Gündəm

Hacı Şahin: "Vergidən yayınmaq olmaz."

28-03-2016, 23:51

Xeberman.com xəbər verir ki, "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli İslamazeri.az-a müsahibə verib.

 

Bir ölkənin ayaqda durması, iqtisadi qüdrətinin olması üçün vergi verməli olanların, xüsusilə sahibkarların vergi ödəməsi əsas şərtlərdəndir. Bununla bağlı ölkəmizdə kifayət qədər təbliğ aparılır və qəsdən vergidən yayınanlar haqqında inzibati, hətta ağır cəza tədbirləri də görülür. Lakin bəzən sələfilər tərəfindən vergi verməyin əleyhinə təbliğat aparılır və vergidən yayınmağa şərait yaradan "fətva"lar da verilir. Məsələnin ciddiliyini nəzərə alaraq, İslamazeri.az İnternet Qəzeti "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənlidən vergi mövzusunda müsahibə alıb.

Müsahibəni təqdim edirik:

 

Hacı, şəriətə görə vergidən yayınmaq olarmı?

- Şəriətimizə əsasən, insan yaşadığı ölkənin qanunlarına, cəmiyyətin adətlərinə hörmət etməlidir. Bu insanların birgə yaşaması üçün zəruri məsələdir. Vergilər də istənilən dövlətin, cəmiyyətin sabitliyi, müstəqilliyi və inkişafı üçün əsas amillərdəndir.

 

Bəzən sələfilərin şeyxlərindən vergidən yayınmağa izin verən "fətva"lar verilir, buna münasibətiniz?

- Belə addımın atılması cəmiyyətə qarşı hörmətsizlikdir. Hamı dövlət büdcəsinə öz töhfəsini verir, sonra həmin büdcə hesabına sosial layihələrdən, infrastrukturdan və digər imtiyazlardan faydalanır. Insaflı insan vergidən yayınıb həmin imtiyazlardan faydalana bilərmi? Həmin pullarla çəkilən yollarla hərəkət edib, həmin pullarla tikilən parklarda gəzib, kommunal xidmətlərdən istifadə edə bilər? Ən azı vicdan buna imkan verməməlidir.

 

Vergi dövlətin ayaqda durması üçün əsas şərtdir, inanclı təbəqəyə vergi ödəməsilə bağlı maarifləndirici hansı tədbirləri görmək olar, belə bir addım atılıbmı?

- Düşünürəm bu məsələdə vətəndaşlar arasında fərq qoymağa ehtiyac yoxdur. Xalqımızın əksəriyyəti inanclıdır və dövlətini sevir. Sadəcə insanlara izah edilir ki, vergidən yayınma digər insanların haqqının yeyilməsi anlamına gəlir. Bu isə, Allah qarşısında da məsuliyyət yaradır.

 

Son olaraq müsəlman xums və zəkat verir, sizcə vergi və xums-zəkat arasında təzad olmaması üçün nə etmək olar?

- Zatən belə bir təzad yoxdur. Onların həm hesablanma mexanizmi, həm məsrəf məqsədləri fərqlidir. Xüms əsasən dini maarifin yayılmasına, zəkat isə müsəlmanların icma olaraq sosial problemlərinə yönəldilir.

 

Təşəkkür edirik...

 

- Buyurun.

 

Hacı Şahin: "Vergidən yayınmaq olmaz."

Administratorla əlaqə

077 611-55-22

[email protected]