Siyasət

Nazirlər “ərəb baharı”nı qaytarır - sensasion gəlişmə

6-09-2016, 20:42
Nazirlər “ərəb baharı”nı qaytarır - sensasion gəlişməÖlkədə qiyməti artan təkcə çörək, su və enerji deyil; İndi az qala hər şeyin qiyməti qalxır. Sanki hökumət xalqın üzərində eksperiment keçirir ki, bu ağır sosial duruma nə vaxta qədər dözə biləcəyini öyrənsin...

Politika.Az-ın xəbərinə görə, artıq qida və dərman bazarında bahalaşma dalğası xalqa "ölməyə hazır ol!” xəbərdarlığıdır. Nazirlər Kabinetində isə real islahatlar barədə tükünü tərpədən bir məmura belə rast gəlinmir. 

Ölkədə "ərəb baharı” yaşanması üçün zəmin yetişdirən nazirlərin oturduğu budağı baltalaması müşahidə olunur. 

Prezidentin çağırışlarına məhəl qoymayan, dövlətin gəlirlərini talan edən, xalqı kasıb və borc içində boğan odion nazirlər vəziyyətin hara gətirib çıxaracağını hesablamır. 

Xalqı hökumətdən narazı salan nazirlərin laqeydliyi nəticəsində problemlər məngənəsində çabalayan toplum getdikcə aqressivləşir. Bu radikallaşma etirazların rəngini dəyişə bilər. 

Təcili şəkildə islahatlara və bahalaşmanın qabağını almaq üçün bazardakı qiymətləri tənzimləməyə ehtiyac var. Referendum ərəfəsində istənilən praktik addım xalqı nisbətən sakitləşdirə bilər. Eyni zamanda hələ də sahibkarların gömrük sistemində, vergi sahəsində üzləşdiyi əngəllər aradan qalxmayıb. 

Politika.Az-ın yaydığı məlumata görə, gömrük-vergi sistemində rüşvət-korrupsiya sisteminin ləğv edilməsi kifayətdir ki, Azərbaycan iqtisadiyyatı ən azı 50 faiz liberallaşsın. 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və vergilər naziri Fazil Məmmədov hələ də öz postlarında oturublar. Onların yaratdığı korrupsiya maşınından hər gün minlərlə vətəndaş əziyyət çəkir. 

Gömrük-keçid məntəqələrindəki durum haqda yazmaq izafi işdir - sərhəd bölgələrinin sakinləri ailələri üçün etdiyi bazarlığı belə ölkəyə buraxmırlar, gömrük sərhədlərinə gömrükçülər yox, "broker” cildində olan monopolistlərin nümayəndələri nəzarət edirlər. 

Azərbaycanda siyasi hakimiyyətin üz qarasına çevrilən xeyli nazirlər var. Prezident seçkisindən sonra onların 3-ü istefaya göndərildi - əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, müdafiə naziri Səfər Əbiyev və kənd təsərrüfatı naziri İsmət Abbasov. 

Doğrudur, sonuncu formal olaraq daha yüksək vəzifəyə - baş nazirin müavini postuna təyinat alıb və hələ də hökumətin tərkibindədir. Ancaq artıq nazir kimi təsir rıçaqları əlindən çıxıb. 

Bu siyahını uzatmaq üçün referendum sonrasını gözləmək lazımdır. Bəzi nazirlərin istefası reallaşmasa xalqla dövlət arasında uçurumu dərinləşdirməkdə davam edəcəklər. 

Azərbaycan dövlətinin inkişafını arzulayan və prezident İlham Əliyevin siyasətini dəstəkləyən istənilən vətəndaşın mövqeyi ondan ibarətdir ki, ölkədə "ərəb baharı” yaşanmasın, xalqı incidən nazirlər yola salınsın və illərlə onların rəhbərlik etdiyi sahələrdə yaranmış eybəcərliklər aradan qaldırılsın. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]