İdman

Almaniyanın qənimi - Qrizmann kimdir?

8-07-2016, 19:51
Almaniyanın qənimi - Qrizmann kimdir?

Dünya çempionunun qapısına iki top vuran, "Avro-2016”da "Qızıl buts” a ən şanslı forvardı zamanında heç bir komandaya götürmək istəməyiblər... 

 


İyulun 10-da  "Avro-2016” başa çatır. Bu çempionatda üç gənc oyunçunun ulduzu parladı ki, onlardan ikisi-Uels millisinin forvardı Qaret Beyl və Fransa yığmasının hücumçusu Dimitri Payet haqda geniş yazı dərc etmişik. 

Fransa yığmasının üzvü Antuan Qrizmann haqda yazını sona saxlamamız səbəbsiz deyildi. Ev sahiblərinin İslandiya üzərində inamlı qələbədən sonra (5:2) Qrizmann 4 qol, iki uğurlu ötürmə ilə bombardirlər sıralamasında ilk pilləyə yüksəldi. Qaret Beyl (3 qol) Portuqaliya ilə yarımfinal matçında fərqlənə bilmədi və onun komandası çempionatda iştirakı dayandırdıgı üçün "Qızıl buts”u almaq şansını itirib. Ronaldo yarımfinalda hesabına daha bir qol yazdıraraq bombardirlər sırasına qoşuldu və finalda da fərqlənmək şansını saxlayır. Fransa yarımfinalda son dünya çempionu Almaniya üzərində 2:0 hesabı ilə qələbə qazandı və hər iki topun müəllifi Qrizman oldu. İlk top penaldan vurulduğundan onun aktivinə yazılmadı. Amma o, qol sayını 5-ə çatdırdı.   

Qapını göstəriblər - çıxış qapısını...  

Antuan Qrizmann  1991-ci ilin 21 martında  Lionun 70 kilometrliyindəki Makon şəhərində futbolçu ailəsində anadan olub. Hələ uşaq yaşlarından atası onu "Lion” klubuna baxışa aparsa da, Antuanı zəif fiziki göstəriciləri və sısqa görünüşünə görə kurslara qəbul etməkdən imtina ediblər. Fransanın digər futbol akademiyaları da Antuana "perspektivsiz” deyərək qapını göstəriblər. Təbii ki, futbol qapısını yox...  


Atası naümid qalıb oğlunu özünün baş məşqçisi olduğu "Makon” klubuna yazdırır. "Makon” Fransanın ikinci həvəskarlar liqasında çıxış edirdi. Yalnız 13 yaşı olanda Qrizmann özünü geniş publikaya göstərmək şansı qazanır. 2005-ci ildə Qrizmann "Мonpelye"nin heyətində "PSJ” klubunun gəncləri ilə yoldaşlıq görüşündə  İspaniyanın "Real Sosyedad” klubunun seleksiyaçılarının diqqətini çəkir. Antuanı İspaniyaya-San-Sebestyana baxışa dəvət edirlər. Bir neçə həftəlik baxışdan sonra onu klubun akademiyasına qəbul ediblər. Beləcə, həyatını dəyişən İspaniya yolçuluğu başlayıb... 

Ana uşağının İspaniya yolçuluğu 

Alman familiyalı,  portuqal kökənli Antuan əslində ana uşağı idi və bu yaşda onun evi tərk etməsi özü üçün də, valideynləri üçün də asan deyildi. "Gecələr hərdən ağlayırdım, yata bilmirdim.  Sən bu yaşda evi tərk etməyi başa düşə bilmirsən”, - deyə, Antuan həmin günləri belə xatırlayır. 

 Аntuan klubda bütün yaş dövründə oynayır və yalnız 2009-cu ildə əsas komandaya dəvət alır. Baş məşqçi Martin Lasarte 2009/2010-cu illər mövsümündə onu əsas komandaya cəlb edir. Klubun keçirdiyi 4 yoldaşlıq görüşündə Antuan 5 qol vuraraq özünün gələcəyə gedən yolunu açmış olub. Uruqvaylı məşqçi sonralar etiraf edib ki, Qrizmannla həmyerlisi Suares arasında oxşarlıq görüb. "İzah etmək çətindir, amma mənim seçimimin doğru olduğuna şübhəm yox idi. Mavi gözləri onu mələyə oxşadır, amma o əsl əzrayıldır”.

Dünyanın üç ən yaxşı oyunçusundan biri  


Klubun sağ yarımmüdafiədə oyunçu axtarışında olması Antuanın işinə yarayır. 2009-cu ilin 2 sentyabrında ilk dəfə rəsmi görüşdə "Real Sosyedad” formasını geyinən Qrizmannın qolu özünü çox gözlətmir. "Ueskoy”la görüşdə Antuan ilk qolunu vurur. "Real Sosyedad”da  keçirdiyi ilk sezonda 39 oyunda forma geyən futbolçu 6 qol vurur. 2010-cu ilin aprelində o, "Real Sosyedad”la beşillik ilk professional müqaviləsini imzalayır.   

