qeyd edib ki, hökumət manatın ucuz olmasında maraqlıdır: "Hökumət milləti o qədər aldadıb ki, hələ də bəzi vətəndaşlar manatın son günlər ucuzlaşmasını bir ”oyun" kimi görürlər. Düşünürlər ki, bir müddət sonra dollar yenə manata qarşı ucuzlaşa bilər. Oyun çoxdan bitib, ilin sonuna qədər manata birbaşa və dolayı basqılar çox olacaq. Mərkəzi Bankın ehtiyatları yenə psixoloji hədd olan 4 milyard dollara düşüb, bundan aşağı düşməsini hökumət istəmir. Neft Fondu bu il büdcə və büdcədən kənar layihələr üzrə öhdəlikləri yerinə yetirmək üçün təxminən, 5 milyard dollar satmalı idi, artıq 4 milyard 344 milyon dollar satıb. Deməli, son 2 ayda cəmi 650-700 milyon dollar satmalıdır, orta aylıq dollar tələbatı isə ölkədə 600-800 milyon dollar arasındadır. Dekabr ayında isə tələbat sürətlə artacaq, orta aylıq tələbatı keçəcək. Yeni ilə görə idxal mallarının ölkəyə gətirilməsi artacaq və vətəndaşların bir qismi bayramları xaricdə keçirəcək. Hər iki hal dollara tələbatı artıracaq. FES dekabrın 15-16-da faizi artıracaq, deməli, bütün dünyada dollar bahalaşacaq. Neft son günlərdə 11-12 faiz dəyər itirib, yenə də ucuzlaşa bilər. Bütün bu faktorlar manata basqıları artırır, ona görə də dolların bahalaşması davamlı olacaq. Həmçinin hökumət özü də ucuz manatda maraqlıdır kı, Mərkəzi Bankın və Neft Fondunun ehtiyatlarına daha çox qənaət etsin".

Image result for Ekspert Samir Əliyev

Ekspert Samir Əliyev isə bildirib ki, ilin sonuna kimi dollara tələbat yüksək səviyyədə olacaq. Onun fikrincə, fövqəladə hadisə baş verməsə, ilin sonuna bir dollar 1,80 manat olacaq. "Neft kəskin ucuzlaşmasa, siyasi gərginlik olmasa, maliyyə panikası yaranmasa, ən aşağı rəsmi məzənnə 1,80 olacaq. Amma 2 manatdan da çox ola bilər. Burada daxildə əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır. 

Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı? 

Burada monetar siyasət həyata keçirən Mərkəzi Bankla fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır. Mərkəzi Bank manatın məzənnəsinin saxlanılmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda qiymətlər bahalaşır. Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb”,- deyə ekspert "qafqazinfo.az”a bildirib.

Röya RƏFİYEVA

Administratorla əlaqə

077 611-55-22

[email protected]