Gündəm

Kəmaləddin Heydərovun keçmişi və bu günü

8-10-2016, 19:36
Cənub zonasının "qubernator”u kimlərə xidmət edir?
Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qaranlıq keçmişi ilə bağlı ötən yazımda qısa məlumat vermişdik. Ölkədə vəzifə tutmazdan öncə Rusiyada böyük biznes şəbəkəsi qurmağı bacaran fövqəl nazirin narkotik ticarətində də uğura imza atdığı medianın diqqətindən yayınmayıb. Erməni əsilli Makaryanla yaxınlıq və narkotik ticarətindəki şərikli biznes qısa zəmanda Rusiyanın hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb. Və nəticədə Rusiyada qısamüddətli həbs həyatı yaşayan Kəmaləddin Heydərov erməni narkobaron Makaryanın dəstəyi ilə azadlığa qovuşub.

Tanıdığım və tanımadığım Kəmaləddin

Fövqəladə Hallar nazirinin qaranlıq keçmişi ilə bağlı Realliq.info – da imzamla dərc olunan yazıdan sonra heç də xoş olmayan bir həftə yaşadım. Istər sosial şəbəkədə, istərsədə müxtəlif vasitələrlə üzləşdiyim hədələrin arxasında Fövqəl nazirin durduğuna şübhəm qalmadı. Hələ 2004 və 2005- ci illərdə bir neçə dəfə görüşdüyüm Kəmaləddin Heydərovun mənə və mənim də ona yad sima olmadığımız bəllidir. Hər görüşümüzdə yazdıqlarımı səmimi qarşılayan nazirlə normal dialoq qurmuşuq və yazılanlara narazılığını ziyalılara xas şəkildə ifadə etdiyinin şahidiyəm. O da cənab nazirə aydındır ki, hər görüşümüzdə yazılarımı davam etdirəcəyimi və gördüklərimi qələmə alacağımı şəxsinə söyləməkdən çəkinməmişəm. Lakin məni az-çox tanıdığından indi K.Heydərovun tutduğu mövqe, onun haqqında yazdığım yazıları hədə-qorxu ilə dayandıracağımı düşünməsi və ya "sadiq” qullarının yersiz hədələrindən və qanunsuz, eyni zamanda düşüncəsiz gedişlərindən çəkinərək yazılara "stop” deyərək onların istəklərinə uygun addım atacağımı gözləmələri reallıqdan uzaq olduğunu bir daha diqqətlərinə çatdırıram.

Hakimiyyətdaxili savaşın qalibi

Rusiyanın hakim dairələrində böyük hörmət qazanan Fövqəladə Hallar nazirinin keçmişi ilə bağlı Realliq.info – ya ilginc faktlar daxil olmaqdadır. Hələ Kömrük Komitəsinin sədri olduğu dönəmdə hakimiyyətdaxili savaşda rəqiblərini yenməyi bacaran K.Heydərov hər ötən dövrdə mövqelərini daha da möhkəmləndirməyi bacardı. Hakimiyyətin qərb meyilli qolunun ona yaratdığı əngəlləri aradan qaldırmaq üçün Rusiyanın dəstəyini daim hiss edən Fövqəl nazir Dövlətə xəyanət bahasına belə mövqeyini gücləndirməyi bacardı. İlk öncə keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasovu zərərsizləşdirən nazir ona ciddi əngəllər yaradanlarla açıq savaşa başladı. Xatırladım ki, Namiq Abbasov keçmiş kömrük şefinin fəaliyyətinə ciddi maneələr törədirdi. Onun nazir işlədiyi dövrdə Kömrükdə baş verən proseslər nəzarətdə saxlanılmaqla qanunsuz yolla əldə edilən gəlirin qarşısının alınmasına cəhdlər səmərə verirdi. Uzun mübarizədən sonra vəzifədən alınan Namiq Abbasovun Kömrük şefinə məğlubiyyəti rəsmiləşdi. Məhz həmin dövrdən sonra Kəmaləddin Heydərov biznes şəbəkəsini genişləndirdi və Azərbaycanın bir sıra bölgələrinə nəzarəti ələ keçirməyi bacardı. Ölkə iqtisadiyyatında monapolyanın bünövrəsinin qoyulmasında önəmli rol oynayan Fövqəl nazirin sonralar qarşısına keçməyə cəhd edən keçmiş İqtisadi inkşaf naziri Fərhad Əliyevlə mübarizəsi uzun çəkmədi. Bir çoxları Kəmaləddin Heydərov haqqında formalaşdırdıqları "təcrübəsizdir, siyasətçi deyil” kimi fikirlərin əslində nazirin təbliğatına xidmət etdiyini söyləmək olar. Məhz bu cür düşünən rəqiblər eləcədə Fərhad Əliyev yazımızın qəhrəmanını ciddiyə almadan onunla açıq mübarizəyə və ya düşmənçiliyə başlamışdı. Əslində Fövqəl nazirin maraqlarına xidmət edən açıqlıq arxasındakı gücləri də səfərbər etdi. Belə olan halda Fərhaq Əliyevin arxalandığı qüvvələr məğlubiyyətlərini etiraf edib onu qurban verdilər. Nəticədə Rusiyanın əsas dəstəyini qazanan Kəmaləddin Heydərov düşmənini yolundan təmizlədi və növbəti rəqiblərini geri çəkilməyə məcbur etdi. 

