Dünya

Ayətullah Şeyx Cavad Fazil Lənkəraninin Novruz bəyanatı.

20-03-2016, 19:43
Bismillahir-Rəhmanir-Rəhim.
Həmd olsun aləmlərin rəbbi olan Allaha!
Allahın rəhmət və salamı olsun seyyidimiz Mühəmmədə (s) və onun pak ailəsinə!
Bu günlər yeni il və Novruz bayramı ərəfəsinə təsadüf etdiyi üçün, Novruzla əlaqədar olan rəvayətlərdən istifadə etdiyimiz bir məsələni diqqətinizə çatdırırıq. Hər dəfə önə çəkilən məsələlərdən biri, Novruz bayramının, yeni ilin gəlişi münasibəti ilə bayram keçirən "Furs əhalisinə”, yəni İran xalqına məxsus olub-olmaması və rəvayətlərdə ümumi bir məna daşıyan Novruzun nümunələrindən biri olması məsələsidir.
Bizim rəvayətlərdən əldə etdiyimiz budur ki, dirçəliş baxımından, önəmli hadisə baş verən hər hansı bir gün, istər dini dirçəliş olsun, istərsə də insaniyyət cəhətindən,  həmin günə rəvayətlərdə "Novruz” deyilir. Rəvayətlərdə bir sıra hadisələr üçün "Novruz” ünvanından istifadə olunmuşdur:
1-Həzrət İbrahimin (ə) bütləri sındırdığı gün, rəvayətlərdə "Novruz” ünvanı ilə qeyd olunmuşdur. ("Biharul-ənvar”, cild 12, səh.43, 2-ci fəsil, Beyrut çapı)
(يوم النيروز هو اليوم الذي كسر فيه إبراهيم(ع) أصنام قومه.)
Novruz, həzrət İbrahim (ə) öz qövmünün bütlərini sındırdığı gündür.
 
2-Rəvayətlərin birində, Muəlla ibn Xünəys imam Sadiqdən (ə) nəql edir: Həzrət (ə) buyurdu: "Həqiqətən, Peyğəmbər (s) Qədir-Xum çölündə, Əli (ə) üçün "imamət” əhdi aldığı gün, Novruz günüdür”. ("Vəsailuş-şiə”, cild 8, səh.173. 48-ci bab)
«أَنَّ يَوْمَ النَّيْرُوزِ هُوَ الْيَوْمُ الَّذِي أَخَذَ فِيهِ النَّبِيُّ(ص) لِأَمِيرِ الْمُؤْمِنِينَ(ع) الْعَهْدَ بِغَدِيرِ خُمٍّ فَأَقَرُّوا لَهُ بِالْوَلَايَةِ فَطُوبَى لِمَنْ ثَبَتَ عَلَيْهَا وَ الْوَيْلُ لِمَنْ نَكَثَهَا ....»
Həmin gündən sonra bu gün, yəni Qədir-Xum günü "Novruz” adı ilə də yad edilir.
 
3-Həmin rəvayətin davamı; Novruz günü, həzrət Peyğəmbər (s) Cin tayfalarından olan camaatdan əhd almaq üçün imam Əlini (ə) onlara tərəf göndərdiyi gündür.
 « وَ هُوَ الْيَوْمُ الَّذِي وَجَّهَ فِيهِ رَسُولُ اللَّهِ ص عَلِيّاً إِلَى وَادِي الْجِنِّ وَ أَخَذَ عَلَيْهِمُ الْعُهُودَ وَ الْمَوَاثِيقَ »
 
Həmin rəvayətin davamı; Əli (ə) Xəvariclə qarşı-qarşıya gələrək onları və xüsusilədə onların başcılarından olan Zis-sədyəni qətlə yetirdiyi gün, Novruz günüdür.
«وَهُوَ الْيَوْمُ الَّذِي ظَفِرَ فِيهِ بِأَهْلِ النَّهْرَوَانِ وَ قَتَلَ ذِي الثَّدْيَةِ»
 
4-Həmçinin bəzi rəvayətlərdə qeyd olunduğu kimi, "Besət” günü də Novruz ünvanı daşıyan günlərin sırasında yer tutur. Yənı Cəbrailin Peyğəmbərə (s) nazil olaraq Allah tərəfindən onu risalətə təyin etdiyi və Quranın ilk ayələri nazil olan gün, "Novruzun” nümunələrindəndir.
 
