Gündəm

Azərbaycanda daha bir nazirlik ləğv edilir - təfsilat

23-02-2016, 13:59
Azərbaycanda daha bir nazirlik ləğv edilir - təfsilat
"Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə birləşdiriləcək".

Bu barədə Arqument.Az-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Məlumatda bildirilir ki, Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətlərinin Müdafiə Nazirliyinə verilməsindən sonra bu nazirlik müstəqil qurum kimi ləğv olunacaq. 

"Bu qurumun səlahiyyətlərinin Müdafiə Nazirliyinə verilməsi təbiidir. Amma nazirliklər birləşdirildikdən sonra burada ixtisarların olacağı da istisna deyil. Böyük ehtimalla Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinin tərkibində hansısa xidmət və ya şöbə kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir. 

Mənbənin sözlərinə görə, müdafiə sənayesi naziri Yavər Camalovun bundan sonra hansı vəzifəyə təyin olunub-olunmaması isə bəlli deyil. Nazirliyin müdafiə naziri Zakir Həsənovun tabeçiliyində birləşdirilməsi isə hökumətin islahatlarla bağlı atdığı addımların tərkib hissəsi kimi qiymətləndirilir. 

Belə ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi və ölkədə baş verən iqtisadi böhranla əlaqədar hökumətin bəzi dövlət qurumlarını birləşdirməsi, həmçinin ləğv etməsi ilə bağlı iddialar gündəmə gəlib. Artıq bəzi qurumların birləşdirilməsi ilə bağlı müəyyən addımlar da atılıb. Bir müddət öncə isə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək, əsasında iki dövlət xidməti (Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Xarici Kəşfiyyat Xidməti) yaradılıb. 

Qeyd edək ki, Мüdаfiə Sənаyеsi Nаzirliyinin nəzdində "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi, "Alov" zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələr, həmçinin Bakı "Radioquraşdırma" zavodu, "Azon", "Peyk" və "EHM" zavodları, "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri, "Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisələri fəaliyyət göstərir. 

Onu da qeyd edək ki, bir müddət öncə Milli Məclisin deputatı Zahid Oruc Müdafiə Sənayesi Nazirliyinin mövcud iqtisadi şəraitdə ləğv olunaraq, başqa nazirliyə birləşdirilməsi təklifi ilə çıxış etmişdi. 

"Hazırki dövrdə dövlət idarəetmə sistemində aparılan islahatlar çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin başqa nazirliyə, məsələn, İqitsadi İnkişaf yaxud Müdafiə nazirliklərindən birinə birləşdirilməsini normal qarşılayaram. Mahiyyət etibarilə Müdafiə Sənayesi Nazirliyi bir sənaye qrupudur və çoxsaylı zavodlardan ibarətdir. Onun nazirlik statusu daşımasını qoy hökumət üzvləri gözdən keçirsinlər”, - deyə deputat vurğulamışdı. 

Xatırladaq ki, Мüdаfiə Sənаyеsi Nаzirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılmışdı. Həmin vaxtdan da nazirliyə Yavər Camalov rəhbərlik edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]