İqtisadiyyat

Pensiya yaşı artırılarsa... - İqtisadçılar SOS verir

18-10-2016, 01:31
Pensiya yaşı artırılarsa... - İqtisadçılar SOS verir

Son günlər yayılan məlumatlara görə, hökumət böhrandan çıxış yolllarından biri kimi əhalinin pensiya yaşını qaldırmağı düşünür. Qadınlar üçün bu yaş həddi 60-dan 63-ə, kişilər üçün 63.5-dən 65-ə yüksəltmək nəzərdə tutulur. Qaynarinfo.Az xəbər verir ki, iqtisadçı ekspertlər bu xəbərdən narahatlıq ifadə ediblər. 

İqtisadçı Rövşən Ağayev bildirib ki, bu qərar qəbul edilsə, yaxın illərdə pensiyaya çıxmağa hazırlaşan insanlar böhran yaşaya bilərlər:  

"Sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərn pensiya yaşı 62-dən 63.5-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi də: 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alınıb. Pensiya yaşının orta hesabla 2.5 il artırılması 6 son ildə yaşa görə pensiyaçıların sayının 10% azalmasına şərait yaratdı. Deməli, pensiya yaşının növbəti dəfə orta hesabla 2.5 il artımı yaxın 10 ildə yaşa görə pensiyaçıların sayını yenidən ən azı 10-12% azaldacaq".

Ekspert bildirib ki, hökumətin düşdüyü vəziyyəti anlamaq çətin deyil: "Bu gün Sosial Müdafiə Fondunun təxminən 75%-i dövlət sektoru hesabına formalaşır. Söhbət dövlət büdcəsinin Fonda transfertlərindən, büdcə işçilərinə görə Fonda məcburi ayırmalar, qeyri-büdcə dövlət təşkilatlarının Fonda sosial sığorta ödəmələrindən gedir. Yəni, 3.3 milyard manatlıq Sosial Fondun ən yaxşı halda 25%-i və ya 800 milyon manatı özəl sektorun hesabına formalaşır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalnin 80%-ə qədəri özəl sektorun payına düşür. Yəni, əgər bu gün 1.3 milyon pensiyaçı yalnız özəl sektorun sosial sığorta ayırmalarının öhdəsində qalsa, hər pensiyaçı ayda maksimum 50 manat pensiya ala bilərdi".

R.Ağayev bildirib ki, inkişaf etmiş iqtisadiyyatlarda 1 pensiyaçıya orta hesabla 4 nəfər sosial sığorta ödəyici düşür: "Yəni 4 nəfər işləyir, 1 pensiyaçını saxlayır. Azərbaycanda vəziyyət çox katostrofikdir: 1 pensiyaçıya təxminən 1 nəfər sosial sığorta ödəyici düşür. Bu cür maliyyə bazası ilə Pensiya Fondu uzun müddət davam gətirə bilməz. Nəzərə alaq ki, əslində bizim Sosial Fondu son illər Neft Fondu saxlayıb. Çünki dövlət büdcəsi Neft Fondundan böyük transfertlər almasa idi, Pensiya fondunun ən azı 40%-ni transfertlər hesabına formalaşdırmaq da mümkün olmzadı. İndi isə Neft Fondunun imkanları tükənir, büdcəyə transfertləri kəsir. Bu ixtisar Sosil Müdafiə Fondunun yaxın perspektivində mütləq nəzərə alınmalıdır. Məlumat üçün deyim ki, Neft Fondunun büdcəyə ən yüksək transferi (2013-cü ildə 11.3 milyard manat) ilə müqayisədə 2017-ci ildə təxminən 2 dəfə ixtisar var (6.1 milyard manata enib)".

İqtisadçı deyib ki, yaranmış vəziyyətin səbəbkarı da elə hökumət özüdür:"Niyə Sosial Müdafiə Fondunun büdcəsində özəl sektorun payı cəmi 25%-dir? Çünki hökumət effektiv siyasətə malik olmayıb, rəqabətqabiliyyətli iqtisadiyyat, böyük dövriyyəyə və deməli uyğun qaydada böyük vergi potensialına malik özəl sektor formalaşdırmaq öhdəliyini yerinə yetirə bilməyib. Niyə sosial sığorta ödəyənlərin sayı son dərəcə azdır? Çünki ölkədə böyük miqyasda qeyri-leqal işsizlik var, hökumət qabiliyyəti olan hər kəsi işlə təmin etməklə bağlı konstitusion öhdəliyini yerinə yetirə bilməyib, hökumət kölgə iqtisadiyyatını ləğv etməklə böyük miqyasda qeyri-leqal məşğulluğun qarşısını ala bilməyib. 

Məsələyə bir az da pensiya hüququ əldə edəcək insanların mənafeyindən baxmaq lazımdır, onları anlamağa çalışmaq gərəkdir. Bəli, bu gün Avropa ölkələrində, ABŞ-da, İsraildə, Yaponiyada pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada və İspaniyada hər 2 cins üçün pensiya yaşı artıq 67 yaşdır. Hərçənd ki, nisbətən aşağı yaş senzi olan ölkələr də var. Məsələn, Belçikada hər 2 cins üçün 63, Fransada 62.5-dir. Faktiki olaraq Azərbaycan hökuməti pensiya yaşını 63 və 65 yaş həddi müəyyən etməklə, bu məsələdə inkişaf etmiş standartlarını tətbiq etmiş olur. Amma demoqrafik baxımından bu yanlışdır. Əvvəla, bu ölkələrdə kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Bizdə isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır. Yəni bizim insanların orta yaşama müddəti göstəricisi inkişaf etmiş ölkələrdən ən azı 10-15% aşağıdır. Bu göstəricidiən çıxış etsək, pensiya yaşının da eyni səviyyədə aşağı olması mütləq vacibdir. Bu halda ən azından yaxın 5 ildə Azərbaycandakı hər iki cind üzrə hazırkı pensiya yaşını saxlamaq daha ədalətli olardı".

R.Ağayev xatırladıb ki, Beynəlxalq standarta görə, pensiya yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər. 

İqtisadçı ekpert Qadir İbrahimli də bildirib ki, bu qərarın qəbul edilməsini yolverilməz hüsab edib:"Azərbaycanda pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçünsə 60 yaşdır. İndi hökumət pensiya yaşını daha 2 il qocaltmaq istəyir. Azərbaycanda qadınların orta ömür həddi 76, kişilərin orta ömür həddi isə 71 ildir - ümumi orta göstərici 73 il. Hər halda rəsmi göstərici belədir. Deməli, hökumət orta hesabla kişilərə 6 il, qadınlara isə 11 il pensiya verməyi düşünür. Hazırda bu göstərici 8 və 16 ildir. Hökumət böhran dövründə pensiya fondunu bir qədər kiçiltmək istəyir.

Alternativ hesablamalara görə isə, orta ömür həddi 65-67 yaşdır. Yəni 2-3 il pensiya ilə dolanıb haqq dünyasına qovuşsun...

Avropa Birliyi ölkələrində pensiya yaşı 61-63, orta ömür həddi isə 80-85-dir".

Qızılgül

Administratorla əlaqə

077 611-55-22

[email protected]