İqtisadiyyat

Manatın taleyi ilə bağlı yeni proqnoz

18-08-2016, 20:36

Manatın taleyi ilə bağlı yeni proqnozİkinici devalvasiyadan sonra manatın dollar qarşısında ən yüksək məzənnəsi mart ayında qeydə alınmışdı (1,64). 

Ümumilikdə mart ayının ilk yarısında məzənnə 1,60-1,64 intervalında dəyişdikdən sonra may ayının axırlarında manat özünün ən yüksək (ucuz) məzənnəsi ilə müqayisədə 10% bahalaşaraq 1,49 nöqtəsində qərarlaşdı.

Valyuta və neft bazarları arasında əlaqə və dinamikanı izləyən təhlilçilər yaxşı bilir ki, qısamüddətli dövrdə (bir neçə gündən 1-2 aya qədər) neft bazarında baş verən proseslər manatın məzənnəsində özünü göstərmir. 

Məsələn, dünya neft birjalarında qiymət dinamikası ilə rus rublunun məzənnəsi arasında əlaqə birbaşadı.

Bunun 2 mühüm səbəbi var: 

1) Rusiya Mərkəzi Bankı rublu sərbəst buraxıb, lakin Azərbaycan Mərkəzi Bankı formal bəyan etməsinə rəğmən manatın məzənnəsini sərt şəkildə tənzimləyir;

2) Rusiyada bazar infrastrukturunun vacib elementləri olan maliyyə və fond bazarları fəaliyyət göstərir, həmçinin Rusiyanın dünya fond birjalarınının listinqində olan, bu birjalar vasitəsilə səhmlərinin dəyəri formalaşan şirkətləri mövcuddur. 

Rusiya iqtisadiyyatının özülünü neft təşkil etdiyi üçün təkcə rublun deyil, həmin şirkətlərin kapitalizasiyasına da neftin qiyməti təsir edir. Dolayısı ilə isə rublun dəyərini neftlə yanaşı, fond bazarında Rusiya şirkətlərinin səhmlərinin dəyəri, daxili fond bazarında isə "rus indeksləri” təsir edir. 

Manat isə belə "yan təsirlər”dən tam azaddır. Ölkədə fond bazarı yoxdur, deməli, fond indekslərinin manatın məzənnəsinin formalaşmasında iştirakı da yoxdur. Eyni ilə beynəlxalq fond bazarlarında listinqə düşən milli şirkətlər yoxdur, deməli, arxasında neftin dayandığı iqtisadiyyatda baş verənlərin həmin şirkətlərin kapitalizasiyasına, bu faktorun isə manatın dəyərinə təsiri istisnadır. Uzağa getmədən Türkiyə nümunəsinə baxın – daxili siyasi faktor fond bazarında türk fond indekslərini "öldürən” kimi lirə adekvat miqyasda dəyər itkisinə məruz qalır.

 Manata isə orta və uzun müddətli dövrdə (ən azı 3 ay və daha uzun müddətə) birbaşa neft ixracının təsiri altında olan tədiyyə balansının vəziyyəti təsir göstərir.

Məsələn, 1-ci rübün nəticələrinə görə, ölkənin tədiyyə balansının ümumi mənfi saldosu 1,3 milyard dollara, cari hesablar balansının mənfi saldosu 432 milyon dollara çatmışdı. Məhz həmin ərəfədə manatın dollar qarşısında ən ucuz olduğu dövrdür (3 ay ərzində məzənnə 1,56-1,64 intervalında hərəkət edib).

Amma manatın məzənnəsinə təsir edən çox vacib amil kimi bankların davranışlarını da diqqətdən kənarda saxlamaq olmaz. Bank sektorunun xalis valyuta mövqeyi müsbət olduqda manatın xarici valyutalar qarşısında dəyər itirməsi riski xeyli azalır.

Xalis valyuta mövqeyinin müsbət olması o deməkdir ki, bank sektorunun valyuta aktivləri onun valyuta öhdəliklərini üstələyir. Başqa sözlə, banklar zəruri həcmdə valyuta likvidliyinə malikdir və bazara onun ehtiyacı olduğu qədər valyuta çıxara bilir. 

Xalis valyuta mövqeyi 2 göstərici əsasında formalaşır ki, onlardan birincisi, bank sektorunun xalis xarici aktivləridir. Xarici aktivlərə bankların xarici banklara olan hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və s. daxildir. Bankların xarici öhdəliklərinə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və yerli bank hesablarındakı xarici valyuta ilə nağd qalıqları və s. (məsələn, qiymətli metallar formasında saxlancları) daxildir. 

Xarici aktivlərin və öhdəliklərin nisbəti bank sektorunun xalis xarici aktivlərini formaşdırır. Aktivlər öhdəliklərdən çoxdursa, fərq müsbətdir və banklar likvid valyuta ehtiyatlarına sahibdirlər.

Öhdəliklər aktivlərdən çoxdursa, deməli, banklar nəinki əlavə valyuta ehtiyatlarına malik deyil, əksinə, bu öhdəlikləri zamanı çatdıqda icra etmək üçün kənardan (ya birbaşa alış əsasında valyuta bazarından, ya da Mərkəzi Bankdan borc formasında) valyuta cəlb etməlidir.  

Bu baxımdan Azərbaycanın bank sektorunun hazırkı vəziyyəti yaxşı deyil. Belə ki, ilin əvvəlində bankların xarici aktivləri öhdəliklərini 14% üstələyirdi (5,4 milyard dollar aktiv, 4,6 milyard dollar öhdəlik vardı). 

