Siyasət

Amerika nədən kürdləri dəstəkləyir?

1-09-2016, 11:56

Yaxın Şərqdə şərtlər və Qərbin kürdlərlə bağlı siyasətinin pərdəarxası 

 

Türkiyə ordusunun Suriyaya daxil olması Vaşinqton-Ankara münasibətlərini yenidən gərginləşdirib. Məsələ ondadır ki, Cerablusu azad etdikdən sonra Türkiyə ordusu və dəstək qüvvələri cənuba - PYDYPG-nin nəzarətində olan Menbicə yaxınlaşır. Burda isə artıq kürdlərlə savaş qaçılmaz olur. Çünki Ankara daha əvvəldən bəyan edib ki, Suriya əməliyyatının əsas hədəfi kürdlərin Suriya-Türkiyə sərhədlərindən uzaqlaşması, konkret olaraq Fəratıl sağ sahilinə çəkilməsini tələb edir. 

Ancaq kürdlər son iki ildə Suriyada radikal islamçı qruplar arasında baş verən savaşlar nəticəsində Türkiyə sərhədində böyük bir ərazini nəzarət altına alıblar. İndi isə Türkiyə ordusu əməliyyatlara qatılıb və artıq bir neçə bölgədə YPG ilə toqquşmalar baş verib. Hələlik Türkiyə ordusu ilə kürdlər arasında açıq toqquşma olmasa da, YPG və Azad Suriya Ordusu qruplaşması arasında silahlı qarşıdurmalar qeydə alınıb. Əgər kürdlər geri çəkilməsə, proseslərin gedişi Türkiyə ordusu ilə kürdlərin toqquşmasını qaçılmaz edir. Çünki Türkiyə hökumət rəsmiləri bəyan edib ki, kürdlər Fəratın sağ sahilinə çəkilincəyə qədər əməliyyat davam edəcək. Görünən odur ki, kürdlər ələ keçirdikləri bölgələri verməkdə maraqlı deyillər.
Türkiyə ordusunun kürdlərlə qarşıdurmaya girməsi Vaşinqtonda ciddi narazılıqla qarşılanıb. 

Ağ Ev, daha sonra Pentaqon və Prezident Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisinin Türkiyəni əməliyyatları dayandırmağa çağırışları Ankaranın etirazı ilə qarşılanıb. Türkiyə XİN-in yaydığı rəsmi açıqlamada hərbi əməliyyatların Türkiyəni təhdid edən terror təhlükəsi aradan qalxana qədər davam edəcəyi bildirilir. Eyni zamanda Ankara Vaşinqtonun iyun ayında Menbic əməliyyatından sonra kürd qüvvələrinin Fəratın sol sahilinə çəkiləcəyi ilə bağlı sözü yerinə yetirməsini tələb edib.

Image result for Türkiye IŞİDE-e karşı

Qeyd edək ki, ötən gün ABŞ Mərkəzi Qüvvələr Komandanlığının sözçüsü polkovnik Con Tomas Cerablusun cənubunda Türkiyə ordusu və kürdlər arasında toqquşmaların dayandırılması haqqında razılaşma əldə olunduğunu bəyan etsə də, Türkiyə ordu qaynaqları məlumatı təkzib edib. 

Ağ Evin təhlükəsizlik üzrə məsləhətçisi Ben Rhodes isə bildirib ki, ABŞ Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləsə də, kürdlərə (SDG) qarşı əməliyyatlarını və cənuba doğru irəliləməsini dəstəkləmirik: "Dəstəkləmədiyimiz fəaliyyətlər cənuba doğru hərəkət və dəstək verdiyimiz müxaliflər olan Suriya Demokratik Qüvvələrinə qarşı savaşmasıdır. Türkiyəyə mesajımız açıq oldu. Biz İŞİD-ə qarşı savaşı dəstəkləyirik”.

Qeyd edək ki, ABŞ müdafiə naziri də Türkiyə hökumətinə və kürdlərə müraciət edərək toqquşmalara son qoyub İŞİD-ə qarşı savaşa səsləyib. 

