İqtisadiyyat

Banklarda məşhur sual: “Amerika ilə əlaqələriniz varmı?”

29-10-2016, 22:19
Banklarda məşhur sual: “Amerika ilə əlaqələriniz varmı?”Banlara kredit götürmək üçün müraciət edən şəxslərə, bankın əməkdaşları tərəfindən müxtəlif sualların verilməsi, əlaqə vasitələrinin alınması hər kəsə məlumdur. Burada əslində hüquqi baxımdan qeyri-adi hal da mövcud deyil. Lakin banklardan kredit almaq üçün müraciət edən şəxslərdən Amerika ilə əlaqəsinin olub-olmaması da soruşulur. Bu, hətta müştəri ilə bankın bağladığı müqaviləyə də ayrıca bənd kimi salınıb. 

Bunun səbəbi nədir? Nə üçün digər ölkələr deyil, məhz Amerika soruşulur?

Mövzu ilə bağlı danışan bank məsələləri üzrə ekspert Rauf Ağayev bildirib ki, bu, Amerikanın özünün tələbidir: "ABŞ bütün ölkələrə xəbər göndərib ki, onun vətəndaşı, yaxud da onlarla hansısa əlaqəsi olan şəxslər kredit götürən zaman, bu barədə məlumatlansınlar. Bu, vergi məsələləri ilə bağlıdır. Bu, təkcə Azərbaycanda deyil, bütün ölkələrdə belədir. Amerika hökuməti vətəndaşlarının bütün pul əməliyyatları barədə məlumat toplayır. Amerikadan başqa heç bir ölkələr belə bir tələb irəli sürmürlər. Ola bilər ki, Amerikada vergidən yayınma halları çox qeydə alınıb və bu da onunla bağlıdır. Ümumiyyətlə, hesab edirəm ki, bu sahədə Amerika bir qədər geridə qalıb. Məsələn, bütün dünya mühasibatlığı beynəlxalq standartlarla işləyir, Amerika isə öz standartları ilə çalışır. Ona görə də qeyd edirəm ki, mühasibatlıq sahəsində Amerika bir qədər geri qalıb. Azərbaycanın özü də beynəlxalq standartla işləyir. Bizdə yerli standart da var, ancaq ortaya rəqəm çıxaran zaman, hesabat verdikdə bu, beynəlxalq standartlarla həyata keçirilir. Bundan başqa ABŞ hələ də çip kartlarına keçməyib. Hələ də onlarda kartlar maqnit zolağı ilədir. Belə əsaslandırırlar ki, Amerikada milyonlarla kart var, onun hamısını çip kartlarına keçirmək məsrəf tələb edir. Lakin çip kartları daha təhlükəsizdir. Baxmayaraq ki, Amerika bir çox şeylərdə irəli gedib, ancaq söylədiyimiz məsələlərdə geri qalıblar”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]