İslam

Hacı Şahin: “Onları dəhşətli əzab gözləyir...”

11-06-2016, 00:24

İntihar böyük günah hesab olunur. Onları axirət dünyasında əbədi əzab gözləyir.

 

Bu sözləri Axar.az-a Məşhədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli son vaxtlarda ölkədə baş alıb gedən intiharlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, intiharların başlıca səbəbi həyat haqqında yanlış təsəvvürlərdir:

 

"Bu gün intiharların səbəbləri haqqında ciddi araşdırmalar aparılır. Çox vaxt belə bir nəticə əldə olunur ki, intiharlar adətən sosial məsələlərlə bağlı olmur. Yəni maddi rifahın yüksək olduğu ölkələrdə intiharların sayı daha çox olur. İntiharların səbəbi kimi təkcə maddi sıxıntını göstərmək olmaz. Çünki intiharlar daha çox psixoloji səbəblərlə bağlıdır. Dini nöqteyi-nəzərdən intihar böyük günah hesab olunur. İntihar edən insanları axirət dünyasında əbədi əzab gözləyir.

 

İntiharın əsas səbəblərindən biri gənclərdə həyat haqqında düzgün təsəvvürlərin formalaşmamasıdır. Biz övladlarımıza tərbiyə verərkən birinci növbədə həyatı düzgün şəkildə onlara tanıtmalıyıq. Həyatı həddindən artıq ideallaşdırmaq, həddindən artıq ümid yolverilməzdir. Bəzən bu gözləntilər reallaşmayanda insanlar intihara əl atır”.

 

İlahiyyatçının sözlərinə görə, evdə valideynlər, məktəbdə isə müəllimlər bu mövzuda təbliğat aparmalıdır:

 

"Uşaqlıqdan övladlarımızı bu ruhda tərbiyə etməliyik. Dünya çətinliklərlə dolu bir məkandır. Yaşadığımız planet sıxıntı və çətinliklərdən ibarətdir. Eyni zamanda dünya Allahın verdiyi bir fürsətdir. Bu çətinliklər, sıxıntılar əslində bizim kamilləşməyimiz üçün bir vasitədir. Yəni bu çətinliklər bizim bədbinliyə qapılmağımıza səbəb olmamalıdır. Əksinə, həyatı problemləri ilə, sıxıntıları ilə, acıları ilə sevməyi bacarmaq lazımdır.

 

İnsanların gizli istedadları var. Həmin istedad insan çətinliyə düşərkən üzə çıxır. Bu ona bənzəyir ki, bizim daxilimizdə üzmək bacarığı var, ancaq su ilə çarpışmasaq, bu bacarıq üzə çıxmayacaq. Ona görə də həyatın hər bir çətinliyi əslində bir fürsətdir. Bütün bunlar həm ailədə, həm də məktəbdə gənclərə izah olunmalıdır. Eyni zamanda, din xadimləri də bu məsələlərdə ciddi şəkildə iştirak edə bilərlər. Təhsil müəssisələrində insanlara yalnız elm və bilik yox, həm də şagirdlərin bir insan kimi formalaşması aşılanmalıdır”.

 

Qeyd edək ki, son aylar Azərbaycanda intihar hallarının sayı artıb. İntihar edənlər arasnda orta məktəb şagirdlərinin olması isə narahatlığı daha da artırır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]