5-Rəvayətin davamı olaraq, imam Sadiq (ə) buyurdu: "Novruz günü həzrət Qaimin (ə.c) zühur edəcəyi gündür”.
« وَ هُوَ الْيَوْمُ الَّذِي فِيهِ يَظْهَرُ القَائِمُ »
Novruzun nümunələrindən biri də imam Zamanın (ə.c) zühur edəcəyi gündür.  Həqiqətdə də əsil Novruz günü həmin gündür. Novruz günü ünvanı ilə sadalanan günlər arasında, Novruz gününün əsil misdaqının məhz həmin gün, həzrət Qaimin (ə.c) zühur edəcəyi gün olması demək olar ki, şübhəsizdir.
 
"Bu gündə imam Zaman (ə.c) Dəccalı qətlə yetirəcəkdir”.
«و يظفره الله بالدجال»
İmam Sadiqin (ə) rəvayətin davamında söylədiyi bu cümlə, "Bizim intizarında olduğumuz "Fərəc” və "Zuhur”, Novruz günündən başqa gündə deyildir”. –  Novruzun "Fərəc və Zühur” günü olduğunu aşkarcasına isbat etmirmi?!
«وما من يوم نيروز إلا و نحن نتوقّع فيه الفرج»
Davamı: "Buna görə də Novruz, biz (Əhli-beytə (ə) ) məxsus olan, Fursların (Farsların) qoruyub saxladığı günlərdəndir”.
« لِأَنَّهُ مِنْ أَيَّامِنَا حَفِظَهُ الْفُرْسُ »
"Və siz Ərəblər onu (Novruzu) qoruyub saxlıya bilmədiniz”.
«وَ ضَيَّعْتُمُوهُ »
Həzrətin bu kəlamından aşkar olur ki, bizlərin "yeni il” olaraq qeyd etdiyimiz Novruz bayramı günü, həmçinin mam Zamanın (ə.c) zühur edəcəyi gündür.
İmam Sadiq (ə) buyurur ki, Fursların (Farsların) Novruz adlandırdıqları bayram günü bizə aiddir, çünki bunu biz onlara təlim verərək, bu günün bizim Höccətimizin qiyamı günü olduğunu öyrətmişik. Farslar, imam Zamanın (ə.c) zühuruna ümidvar olmaq məqsədi ilə, həmin bu günləri "Novruz” adlandıraraq Həzrətin yolunu gözləməkdədirlər.
Buna görə də Novruz bayramını 7 min il bundan əvvələ bağlayaraq, yalnız qədimi bir bayram olduğunu demək doğru deyil. Əlbəttə İslamdan əvvəl, "yeni il”in ilk günlərinə aid, bir sıra rəsmi adət və ənənələr var idi. Lakin bunların İslamla heç bir əlaqəsi yoxdur və İslam dini, heç bir zaman bu kimi adət və ənənələri təsdiqləmir. Buna misal olaraq "Tonqal qalamaq və onun üzərindən atlamaq” kimi ağıla sığmayan ənənələri qeyd etmək olar. İnsanların bəladan amanda qalacaqlarını güman edərək, bu kimi xurafat ənənələrə üz gətirmələrin, hardasa bir etiqad kimi rövnəqlənərək İslam aləmində bidətə (İslamda olmadığı halda bu dinə əlavə olunan) çevrilməsindən Allaha sığınırıq. Bir daha qeyd edirik ki, İslamdan öncə bu kimi adətlər olub. Amma imam Sadiq (ə) Fars əhalisinin ilin ilk günlərinə Novruz adı vermələrinin, yalnız həzrət Qaimin (ə.c) zühuruna ümid bəsləmək məqsədi ilə olduğunu, həmçinin Farsların bu məsələni onlardan (Əhli-beytdən (ə)) öyrəndiklərini deyir. Bu həqiqətin qorunub saxlanması üçün hər ilin ilk günlərini "İmam Zamanın (ə.c) zühuruna ümid günü” kimi qeyd edirlər.
6-Hədisin davamı: Daha sonra buyurur: "Bəni-İsrail peyğəmbərlərindən biri, öz Rəbbindən "ölümdən yaxa qurtarmaq ümidi ilə öz diyarlarını tərk edən, lakin nəticədə Allahın ölümə məhkum etdiyi bir qövmü” yenidən dünyaya qaytarmasını istədi. Allah-taala da həmin Peyğəmbərə (ə) vəhy etdi ki, elə yataqlarındaca onların cəsədlərinin üzərinə su səpsin. O peyğəmbər (ə) Allahın bu əmrini Novruz günündə həyata keçirtdi. Nəticədə 30.000 nəfərdən ibarət olan, bu qövm yenidən həyata qovuşdu.
«ثم إنّ نبيّاً من أنبياء بني اسرائيل سأل ربّه أن يُحيي القوم الذين خرجوا من ديارهم و هم الوفٌ حذر الموت فأماتهم الله» «فأوحي الله إليه عن صبّ عليهم الماء في مضاجعهم» «فعاشوا و هم ثلاثون ألف»
 
