Əsas Səhifə / Media

Jurnalist təşkilatı Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb

18-06-2023, 09:14
Turan: Müstəqil Reportyorlar Komitəsi (MRK) jurnalist Polad Aslanovun həbsindən 4 il ötməsi ilə əlaqədar onun işinə dair bəyanat yayıb.
"Jurnalist Polad Aslanov 4 ildir ki, çox ağır cəza ilə həbsxanada siyasi məhbus həyatı yaşayır", deyə bəyanatda bildirilir.
Www.xeberman.comwww.press-az.com informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və sonradan dövlətə xəyanət ittihamı ilə 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Polad Aslanov özünü təqsirli bilməyib və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
MRK qeyd edir ki, jurnalist İran və İraqda müqəddəs ziyarətgahları ziyarət edən azərbaycanlı zəvvarlardan rüşvət alınması ilə bağlı geniş yazılar dərc edərək kəskin tənqidi fikirlər səsləndirib.
Etirafedici ifadələr verməyə məcbur edilməsi məqsədi ilə Polad Aslanovun həbsi ailə üzvlərinə psixoloji təzyiqlərlə müşaiyət olunub. 2022-ci il fevralın 24-də Azərbaycan Respublikasının Ali Məhkəməsi jurnalistin cəzasını dəyişib, Aslanovun 16 il həbs cəzası 13 ilə endirilib.
"Müstəqil Reportyorlar Komitəsi jurnalist Polad Aslanovun həbsini, ona qarşı irəli sürülən ittihamları və hökmü qərəzli hesab edir", deyə bəyanatda vurğulanır.
Komitə jurnalistlərin peşə fəaliyyəti zamanı təqib və təzyiqlərə məruz qalmasını pisləyir. MRK hakimiyyəti Aslanovu və peşə fəaliyyəti ilə əlaqədar həbs edilmiş digər jurnalistləri azad etməyə çağırıb.
Müstəqil Reportyorlar Komitəsi mayın 3-də "Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu" QHT-ı  tərəfindən təsis edilib. Birliyin rəhbəri xaricdə yaşayan hüquq müdafiəçisi Avtandil Məmmədovdur. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]