Növbəti mövsüm Antuan üçün daha da uğurlu olur. O, İspaniya çempionatında "Elçe”yə qarşı görüşdə ilk "het-trik”ini edir. Həmin mövsüm ümumilkdə 14 qol vuran futbolçu La-Liqa da yalnız Kriştiano Ronaldo  (22 qol ) və "Atletiko”nun hücumçusu Dieqo Kostadan (19) geri qalır.2014-cü ilin yayında Qrizmann "Real Sosyedad”la  müqaviləni uzatmaq istəmir. Bir neçə gün sonra o, 30 мilyon avro qarşlılığında "Atletiko”ya transfer olunur.  O, "Kordoba” klubu ilə qarşılaşmada ilk dublunu edir.  Əvvəlki klubundan fərqli olaraq Qrizmann "Atletiko”da daha çox hücum mövqeyində oynayır.  Bir neçə tur sonra klubun yeni transferi "Atletik” Bilbao ilə görüşdə "het-trik” edir. "Levante” oyununda da Qrizmann dublu ilə yadda qalır. 2014/2015 sezonlarında Antuan demək olar ki, hər tur meydana çıxır və həmişə də fəqlənir.  Аntuan həmin mövsüm 30 oyunda forma geyir və 18 topla klubun bomardiri olur. 2015-2016-cı il mövsümündə isə Antuan vurduğu qolların sayını daha da artırıb. O, 53 oyunda meydana çıxıb, 32 qol vurub və hesabında 7 məhsuldar ötürmə var. Fransa Peşəkar Futbol Assosasiyası ötən mövsüm ölkədən kənarda oynayan ən yaxşı fransız futbolçunun müəyyən etmək üçün sorğu keçirib. Kərim Benzema("Real”), Pol Poqba ("Yuventus”) Dimitri Payet ("Vest Hemm”) və Antuan Qrizmann ("Atletiko”) arasında seçim də sonuncu qalib gəlib.   


"Atletiko”nun baş məşqçisi Dieqo Simone sezonun sonunda fransız forvardı dəyərləndirib. "Qrizmann çox istedadlı futbolçudur. O meydanda daima işləyir və eşitməyi bacarır. İstənilən işdə uğur qazanmaq üçün eşitmək qabiliyyəti əsasdır. Heç şübhə yoxdur ki, o dünyanın üç ən yaxşı futbolçusundan biridir”.


Fransa millisinin diqqətində
      
Antuan İspaniyada oynadığı üçün Fransa milisində diqqətdən kənarda qalır. O, 2010-cu ilin fevralında Qrizmann milli komandaya dəvət edilir. Ukrayna ilə görüşdə Antuan komandasının qələbə topunu vurur. 2010-cu ilin 7 iyununda Qrizmann Fransada keçirilən gənclər arasında Avropa çempionatına dəvət alır. Çempionatda iki qol vuran Qrizmann ilk kubokunu qazanır. 2013-cü il gənclər arasında Avropa çempionatının seçmə mərhələsində vacib oyun ərəfəsi Qrizmann və bir neçə komanda yoldaşı millidən qovulur. Cəza müddəti bir il nəzərdə tutulsa da, Antuan səhvlərini etiraf edir və artıq Fransanın əsas milli komandasına qayıdır.   

  

2014-cü il martın 5-də o, Hollandiya ilə oyunda meydana çıxır. Paraqvayla yoldaşlıq görüşündə isə ilk qolunu vurur. Yamayka ilə görüşdə də qapıdan iki top keçirir. 

Braziliyada keçiriləcək dünya çempionatınada heyətə daxil edilən Qrizmann 5 oyunda milinin formasını geyinir. 

Fransanın bir çox idman mütəxəssisləri Antuanın oyun stilinin Devid Bekhem və David Silvaya oxşadığını  deyirlər. Qrizmann güclü texnikası, topla məharətlə davranışı ilə seçilir. Arıq bədəni onu daha da cəld edir ki, bu da rəqibləri üçün ciddi problemdir.  Onun çox sürətli qaçışı və enerjisi əks-hücuma meylli forvarda əlavə üstünlük deməkdir.  Top onun ayağına düşdükdə dəqiq zərbələri var ki, bu da "Avro-2016"da təsdiqləndi. Antuanın uğur talismanı onun şortundakı bir şəkildirki, bu ona uğur gətirir. 

Həyatındakı sadə qadın


Antuan bir neçə ildir ki, Erika Çoperena ilə görüşür. İspaniya və Fransa mətbuatı yazır ki, 
cütlük evlənməyə hazırlaşır. Erika ispaniyalıdır və bu il onun 24 yaşı tamam olub. Antuan onunla hələ "Real Sosyedad”da oynayarkən tanış olub. Bir sıra ciddi mətbuat Erikanın model olduğunu yazsa da, əslində Antuanın seçdiyi qız sadə ailədəndir, model biznesi ilə heç bir əlaqəsi  yoxdur. 
 
Nazim SABİROĞLU 

 


Administratorla əlaqə

077 611-55-22

[email protected]