İyulun əvvəlinə olan məlumata görə isə vəziyyət tam əksinədir. Bankların xarici öhdəlikləri aktivlərini 27% üstələyir (3,4 milyard dollar aktiv, 4,3 milyard dollar öhdəlik var). Rəqəmlərə diqqət edək: 6 ay ərzində bank sektorunun xarici öhdəlikləri cəmi 300 milyon azalıb, amma xarici aktivləri 2 milyard dollar.

Bu o deməkdir ki, xarici öhdəliklərin icrasından sonra bank sektorunun "əriyən” 1,7 milyard dollarlıq valyuta vəsaiti də manatın qorunmasında Mərkəzi Banka və Neft Fonduna dəstək verməsi kifayət qədər real ehtimaldır. 

Bankların xalis xarici aktivlərinin belə sürətlə əriməsinin yaxın zamanlada ən azı 2 mənfi nəticəsini göstərmək olar. Manatın qorunmasında daxili valyuta bazarına bank sektorunun dəstək imkanı azalır və bankların xarici öhdəlikərini icra etmək üçün zəruri həcmdə likvid valyutaya malik olmaması onların reytinqini kəskin şəkildə pisləşdirəcək. Manatın dollar qarşısında ən baha olduğu vaxtlar aprel-iyun ayları oldu. Məhz həmin 3 ayda bankların xarici aktivləri 2 milyard dollar "əriməyə” məruz qalıb.

Bankların valyuta mövqeyinə təsir göstərən ikinci amil daxili resurslar üzrə valyuta aktivlərinin və öhdəliklərinin nisbətidir. Söhbət, ilk növbədə valyuta ilə kreditlərin və depozitlərin nisbətindən gedir. 

Təəssüf ki, 2015-ci ilin 1-ci rübündən sonra Mərkəzi Bank bank sektoru üzrə vacib göstəriciləri, xüsusilə, aktiv və passivlərin həcmini, həmçinin strukturunu gizli saxladığı üçün təhlilin bu hissəsini yalnız kreditlər və depozitlər üzərində qurmağa məcburuq. Çünki bank sektorunun aktiv və passivləri ilə bağlı yeganə açıq məlumat bu göstəricilərdir. Deməli, ilin əvvəlində bank sektorunun valyuta kreditləri (aktivləri) valyuta depozitlərindən cəmi 8% az (585 milyon dollar) idi. İyulun əvvəlinə bu fərq 20%-ə (1.5 milayrd dollara) çatıb.
 
Hər 2 fakt bank sektorunun xalis valyuta mövqeyinin qısa müddətdə müsbətdən mənfiyə keçdiyini aşkar göstərir.

Nəhayət, manatın taleyinə təsir göstərən həlledici amil hökumətin xərcləmələridir. Hökumət 2016-cı ildə icmal büdcədən (Neft Fondu, dövlət büdcəsi, Sosial Müdafiə Fondu və xaricdən alınan kreditlər üzrə birgə xərcləmələri) 24,5 milyard manat xərcləməyi planlaşdırır. Bu vəsaitlərin ən azı 13 milyard manatı neft gəlirləri hesabına təmin edilməlidir. 

Nəzərə alaq ki, ilin ilk yarısında hökumət icmal büdcənin proqnoz edilən həcminin cəmi üçdə birini (8,2 milyard manat) xərcləyib. İkinici yarıda isə yerdə qalan 70%-ni xərcləməlidir - əgər büdcəni tam icra etməyi hədəfləyibsə. Xüsusilə də 6 ayda Neft Fondunun büdcəsi illik proqnozun cəmi 25%-i qədər xərclənib.

Bu təhlildən çıxan əsas nəticələr: 

1) Hökumət sekvestrə getmədən icmal büdcəni proqnoza uyğun icra etməyi qərara alıbsa, Mərkəzi Bank ilin sonrakı aylarında manatın yüksək məzənnəsini (ən azından 1,55-1,65 intervalı) qorumaqda maraqlı olacaq. Bu hökumətin fiskal maraqları baxımından çox önəmlidir. 

2) Bankların xalis valyuta mövqeyi mənfidir, bank sektorunun yaxın müddətdə valyutaya tələbi yüksək olacaq. Bu amil də manata tələbin yüksək olacağını və məzənnənin ən azından 1,55-1,65 intervalında hərəkət etməsini stimullaşdıracaq.   

Yalnız ilin sonrakı aylarında neftin qiymətinin heç olmazsa 50-50 dollar ətrafında hərəkət etməsi manatın nisbətən aşağı məzənnəsinə (1.50-1.55 intervalı) dəstək verə bilər. 

Hələlik neft bazarında qiymətləri aşağı çəkən səbəblərin (Norveçdə 1 ildə hasilatın 10% artması, İranın sanksiyalardan əvvəlki hasilatı bərpa etməsi və OPEK-lə hasilatın dondurulması məsələsində danışıqlardan imtina etməsi, Səudiyyə Ərəbistanının Asiya bazarlarında dempinq tətbiqi, Çinin enerji istehlakının sabitləşməsi və s.) daha təsirli olduğunu nəzərə alsaq, qiymətlərin ilin sonunadək son aylardakı trayektoriyada (40-50 dollar) hərəkət etməsi daha real görünür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]