Bununla da, Novruz günündə "su səpmək” (və ya bir qaba su doldurmaq), səbəbini elmin dərinliklərinə varanlardan başqa heç kəsin bilmədiyi, qədimi bir  (adət-ənənəyə) çevrildi. Bu, Farslar üçün yeni ilin ilk gününə məxsus olan bir adət-ənənədir.
«فصار صبّ الماء في يوم النيروز سنةً ماضيّة لا يعرف سببها إلا الراسخون في العلم و هو أوّل يوم من سنّة‌ الفرس»
İndi isə bu mübarək kəlamlardan əldə olunan nəticə:
Həzrət İbrahimin (ə) əhvalatı, digər hadisələr və bütövlükdə Novruz günü ilə əlaqədar olan rəvayətlərdən əldə etdiyimiz nəticə budur ki, tarix boyu dini və ya maddi (təbii) cəhətlərdən əhəmiyyət daşıyan hər hansı bir günə "Novruz” ünvanı şamil olur. Yəni "Novruz” üçün muəyyən bir gün yoxdur.
Farslar yeni ilin ilk günlərini, "Novruzun” nümunələrindən biri olduğuna görə Novruz adlandırıblar. İstər təbiətin yenidən canlanması, istərsə də din və bəşəriyyətin dirçəlişi baş verən, həmçinin zülmün qarşısının alındığı, hətta bir insanın dünyaya göz açdığı hər hansı bir günə Novruz deyə bilərik. O cümlədən Peyğəmbər (s), xanım Zəhranın (s.ə) və məsum imamların (ə) mübarək doğum günlərinə "Novruz” deyə bilərik. Həmçinin imam Hüseynin (ə) zülmün qarşısında dayanaraq şəhadətə çatdığı gün "Novruz” ünvanı daşıyır. Yəni "Novruz”, həyat və dirçəliş mənalarını ifadə edən ümumi bir məfhumdur. Təbiətdə, ümumiyyətlə insanların həyatında, maddi-mənəvi dəyərlərin dirçəlişi və tərəqqisi baş verən hər hansı bir gün Novruz sayılır.
Həzrət Əlidən (ə) olan məşhur rəvayətdə şahid olduğunuz kimi, bir gün Həzrətə (ə) şərbət gətirildiyində buyurdu: "Bu şərbəti hansı münasibətə görə gətirmisiniz”? Dedilər: "Bu gün Novruzdur”. (Çünki o gün Farsların (şəmsi tarixinin) ilk ayı olan Fərvərdin ayının əvvəli idi.)
Həzrət Əli (ə) buyurdu: "Ömrünüzün hər bir gününü Novruz edin”!
«فنورزوا إن قدرتم كل يومٍ»
Həzrətin (ə) bu qısa kəlamında, çox zərif bir məqam vardır. O da bundan ibarətdir ki, insanın yenidən başladığı hər bir gün,  onun üçün həmin gün Novruzdur. Lakin cahil insanın cahilliyi və nadanlığı davam etdiyi halda, onun heç bir günü Novruz deyildir. Təqvalı insanın hər günü Novruz sayılır. Lakin günahkar insan üçün heç bir gün Novruz deyildir. İndi isə biz olaq, bir də bu rəvayətlər və əgər insafla desək, Novruz günü fəsad, günah və çirkinliklərdən pak olan bir gündür.
Bütün bunlara əsasən, bizim əldə etdiyimiz nəticə budur ki, Novruz, müəyyən bir tarixi və günü olmayan bir gündür.
