Reportaj

Gizli dinləmə cihazı, saxta vəsiyətnamə, sui-qəsd planı...

8-09-2016, 02:23
Gizli dinləmə cihazı, saxta vəsiyətnamə, sui-qəsd planı...
İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsində sensasion ifadələr
Şahid: "Mehriban dedi, elə bir dərman tapım ki, İlhamə Quliyevanın huşu itsin”

 

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostu, hazırda həbsdə olan Vüqar Bəkirov ifadə verərkən jurnalistlərin prosesdə iştirakına etiraz edib. O etirazını belə əsaslandırıb ki, ifadəmdə tərəflərin bir-birilərinə ünvanladığı təhqiramiz sözlər var və hamısını olduğu kimi demək istəyir. 

Hakim Səbuhi  Hüseynov deyib ki, məhkəməyə yalnız Mehriban Hüseynovanın İlhamə Quliyevanın əmlakını ələ keçirməyə cəhd ittihamı barədə danışmaq lazımdır və şahiddən gördüyü və bildiyi iş üzrə ifadə verməyini tələb edib.

Şahid ilk öncə mərhum İlhamə Quliyevanın oğlu Orxan Kərimovun borc məsələsi haqda danışıb:  "Orxan mənim vasitəmlə bir neçə şəxsdən pul alıb. Sonra pulları vaxtında qaytarmadı. Pul yiyələri gəlib məndən tələb elədilər. Çıxılmaz vəziyyətdə olduğum üçün İlhamə Quliyeva ilə görüşmək qərarına gəldim. İlhamə xanıma zəng edəndə telefonu Mehriban Hüseynova açdı. Bildirdi ki, nə sözüm varsa ona deyim. Mən də İlhamə xanımla görüşmək istədiyimi deyəndə Mehriban yenə  bildirdi  ki, İlhamə Quliyeva ona baş etibarnamə verib, nə lazım olsa, ona deyim. Sonra İlhamə Quliyeva ilə görüşməyimizə razılıq verdi. İlhamə xanımla görüşəndə ona Orxanın borcu olduğunu dedim. İlhamə xanım əvvəlcə dedi ki, get, polisə şikayət et. Ancaq sonradan fikrini dəyişdi və məsələnin mətbuata çıxmamasını istədi. Mənə Orxanın borcu olan 10 min manatı ödədi. 
Vüqar Bəkirov bildirib ki, görüşəndə Mehribanın İlhamə Quliyevaya qarşı kinli olduğunu görüb. "Mənə Orxanın İlhaməyə baxmadığını, ona hörmət etmədiyini deməyə başladı. Mehriban dedi ki, İlahmə Quliyeva müalicə alır. Vəziyyəti ağırdır. 4-5 görüşdən sonra mənə dedi ki, hər şeyi öz adına keçirəcək. Ona vəsiyətnamə düzəltməyə kömək etməyimi istədi. Mənə Orxanla bağlı dediklərini, hər şeyi Orxana danışırdım. Orxan elə görüşdən sonra məni gözləyirdi. Səs yazılarını da ona verirdim. Həmin səs yazılarını da istintaqa təqdim etmişəm. Aramızda söhbətlər olandan sonra məni İlhamə Quliyeva ilə görüşdürdü. Orxanla bağlı problemi ona danışdım. Orxanın onun mülkləri ələ keçirməsini istəmirdi. Mən də bunu Orxana çatdırırdım.  Biz Orxanla Mehribana saxta vəsiyyətnamə düzəltməyi planlaşdırdıq. Məqsəd bu idi ki, mən vəsiyyətnaməni ələ keçirim, Orxana verim. O da İlhamə Quliyevaya göstərsin və Mehribanın necə adam olduğunu sübut etsin. Mən əvvəlcə Orxana təklif elədim ki, Mehribanın bu işini polisə deyək. Ancaq Orxan dedi ki, bunu sübut edə bilməyəcəyik”.

