Əsas Səhifə / Media

Yazıçı Anar Zabil Müqabiloğluna yardım edəcək

19-11-2016, 10:35
Yazıçı Anar Zabil Müqabiloğluna yardım edəcək
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tanınmış jurnalist Zabil Müqabiloğlunun səhhətində yaranmış problemlərdən narahatlığını bildirib və daha bir qələm sahibinin sağlamlığının ağır duruma düşməsindən dərin təəssüf hissi keçirdiyini qeyd edib. 

Bu barədə "Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli ilə söhbətində AYB-nin "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs məlumat verib. 

Qulu Ağsəs deyib: "Anar müəllim mətbuatdan Zabilin durumu ilə bağlı oxuyub və narahat olub. O məsələ ilə maraqlanıb və bəlli olub ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Zabilin müalicəsinə köməklik göstərilməsi üçün dövlət rəsmiləri ilə danışıb, mümkün olan köməkliklər ediləcəyi deyilib. Bununla belə Anar müəllim Yazıçılar Birliyinin imkanları daxilində Zabilə müəyyən bir maddi yardım ediləcəyini bildirib. Həmin vəsait Zabil Müqabiloğluna çatdırılacaq. AYB sədri Zabilə şəfa diləyir, onun tezliklə sağalmasını, yaradıcılığını davam etdirməsini arzu edir”. 

"Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğluna qaraciyər köçürülməsi ilə bağlı iş aparılır”.


Bunu isə Lent.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və buna qədərki müalicəsinin təminatı üçün müvafiq rəsmi qurumlarla danışıqlar aparılıb və ümumi razılıq əldə edilib: 

"Danışıqlar əsasında ümumi razılıq əldə olunub. Jurnalistin qaraciyər köçürülməsi əməliyyatının gerçəkləşməsi üçün əvvəl uyğun donor tapılacaq, donor tapıldıqdan sonra əməliyyatın və onun tam sağalması üçün müalicənin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi razılaşdırılıb. Biz Zabil Müqabiloğlunun tam sağalıb yenidən jurnalistikaya qayıtmasına sevinərik”.

Nəzərə çatdıraq ki, noyabrın 7-də Zabil Müqabiloğlu daxili qanaxma diaqnozu ilə xəstəxanaya gətirilib. Onun qara ciyəri fəaliyyətini dayandırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]