Bunu da qeyd edək ki, bizim əldə etdiyimiz bu nəticələri heç kim bəyan etməmişlər. Yəni hec kim bu şəkildə açıqlama verməmişdir.
Həmçinin Novruz günü ilə əlaqədar olan bir sıra adət-ənənələr, dua və zikrlər, Novruz gününün nümunələrindən hər birində həyata keçirilib oxuna bilər və Fərvərdin ayının ilk gününə məxsus deyildir. Yalnız "Furs ilinin ilk günündə – في أول يوم في سنة فُرس – ” kimi qeydlər olduğu təqdirdə aid etmək olar.
Amma, bu duanı Novruz günündə oxuyun desələr, deməli məqsəd, Novruzun nümunələrindən olan, bir insanın doğum günü, insanın tərəqqi etdiyi gün, hətta insanın hansısa bir xəstəlikdən şəfa tapdığı gündür.
Daha sonra "Furs əhlininə məxsus yeni ilin ilk gününə” aydınlıq gətirilərək buyurulur ki, Fars dilli xalqlar, bu günləri Novruzun nümunələrindən biri kimi təyin etdilər. Həmçinin imamlar (ə) da bunu təsdiq etmişdir.
Həmçinin bizim "Hər gün Aşura, hər yer Kərbəla” deməyimizlə "Ömrünüzün hər bir gününü Novruz edin” deməyimizin bir- biri ilə heç bir ziddiyyəti yoxdur. Buna görə ki, əvvəldə qeyd etdik ki, imam Hüseynin (ə) zülmün qarşısını alaraq şəhadətə çatdığı gün Novruzun nümunələri sırasında yer tutur.
Qeyd etdiyimiz kimi Novruzun nümunələrindən biri "oyanış”dır. Buna əsasən hər bir gün Novruz ola bilər. Onun ən sadə mənasından başlayırıq. Beləki, yuxu ilə bağlı bir çox incəlikləri özündə cəm edən rəvayətlərimizdə buyurulur: "İnsan yuxudan oyandıqdan sonra belə dua etməlidir: ”Məni öldürdükdən sonra yenidən həyata qovuşduran Allaha həmd olsun”.
«الحمدلله الذي احياني بعد ما أماتني»
Yəni biz insanlar düşünməliyik ki, həmin yuxu ömrümüzün sonu ola bilərdi. Çünki yuxu özü kiçik (qısa müddətli) ölümdür və biz hər gün bizə bağışlanan yeni həyata görə də Allaha şükür etməliyik. (Çünki Rəbbimiz, hər ötən gün bizlərə yeni həyat və yeni fürsətlər bağışlamaqdadır). Yuxudan sonra bizə bağışlanan bu yeni həyat, Novruzun bir nümunəsidir. Buna əsaslanaraq deyirik ki, hər günümüz Novruzdur. Belə olan halda, hər bir növ oyanış və dirçəliş baş verən gün, Novruz günüdür. Bizim əldə etdiyimiz və sizlərin isə diqqət etməli olduğunuz məsələlərdən biri də məhz bu mətləb idi.
Həzrət Mühəmməd və onun Əhli-beytinə salamlar olsun!

Ayətullah Şeyx Cavad Fazil Lənkəraninin Novruz bəyanatı.


Administratorla əlaqə

077 611-55-22

[email protected]