Şahid  İlhamə Quliyevaya dərman verilməsindən də danışıb: "Mehriban dedi, elə bir dərman tapım ki, İlhamə Quliyevanın huşu itsin. Notariusdan gələn olanda sənədlərlə etiraz etmədən qol çəksin. Ancaq Orxanla biz Mehribana vitamin verdik. Həmin dərmandan mən də istifadə edirdim. C vitamini idi. Gündə 4 ədəd atırdı. Bu onun sağlamlığına zərər vurmurdu. Əksinə, xeyir edirdi”.
Vüqar Bəkirov deyib ki, vəsiyyətin hazırlanması üçün Mehriban Hüseynova  2700 manata qədər pul verib, sonradan pul qaytarılıb. 

Vəkillərin suallarını cavablandıran şahid İlhamə Quliyeva ilə oğlu arasında münasibətlərin korlanmasını belə izah edib: "Orxandan eşitdiyimə görə, Mehriban evə baxıcı gətirib. Evdən cadular çıxıb. Sonra İlhamə Quliyevaya deyib ki, bu caduları Orxanın arvadı qoyub. Bundan sonra onların münasibətləri korlanıb. Mənim bildiyim səbəb budur. İlhamə xanımın belə bir xasiyyəti var idi ki, 3-4 ay tanıdığı bir adamın dediyinə inanırdı. Mehribana da belə inanırdı. Mehriban onlar arsında münasibətləri pozurdu. Mən Orxanla anasını görüşdürüb, barışdırmaq istədim. Mehriban mənə qışqırırdı ki, niyə belə etmişəm?!”.

V.Bəkirov Mehriban Hüseynovanın nüfuzlu şəxslərlə münasibəti olduğu halda niyə məhz vəsiyyətnaməni ondan istəməsini belə izah edib: "Dedi ki, onlara deyə bilmərəm".

Vəkil Vasif Mirzeyev bildirib ki, İlhamə Quliyeva ölümündən əvvəl oğlu Orxan Nadirov və Vüqar Bəkirovdan polisə şikayət edib. Vəkil onu da əlavə edib ki, V.Bəkirov İlhamə Quliyevanın evinə dinləmə cihazı qoymaq üçün mərhumdan külli miqdarda pul alıb. V.Bəkirov isə bunların  doğru olmadığını söyləyib.

V.Bəkirov  Mehriban Hüseynovadan polisə şikayət etməyi haqda bunları danışıb: "Mehriban İlhamə xanımı şantaj edirdi. Onun barəsində xəbərlər yayacağını deyirdi. İlhamə xanım da Mehribanın evdən oğurluq etdiyini deyir, mənim şahid olmağımı istəyirdi. Mən isə buna etiraz etdim. Ona görə aramız dəydi.” 


Vüqar Bəkirov Mehriban Hüseynovanın İlhamə Quliyevanın qabağında diz çökməsindən danışıb: "Mehriban evə girəndə Kəmalə ona bir sillə vurdu. Mən ilk dəfə idi İlhamə xanımı elə görürdüm. Beli bükülmüşdü, ayaqları çirkin içində idi. İlhamə xanım həmin gün onu bağışlamaq istəyirdi. Onu heç kim vurmadı”.


Məhkəmədə şahid qismində Faiq Ələkbərov da ifadə verib. O, 10 il İlhamə Quliyevanın mətbuat katibi işlədiyini deyib: "İlhamə xanım mənə zəng elədi ki, başıma belə bir iş gəlib,  sən mənim yaxınımsan, evə gəl. Evdə səs yazılarını dinlədik. Mehriban İlhamə Quliyeva haqda danışırdı. Mülkünü ələ keçirmək istədiyini bildirirdi. Mehriban evə girən kimi yalvarmağa başladı.

F.Ələkbərli M.Hüseynovanı İlhamə Quliyevanın istəyi ilə videoya çəkdiklərini bildirib: "İlhamə xanım dedi ki, olanları videoya çəkim. Hamı görürdü. Gizli çəkmirdim. Sonra videonu İlhamə xanım istədi. Özü də mətbuat konfransında jurnalistlərə verib”.

Təqsirləndirilən M.Hüseynova isə çəkilişin gizlin olduğunu və görmədiyini bildirib. Məhkəmə prosesi sentyabrın 20-də davam edəcək

Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Rəşad VAQİFOĞLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]