İqtisadiyyat

Mənimsəmə təkcə Beynəlxalq Bankda olub?

24-09-2016, 22:24

Ekspertlər digər banklardakı vəziyyəti açıqlayırlar, araşdırma aparılsa, acınacaqlı durum ortalığa çıxacaq... 

 

Ötən il "MTN işi” çərçivəsində Beynəlxalq Bankda milyardlarla pulun mənimsənilməsi də üzə çıxdı. Bir müddət sonra bankın rəhbəri olmuş Cahangir Hacıyev həbs edildi. O, hazırda məhkəmədə mühakimə olunur. 

Müxtəlif məlumatlara görə, bu gün bankın 6 milyard 500 milyon manatdan artıq problemli krediti, daha doğrusu, oğurlanan pulu var. Yarıdan çoxu dövlətə məxsus olan, Azərbaycanın ən böyük bankının maliyyə durumu sadə vətəndaşlar üçün qaranlıqdır. Bununla belə, ekspertlər bildirirlər ki, bu cür külli miqdarda mənimsəmə faktları təkcə Beynəlxalq Bankda deyil. Digər banklarda da oxşar vəziyyətdir. Bunun, sadəcə, araşdırılmaya ehtiyacı var. Ancaq digər banklarda mənimsənilmənin bu həddə olmadığı da bildirilir. 

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, digər banklarda da oxşar hadisələr var, çoxdur: "Sadəcə, Beynəlxalq Bankda olan həcmdə yeyinti digər banklarda ola bilməz. O bank dövlət bankıdır. Dövlətin pulu əvvəl çox idi və ona da nəzarət edən yox idi. Digər banklar isə özəldir, yiyələri, sahibləri var. Ehtimal var ki, özləri-özlərindən oğurlamayacaqlar. Amma yenə də bu hallar var. Tutaq ki, həmin banklarda bank sahibləri banka əlli milyon manat bank kapitalı qoyurlar. Amma banklar milyonlarla manatlıq, 300 milyonluq, 500 milyonluq kredit verirlər. O, əmanətçilərdən cəlb etdiyi pul hesabına verilib. Əmanətçilərdən alınan həmin pulları bank sahibləri öz şirkətlərinə kredit veriblər. O kreditlər də indi qayıtmır. Bunu da bilə-bilə edirlər. Bu da Beynəlxalq Bankda olan proses kimi bir şeydir. Sadəcə, Beynəlxalq Bankda oğurluq edənlər Cahangir Hacıyev başda olmaqla, bankın idarəçiləri idilər. Amma özəl banklarda bunu bankın əsas idarəçiləri yox, sahibləri edirlər. Yəni ucuz əmanətləri cəlb edirlər, öz şirkətlərinə də ucuz kreditlər verirlər. O kreditlər də sonra geri qaytarılmır. Bu halda əsas problem odur ki, Beynəlxalq Bankda buna görə Cahangir Hacıyevi həbs etmək mümkün oldu. Dövlət dedi ki, sən dövlət pulunu vermisən, yemisən. Amma o biri banklarda bu, bir az çətindir ki, banklar özəldir, bankların sahibləri özləri ediblər bunu. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda yoxlama aparmalıdır. Görməlidir ki, hansı kreditləri banklar toplamır və niyə toplamır? Toplanmayan kreditlərin bank sahiblərinin özlərinə yaxın şirkətlərlə əlaqəsi olması aşkara çıxarılmalıdır. Bu, ortalığa çıxsa, o bankın lisenziyası əlindən alınmalıdır. Çünki faktiki olaraq əmanətçilərin pulu verilib. Yaxud bank sağlamlaşdırılmaya getməlidir. Bu zaman da bank bank sahiblərinin əlindən alınmalıdır. İnzibatçıları dövlət özü təyin etməlidir ki, kreditləri geri qaytarsınlar”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a qeyd edib ki, Beynəlxalq Bankda baş verənlər digər banklardakı vəziyyətə də diqqət çəkir: "Əslində Beynəlxalq Bankda gedən proseslər göstərdi ki, bank sistemində ciddi yoxlamalar, araşdırmalar aparılsa, böyük problemlərin üzə çıxması ehtimalı var. Sadəcə, Beynəlxalq Bank dövlətin bankı olduğu, dövlət nəzarətində olduğu üçün, orada iri layihələr olduğu üçün, geniş kapitallaşmaya malik olduğu üçün, orada iri layihələrə kredit müqavilələrinin bağlanması və yaxud digər sxemlərlə, həm korrupsiya yolları ilə, həm hər hansı tapşırıq yolu ilə böyük layihələrə kreditlərin ayrılması daha çox yayğın idi. Beynəlxalq Bankda gedən proseslər rəqəmsal olaraq çox böyük həcmə malik idi. Düşünmürəm ki, digər banklarda belə böyük həcmdə hər hansı proseslər olsun. Amma neqativ halların digər banklarda olması ehtimalı da çox yüksəkdir. Sadəcə, bu, dövlətin bankı olduğu üçün, böyük vəsaitlərə malik olduğu üçün, məmurların ora təsir vasitələri böyük olduğu üçün Beynəlxalq Bankdakı böyük həcmdə olan yeyintilər və neqativ hallar digər banklarda o həcmdə ola bilməz”.

Röya RƏFİYEVA

Administratorla əlaqə

077 611-55-22

[email protected]