İqtisadiyyat

Mərkəzi Bank dünya birjalarıyla niyə «yola getmir»?

4-06-2016, 14:52

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank iyunun 6-sı üçün 1 ABŞ dollarını 1,4994 manat səviyyəsində müəyyənləşib.

«Qafqazinfo»nun məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov ölkənin əsas bankının son günlər manatla bağlı siyasətinə münasibət bildirib.

İqtisadçı qeyd edib ki, bu həftə dolların dünya bazarındakı mövqeyi ilə Azərbaycandakı mövqeyi arasında ciddi fərq olub:

«Mərkəzi Bank həftəsonu və bazar ertəsi üçün manatı bir az da ucuzlaşdırdı. Bu gün rəsmi kurs 1 dollar 1.4964 manat idisə növbəti 3 gündə məzənnə 1.4994 olacaq. Yəni, rəsmi məzənnədə artıq 1 dollar almaq üçün təxminən 1 manat 50 qəpik ödəmək lazım olacaq. Bu həftə də dünya bazarındakı tendensiyaya ilə müqayisədə valyuta bazarımızda tam əks proses müşahidə edildi.

Xatırlayırsınızsa ötən həftə dollar dünya bazarında möhkəmlənsə də bizdə ucuzlaşmışdı.Yəni, ötən həftə də qlobal birjalar ilə «yola getməmişdik». Bu həftə isə dünya bazarında dollar üçün heç də uğurlu olmasa da, Azərbaycanda tam əksinə olaraq möhkəmləndi. Bu gün qlobal bazarda Avropa puluna nisbətən 2 faizə yaxın dəyər itirib 1 avro 1.344 dollaradək ucuzlaşan ABŞ valyutası əksinə Bakıda möhkəmləndi.

Deməli, nə qədər təəccüblü olsa da Mərkəzi Bankın siyasəti bəllidir: dollar dünya bazarında ucuzlaşanda bizdə bahalaşmalıdır, möhkəmlənəndə isə bizdə dəyər itirməlidir». (Qafqazinfo)

Administratorla əlaqə

077 611-55-22

[email protected]