Gündəm
Sabiq MTN generallarının həbs müddəti uzadılıb
15-11-2016, 12:41
"MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti növbəti dəfə uzadılıb.
APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsi həmin cinayət işi üzrə saxlanılan və hazırda ibtidai istintaqı davam etdirilən, ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay artırıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, ləğv edilmiş MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Qeyd edək ki, saxlanılan 20 nəfərdən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları - Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi digərlərinin cinayət işindən ayrılaraq ayrıca icraata verilib və hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin məhkəmə prosesi keçirilir.