Media

Əflatun Amaşov: Savadı olmayanlar da onlayn mediada meydan tapıblar

8-09-2016, 01:34
Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Trend-ə açıqlamasında deyib.

Ə.Amaşov bildirib ki, işini zamanın tələblərinə uyğun şəkildə quran onlayn media vasitələri az deyil: "Ötən müddətin təhlili göstərir ki, məhz onların fəaliyyəti nəticəsində elektron medianın Azərbaycan cəmiyyətində qəbul olunduğunu söyləmək mümkündür. Peşəkar yanaşma tərzi ilə seçilən internet media resursları ictimai rəyi doğru yönləndirmək missiyasını üzərlərinə götürməyi bacarıblar. İnsanlarda onlara inam yaranıb. Bu inam vaxtilə ənənəvi mediaya olan inam səviyyəsinə çatmasa da, nikbin düşünmək üçün əsaslar var. Ancaq bilirsiniz ki, ənənəvi mediadan onlayn mediaya keçid prosesi ümumən itkisiz ötüşmür. Vaxtilə Mətbuat Şurası ayrı-ayrı qəzetlərin qeyri-etik fəaliyyətinə qarşı mübarizə aparırdı. Mübarizə özünü doğruldurdu da. Bu sahədə nöqsanlar azalırdı. Ancaq informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində fərqli vəziyyət yarandı. Yeni vəziyyətdə söz və ifadə azadlığının sərhədləri nə qədər genişləndisə, ondan sui-istifadə etmək niyyətinə düşənlərin də plasdarmı bir o qədər genişləndi. Bəzən əldə etdiyimiz pozitiv meyillərin sıradan çıxdığına şahid olduq. Bu səbəbdən hazırkı vəziyyəti ürəkaçan saymaq çətindir. Əlbəttə, qeyri-peşəkarlığı səbəb kimi görmək mümkündür. Ancaq qeyri-peşəkarlıq ümumi səciyyə daşıyır. Bu cəhət özündə bir sıra mənfi meyilləri birləşdirir. Hansısa onlayn media vasitəsi bilərəkdən qərəz yağdırırsa, bunun özü də qeyri-peşəkar yanaşma tərzinin göstəricisidir”.

Ə.Amaşov onlayn medianın problemlərindən söz açarkən təhsil məsələsini də ön plana çəkib. O bildirib ki, yeni mediada əsasən gənclər təmsil olunurlar: "Düşünürəm ki, burada təhsil məsələsi əsasdır. Yəni bəzən problemlərin bir çoxu elementar bilik səviyyəsinin yoxluğundan qaynaqlanır. Vəziyyət belə qurulub ki, adi savadı olmayanlar da onlayn medianın sayəsində özlərinə meydan tapıblar. Əslində bu sayaq məsələlərdən çox danışılıb. Əlbəttə, diskussiyalar faydasını verir. Ancaq onu da düşünək ki, internet media resurslarının sayı artır. Artım müzakirələrin faydalılıq əmsalını aşağı salır”.

Deputat onlayn mediadakı xoşagəlməz hallarla mübarizədə ictimai müzakirələrin aparılması ilə yanaşı, hüquqi addımların atılmasını da vacib sayıb.

Onlayn medianın hüquqi bazasının yaradılmasının zəruriliyindən söz açan Ə.Amaşov bildirib ki, onlayn medianın hüquqi bazasının mövcudluğu dövlət və millət üçün taleyüklü məsələlərə baxışın monolitliyi baxımından son dərəcə müstəsna əhəmiyyət daşıyır: "Bilirsiniz ki, qarşıdan referendum gəlir. Media prosesdə necə iştirak etməlidir? Bu məsələlər bizi düşündürür. Çunki referendumda nəzərdə tutulan dəyişikliklər dövlət orqanlarımızın fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir. Əlbəttə, ənənəvi media ilə bağlı konkret təcrübə var. Üstəlik qanunlarımız və Mərkəzi Seçki Komissiyasının konkret təlimatları da bu sahədə tənzimləyici rol oynayır. Ancaq qanunların və təlimatların əhatə dairəsi məsələsini də nəzərdən qaçırmamalıyıq. Düşünürəm ki, onlayn media da bu dairəyə daxil olmalıdır. Çünki ictimai rəy əsasən onların vasitəsi ilə formalaşır. Bu mənada sosial şəbəkələrin rolu da vacibdir. Faktiki olaraq sosial şəbəkələr onlayn media məhsulunun yayılma arealı kimi çıxış edirlər. Deməli, bu sahəyə, orada yerləşdirilən materiallara həssas yanaşılmalıdır. Sosial şəbəkələrə həssas yanaşmanı təmin edən isə təkcə onlayn media deyil. Hər bir dövlət qurumunun və onun cəmiyyətə informasiya verilməsinə məsul bölməsinin də mövcud məkandakı aktivliyi mütləqdir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]