Mədəniyyət

İctimai Televiziyaya rüşvət ittihamı - Məşhur aşıq od püskürdü

14-12-2015, 21:39
İctimai Televiziyaya rüşvət ittihamı - Məşhur aşıq od püskürdüAşıq Məhərrəm Hüseynli: "Zəng edən xanım qayıtdı ki, verilişi təzə açmışıq. Hər şey pulludur. 30 dəqiqə 300 manatdır, bir saatlıq veriliş isə 600 manatdır"

"İctimai Televiziyanın yayım Şurasının üzvləri, Şuranın sədri Cahangir Məmmədli hara baxır?"

PİA.AZ moderator.az-a istinadən aşıq sənətinin bilicilərindən olan Məhərrəm Hüseynlinin müraciətini təqdim edir:

…35 ildən çoxdur ki, televiziya efilərində, radio dalğalarında mütəmadi olaraq milli xalq sənətimiz olan aşıq musiqisini təbliğ edirəm. Bu günə qədər 35-dən çox videom, yüzə yaxın audio lentlərim milyonlarla insanların sevincinə səbəb olub. Xatırladıram ki, hər kəsin AzTV-də çıxışına razılıq olmayan bir vaxtda televiziyada yaradılmış komissiyanın baxışından sonra mənə də çıxış üçün icazə verilmişdi. Hal-hazırda etdiyim ifalar dövlət televiziyasının arxivində və səsyazma arxivində saxlanılır. Eyni zamanda sosial şəbəkələrdə də paylanılıb. Əlbəttə, mən bu nailiyyətləri sazımızın-sözümüzün korifeylərindən öyrənmişəm. Bu mənim ən böyük qazancım deməkdir. Onu da deyim ki, televiziyaya və radioya dəvət olunan zaman yeganə məqsədim sazımızın, sözümüzün düzgün təbliğatçısı olmaqla birgə, milli dəyərlərimizi özümüzə qaytarmaq olub. İnsafən bu kanalda çalışan musiqi redaktoru və digərləri razılığını bildirsələr də məndən pul və digər umacaqları olmamışdır. Əksinə sevinmişlər ki, milyonların ürəyincə olan bu veriliş onlara baş ucalığı gətirəcək.

Onu da deyim ki, bir dəfə də olsa mənə düşəcək qonorarımı nə istəməmişəm, nə də verməyiblər… Axı xalqın mədəni və mənəvi ruh yüksəkliyini özümünkü hesab etmişəm.


Artıq respublikamızda televiziya kanallarının bolluğudur. Kim nə istəyirsə, onu da edir. Toyxanalarda oxuyanları, şou ulduzları kamil olmayınca efirə buraxmırdılar… Bunların adını çəkmirəm, ona görə ki, siz məndən yaxşı görürsünüz. İndi isə sizə son vaxtlar telekanalların açıq və him-cim deyimləriylə qazanc əhvalatlarından demək istərdim.

Təxminən bir ay bundan əvvəl İctimai Televiziyanın əməkdaşı (adını və telefon nömrəsini hələ yazmıram) mənə zəng edib dedi ki, Məhərrəm müəllim, istəyirik ki, sizin ifanızda aşıq havalarını 30 dəqiqə, istəsən bir saat lentə alıb efirə verək… Mən «Nə olar, edin!» deyə cavab verdim. Zəng edən xanım qayıtdı ki, verilişi təzə açmışıq. Hər şey pulludur. 30 dəqiqə 300 manatdır, bir saatlıq veriliş isə 600 manatdır. Dedim, xanım, bəs bizə düşəcək qonorarı verəcəksinizmi? Əlbəttə, o, bu sualı cavabsız qoydu. Mən isə onu müxtəlif bəhanələrlə uzaqlaşdırsam da hər həftədə bir neçə dəfə zəng edirdi... Bu adama və onun havadarlarına oxunacaq və çalınacaq musiqi yox, pul lazım idi… Düzü, mən bilmirəm ki, İctimai Televiziyada doğrudanmı belə bir pullu veriliş açılıb, ya yox. İndiyə qədər çıxış edən balaca uşaqlarla ortabab gənc saz çalan aşıqlar pulu hansı kassaya ödəyiblər, onu da bilmirəm... Maraqlıdır ki, İT-ya bu komersiya əməliyyatını təkcə aşıqlaramı tətbiq edibdir? Axı bu kanal hər il büdcədən bilirsiniz nə qədər pul alır? Adından görünür ki, ictimai kanaldır, yəni ictimaiyyətə, xalqa xidmət edir… Bəs bu pullu verilişlər məsələsi nədir? Məsələn, bu ilin dövlət büdcəsində AzTV-yə 37, 7 milyon manat maliyyə yardımı verilibsə, İT TV-yə isə 16, 552 milyon manat vəsait ayrılıb (Mən hələ reklamlardan gələn gəlirləri demirəm…). Və həmin vəsait bizlərin vergilərindən formalaşıb, deməli, həm də mənim büdcəyə ödədiyim vergilərdən yaranıb. Amma mənim, sənin, onun… maliyyələşdirdiyi TV-də xalqın mədəniyyətinin təbliği üçün niyə də pul ödəməliyəm??? İctimai Televiziyanın yayım Şurasının üzvləri, Şuranın sədri Cahangir Məmmədli hara baxır?

