Media

Dövlət bu il saytlara maliyyə ayıracaqmı?

11-06-2016, 18:38

Vüqar Rəhimzadə açıqladı.

Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı yeni müsabiqə elan edib.
Cari ilin II yarısı üçün nəzərdə tutulan müsabiqədə 19 istiqamət nəzərdə tutulub. 

3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər müsabiqədə iştirak edə bilər. Hər layihə üçün maksimum məbləğ 60 min manat müəyyən edilib. Müsabiqədə iştirak etmək istəyən qəzetlər tələb olunan sənədləri iyunun 10-dan 24-dək təqdim etməlidir.

KİVDF-nin Müşahidə Şurası üzvü Vüqar Rəhimzadə Tezis.az-a açıqlamasında elan olunan müsabiqənin əsas məramını açıqlayıb. O xatırladıb ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bilavasitə prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış təşkilatdır.

Vüqar Rəhimzadənin sözlərinə görə, qarşıya qoyulmuş məqsəd Azərbaycanda müstəqil mətbuatın daha da dayanıqlı olması, iqtisadi baxımdan inkişafı və bütövlükdə jurnalistikanın peşəkarlaşması ilə bağlı idi: "Elan olunan layihələr əsasən müstəqil mətbuatın inkişafına yönəlib. Dövlət qurumlarını təmsil edən mətbuat orqanları bu layihələrdə iştirak eləmir. 2009-cu ildən fəaliyyət göstərən KİVDF tərəfindən mətbuat orqanlarına hər il kifayət qədər maliyyə vəsaiti ayrılıb. 

Həmin vəsaitlər ölkənin aparıcı qəzetləri arasında bölünür. Dünən elan edilən müsabiqəni də bu işlərin davamı saymaq olar. Şərtlər açıqlanıb, Fondun əsasnaməsində təsdiq olunan 19 istiqamət üzrə mövzular müəyyən olunub. Ölkə qəzetləri, jurnalistlər elan edilmiş bu mövzulara uyğun yazılar dərc eləməlidir. Növbəti müsabiqə Azərbaycan mediasının imkanlarının daha da yaxşılaşmasına xidmət göstərən bir layihədir. Azərbaycan jurnalistləri müvafiq istiqamətlər üzrə öz peşəkarlıqlarını ortaya qoyacaq, yüksək səviyyədə yazılarla çıxış edib, təkcə Azərbaycan oxucuları üçün deyil, dünya media məkanına müəyyən təsirini göstərəcək”.

V.Rəhimzadə onlayn mediaya da analoji yardımlar göstəriləcəyini istisna etməyib: 

"Mətbuat Şurasında da, KİVDF-nin Müşahidə Şurasında da onlayn mediaya maliyyə yardımı ayrılması istiqamətində müzakirələr gedir. Hətta ötən il möhtərəm prezidentlə Mətbuat Şurası İdarə Heyətinin üzvləri arasında görüşdə də bu təklif səsləndi. Bu məsələnin araşdırılıb baxılması da tapşırıq kimi qarşıya qoyuldu. Bununla bağlı müəyyən məsələlər araşdırılır və müzakirələr gedir. Bir sözlə, proses gündəmdədir. 

Bu istiqamədə incəliklər var, Azərbaycanda elektron media orqanları sayca çoxdur, jurnalistin peşə-davranış qaydalarına riayət edən kifayət qədər sayt var. Eyni zamanda qüsurlu, öz şəxsi məqsədlərinə xidmət edib etik kodeksləri sistemli şəkildə pozan elektron media orqanları da var ki, bununla bağlı araşdırmalar və monitorinqlər aparılır”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]