Siyasət

ABŞ prezidentləri ilk səfəri hansı ölkəyə edir?

15-11-2016, 13:22

 ABŞ prezidentləri ilk səfəri hansı ölkəyə edir?Son 35 ildə ilk səfərlər bir qayda olaraq qitə daxilində olur

 

Dünya ölkələrində yeni seçilən prezidentin fəaliyyətə başladıqdan sonra ilk rəsmi səfərini hansı ölkəyə etməsi xüsusi siyasi məna daşıyır. Bu cür səfərlər həmin dövlətin və ya dövlət başçısının səfər etdiyi məmləkətə verdiyi önəm və ya o ölkənin dövləti üçün xüsusi yerini göstərir. 

Məsələn, Türkiyə prezidentləri uzun illərdir yazılmamış qanunu yaşadırlar. Seçilmiş dövlət və hökumət başçıları ilk xarici səfərlərini Şimali Kipr Respublikasına edirlər. Son 10 ildə isə Türkiyə rəhbərliyi seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edir. Şimali Kipr tanınmamış respublika olduğu üçün ilk rəsmi dövlət səfərləri Azərbaycana edilir. Yeri gəlmişkən, daha əvvəl Türkiyə liderləri Kipr səyahətindən sonra ilk səfərlərini adətən ABŞ-a edirdilər. 

Son günlərin əsas müzakirə mövzusu heç şübhəsiz ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdır. 45-ci prezident ənənəyə uyğun olaraq gələn il yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq. Trampın prezident olaraq ilk xarici rəsmi səfərini hansı ölkəyə edəcəyi ilə bağlı artıq versiyalar ortaya atılıb. ABŞ prezidentinin Rusiyaya, Türkiyəyə, hətta Azərbaycana gələcəyi ilə bağlı iddialar var.

Axır 30-40 il ərzində seçilmiş ABŞ prezidentlərinin ilk xarici səfərlərini araşdırarkən maraqlı nəticələr ortaya çıxdı. Məlum oldu ki, istisnalar xaric ABŞ prezidentlərinin ilk xarici, səfərləri qonşu Kanadaya olub. Məsələn, 1980-ci il seçkilərində qələbə qazanan və 1981-ci ilin yanvarında vəzifəsinin icrasına başlayan prezident Ronald Reyqan ilk xarici səfərini martın 10-11-də Kanadaya edib. 1988-ci il seçkilərində qələbə qazanaraq prezident seçilən ata Corc Buş da bu ənənəni davam etdirib. 1989-cu ilin yanvarında səlahiyyətlərinin icrasına başlayan Corc Buş 20 gün sonra, fevralın 10-da Kanadaya səfər edib. Bu qaydanı 1993-cü ilin yanvarında ABŞ prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan demokrat prezident Bill Klinton da davam etdirib. Klinton aprelin 3-4-də Kanadaya səfər edib. 

2000-ci ildə seçkiləri qazanaraq ABŞ-ın prezidenti seçilmiş kiçik Corc Buş vəzifə səlahiyyətlərinin icrasına başladıqdan 3 ay sonra - aprelin 20-22-də Kanadaya səfər edib. Və nəhayət, hazırkı prezident Barak Obama 2009-cu ildə vəzifəyə gəldikdən düz bir ay sonra fevralın 19-da qonşu Kanadaya səfər edib. Apreldə isə Obama qitəni tərk edərək Yaxın Şərqə səfər edib, Misir və Türkiyədə rəsmi görüşlərə qatılıb. Yeri gəlmişkən, Obama ikinci dəfə seçildikdən sonra ilk xarici səfərini İsrailə edib. Ancaq buna baxmayaraq, ABŞ və İsrail hökumətləri arasında münasibətlər o qədər də isti olmayıb. Baş nazir Netanyahu ilə prezident Obama arasında soyuq küləklər əsib.

Qeyd edək ki. ABŞ prezidentlərinin ilk səfərlərini Kanadaya etməsinin əsas səbəbi kimi bu ölkə ilə coğrafi qonşuluq göstərilir. ABŞ-ın cəmi iki ölkə ilə - Kanada və Meksika ilə quru sərhədləri var. Ən böyük quru sərhədi isə Kanada ilədir. Bundan başqa, tarixi, siyasi, iqtisadi cəhətdən ABŞ və Kanada yaxın ölkələrdir. 

Kənan RÖVŞƏNOĞLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]