Onu da deyim ki, deputat seçkiləri zamanı təbliğat işləriylə bağlı komersiya qaydalarını və kimin bir dəqiqə və ya 15 dəqiqə çıxışına nə qədər yüksək məbləğ oxuduğu məlumdur. İctimai Televiziyanın yayım Şurasının üzvləri, Şuranın sədri Cahangir Məmmədli həmin vaxtlarda susdular. Bəlkə biz aşıqları da belə ediblər? Bəyəm aşıqlar da deputatmı seçilirlər?

Hər kəs bilir ki, aşıqların ala-babat olanları dünyasını dəyişib. İndikilərin əksəriyyəti gəncdir, tək saz-sola ifaçısıdır. Yeni öyrənənlərdir. Onların böyük əksəriyyəti sazı səsinə uyğun kökləməyir. Oxu taktikasından bixəbərdir. Sözü ifa etdiyi musiqiyə uyğun seçmirlər. Ritimik qaydaları gözləmirlər. Sinkretikliyi və ardıcıllığı bilmirlər. Aşıq libası geymirlər. İfa zamanı hər hansı bir havaya uyuşmayan segah və digər başlıq artırırlar. Heç birinin düzgün diksiyası yoxdur. Yaxası açıq, bir qılçası qaçaraq durmuş kimi dururlar. Bəzən belə lent yazısını efirə buraxırlar. Bu zaman nağaranın, sintizatorun səsi eşidilir, amma aşıq təkcənə ağzını açıb yumur. Harada görünübdür ki, aşıq fonoqramma ilə efirə çıxsın? Qəribədir ki, kimsə özünü təqsirkar hesab etmir. Axı kim icazə verib ki, ictimaiyyətin televiziyasında, içtimaiyyəti öz xalq musiqisindən uzaqlaşdıralar. Bəyəm İT-nın sədri Cəmil Quliyev bunlardan bixəbərdirmi? Niyə bu pul məsələsini muğama, toyxana bülbüllərinə, estradaçılara, simfonik musiqiçilərinə tətbiq etmirlər? Görünür aşıq sənətinin düşmənlərindən biri də bu kanaldır.

Məlum edirəm ki, bu gün aşıqların qazancı yoxdur. Əksəriyyəti kasıbdır. Demək olar ki, güclə dolanırlar. Tanıdığım aşıqların əksəriyyəti kasıblıq ucbatından sənətdən uzaqlaşıb qeyri işlərlə məşğuldurlar. Buna görə də gənclər aşıq olmaq üçün yönəlmirlər. Axı kim yarı çılpaq, fonoqrammayla oxuyan, restoranın ab-havasını dadanı qoyub toya hansısa bir aşığı aparar?

Mən İctimai Televiziyanın pul məsələsi ilə bağlı Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubla danışmaq istəsəm də o, müalicədə olduğu üçün narahat etmədim. Odur ki, müraciətimi təmənnasız olaraq xalqa xidmət edən «Təzadlar»a göndərdim ki, dərc etsin, yatmışlar bəlkə oyandı, bu xalqı eşitdi… Güman ki, AAB-nin büro üzvü kimi, bu hoqqabazlığa etirazımı aşıqlarla birgə bildirəcəyik. İçtimaiyyətin ümümi rəyini öyrənməyi də sizlərdən umacağıq.

Onu da qeyd edim ki, ”Mədəniyyət” kanalında yenidən bərpa olunan aşıq sənətinə həsr edilən veriliş də özünə ibrət götürməlidir. Restoranlarda və müxtəlif yerlərdə yox, elə öz kanalında verilişlərini çəksə yaxşı olardı. Dövlətin nəzarətində və tabeliyində olan hər bir kanal kiminsə ata malı deyil. Pul dilənən papağını və yaylığını qabağına qoyub dilənər. Daha belə yox. Bu bizim dövlətimizə, millətimizə, sənətimizə və mədəniyyətimizə bağışlanmaz xəyanət deməkdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]