İdman

Rio-2016: Nataliya Sinişin Azərbaycan yığmasına 10-cu medalı qazandırıb

19-08-2016, 01:29
Rio-2016 Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son 3 dəst medal uğrunda mübarizədə 1 idmançı ilə təmsil olunub.
 
Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan Avropa çempionumuz Nataliya Sinişin özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayıb.
 
Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edib. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gəlib. 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı ilə qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Asiyalı görüşü 3:0 hesabı ilə xeyrinə bitirib.
 
Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılıb.
 
O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gəlib. Matçı fəal keçirən legioner güləşçimiz 4:0 hesablı qələbə ilə "bürünc"ə bir addım da yaxınlaşıb.
 
Mükafatçılar sırasına düşmək üçün isə venesuelalı Ancelika Arquello ilə görüş həlledici olub. Təmsilçimiz olduqca gərgin mübarizə şəraitində keçən qarşılaşmadan 2:1 hesabı ilə ayrılmağı bacarıb və bürünc medal qazanıb.
 
Qeyd edək ki, bu, Azərbaycan yığmasının Olimpiadada əldə etdiyi 10-cu mükafatdır. Millimiz 4 gümüş və 6 bürünc medal qazanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]