Cənub zonasının "Şah”ı – Kəmaləddin Heydərov

Rusiyanın hakimiyyətdə əsas adamına çevrilən Fövqəladə Hallar naziri haqqında cəmiyyətdə "yaxşı adam” obrazı yaradanlar az deyil. Hətta bəzilərinin sosial şəbəkədə, "qoysalar Kəmaləddin Heydərov hamıya kömək edəcək və ya Kəmaləddin Heydərovdan mərhəmətli adam yoxdur” – kimi fikirləri paylaşmaları adıçəkilən məmurun yeni gedişlərindən xəbər verir. Bu mövzuya toxunmazdan öncə qeyd edim ki, Kəmaləddin Heydərov hazırda ölkənin bir sıra bölgələrinə qeyri-rəsmi nəzarət edir. Onun cənub zonasına icra başçılarını təyin etdirməsinə kimsənin şübhəsi yoxdur. Astara, Masallı, Lənkəran, Neftçala və digər cənub rayonlarında Heydərovun "şah”lığı davam edir. Onun icra başçısı olan kadrları cənub bölgəsində sosial durumu ağırlaşdırmaqda israrlıdırlar. Lakin Fövqəl nazirin maraqlarına xidmət edən bu siyasətin ölkə başçısının istəklərinə qarşı olduğunu anlamaq çətin deyil. 
Cənub zonasında narazı kütlə yaratmaq kimə və ya kimlərə xidmət edir deyə sual yaranır. Əlbəttə Azərbaycanı təsir altında saxlamaq istəyən böyük güclərin siyasətinin mayasında bu amil önəmli rol tutur. Nəzərə alsaq ki, Fövqəladə Hallar naziri Rusiyanın hakimiyyətdə əsas admlarından biridir, o zaman aparılan siyasətin də xidmət dairəsini çəkmək asanlaşır. Kəmaləddin Heydərovun kadrlarının da Dövlətə qulluq etmədiklərini düşünmək çətin deyil. Hakimiyyətdaxili savaşda özünü gücə çevirən nazirin hər zaman cənub və şimal təsirlər altında olan bölgədə qarşıdurma yaratmaq istəyi əslində Azərbaycana qarşı olan güclərin tapşırıdır.
Cənub bölgəsinə təyin olunan icra başçıların keçmişinə nəzər salanda onların Fövqəl nazirlə sıx bağlı adamlar olduğu üzə çıxır. Təkcə Neftçala rayon icra başçısı İsmayıl Vəliyev K.Heydərovun kadrı olmasını hər addımbaşı xatırlatmağı özünə borc hesab edir. 

İsmayılın xilas etdiyi Fövqəl nazir

İlk öncə İsmayıl Vəliyevin rəsmi keçmişinə nəzər salaq:
31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə "İlk Bank” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələ ləri şöbəsində böyük məsləhətçi işləyib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri,21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz” Məhdud Məsuliyyəti Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 
Bu məlumatı təsadüfən diqqətinizə çatdırmadım. İsmayıl Vəliyevin 1991-1992-ci illərdə "İlk Bank” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işlədiyini bir daha qeyd edək. Realliq.info - nun araşdırmaları zamanı məlum olur ki, Kəmaləddin Heydərovun maddi sıxıntıları zamanı İsmayıl Vəliyev, qaynı və şəriki Rövşən Aslanov banklarını ona hədiyyə edirlər. Həmin banklara sahib çıxan Kəmaləddin Heydərov çox keçmir ki, ona əl tutan şəxsləri mükafatlandırır. Rövşən Aslanovun bildirdiyinə görə Fövqəl nazir onlara yaxşılığı təsadüfən etməyib. Onlar banklarını nazirə verməklə yanaşı onu öz bizneslərinin ortağı ediblər. Bundan sonra hakimiyyətdə söz sahibinə çevrilən Kəmaləddin Heydərov İsmayıl Vəliyevi və Rövşən Aslanovun qardaşı Xəzər Aslanovu icra başçıları təyin etdirir. 

P.S. Bu yazımdan sonra da bəzi şəxslərin hədə-qorxularının davam edəcəyinə şübhəm yoxdur. Lakin xatırladım ki, Kəmaləddin Heydərov haqqında yazılanlar təkcə bununla bitmir. Onlara tövsiyyəm hədələri kənara qoyub növbəti yazımda açıqlanacaq faktları gözləsinlər və oxusunlar. Bu Dövlətə xəyanət edənləri qorumaq məqsədimiz olmamalı, əksinə onların əməllərinin ifşa olunmasında mənə yardımçı olmaları vacibdir. 
/Realliq.info/

Administratorla əlaqə

077 611-55-22

[email protected]