Image result for PYD Suriyede

Türkiyə ordusunun avqustun 24-də səhər saatlarında başlatdığı "Fırat Kalkanı” əməliyyatı nəticəsində quru qoşunları hərbi aviasiyanın müşayiəti ilə Suriya ərazisinə daxil olub. Qısa vaxtda 20-dək kənd və Cerablus şəhəri İŞİD-dən təmizlənib. Ancaq cənuba doğru irəliləyən Türk ordusu ilə kürdlər arasında toqquşma olub. Kürd silahlıları iki Türkiyə tankını vurub. Bundan sonra Türkiyə qırıcıları YPG mövqelərini bombalayıb və 25 silahlı öldürülüb.
ABŞ və Qərb ölkələrinin kürdləri Suriyada, o cümlədən İraqda bu qədər açıq şəkildə dəstəkləməsi bu prosesdə daha çox diqqəti çəkdi. ABŞ hökuməti ən yüksək səviyyədə Türkiyə hökumətinə çağırış edərək kürdlərlə qarşıdurmanı dayandırmağa çağırdı. Hətta vasitəçilik təklifi etdi. Yeri gəlmişkən, Menbic döyüşlərdə həlak olan 3 YPG döyüşçüsü ABŞ vətəndaşı olub və onların cəsədlərini bugünlərdə vətənlərinə yola salıblar. Qərb ölkələri son illərdə kürd silahlılarını Suriya və İraqda hərtərəfli dəstəkləyib, silah, maddi və ərzaq yardımı edib, amerikalı təlimatçılar kürdlərə təlim keçiblər. 

ABŞ-ın və bütövlükdə Qərbin kürdlərə bu qədər açıq və hərtərəfli dəstəyinin səbəbləri isə bir neçə mühüm amillə izah olunur. Məsələ ondadır ki, kürdlər Yaxın Şərqin 4 ölkəsinin ərazisində ciddi çəkiyə malik milli azlıq hesab olunur. Türkiyə, İran, İraq və Suriyada hər birində bir neçə milyon kürd əhalisi var. Və bu qruplar ciddi təşkilatlanıb, siyasi və hərbi qruplaşmaları mövcuddur. İraq istisna olmaqla, bu ölkələrin heç birində kürdlərin muxtariyyəti yoxdur. Ancaq İraqın Amerika tərəfindən işğalından sonra bu ölkədə, Suriyada daxili müharibə başladıqdan sonra isə Suriyada kürdlərin siyasi hüquqlarını alması üçün fürsət yarandı. 

Qamışlıda formalaşan PYD və onun hərbi qanadı YPG çox tezliklə Suriyada kürdlərin yaşadığı bölgələrdə nəzarəti ələ aldı. 2014-cü ildə İraq və Suriyada İŞİD problemi meydana çıxanda Qərb yalnız kürdlərlə əməkdaşlıq etməyə başladı. Çünki Türkiyə daha çox islamçı qruplarla əməkdaşlıq edir, müstəqil güc kimi çıxış edirdi. Qərb isə daha sekulyar, radikal islamçıların hədəfində olan (İŞİD-in əsas rəqiblərindən biri kürdlər idi - K.R.) kürdlər Qərbin əsas sadiq müttəfiqlərinə çevrildi. Ən əsası isə kürdlər bölgədə nisbətə sıxışdırılmış və Qərbə yeganə nicat kimi baxan etnik siyasi qrup idi. 

Bundan başqa, regionun yenidən şəkilləndirilməsində kürd qruplarının iştirakı Qərbin də maraqlarını təmin edir. Bununla kürdlər dövlət qurmaq və bölgənin yenidən formalaşdırılmasında aktiv iştirak etmək imkanı əldə edəcək və beləliklə Yaxın Şərqin 3 dominant xalqı olan türklər, ərəblər və farsların arasında 4-cü etnik qrup olaraq kürdlər daxil olacaq. 

Image result for PYD Suriyede

Ancaq Qərbin bu planı yalnız Suriya və İraq deyil, eyni zamanda Türkiyəni (bölücü PKK Türkiyənin cənub-şərq vilayətlərini ayırmaq istəyir - K.R.) və növbəti mərhələdə İranı təhdid edir. Bu səbəbdən də Qərbin kürdlərə artan dəstəyi indi yalnız Əsəd və İraq hakimiyyətini deyil, eyni zamanda Ankaranı da narahat etməyə başlayıb. Çünki hər kəs artıq bu gedişatın hara apardığını açıq şəkildə görür. Bu səbəbdən də indi Ankara təbii olaraq eyni taleni paylaşdığı (təbii olaraq - K.R.) İranla və hətta Əsədlə danışmağa, anlaşmağa hazırdır. Çünki əks təqdirdə, gedişat Türkiyənin özünün parçalanmasına aparır. Məhz bu səbəbdən indi Ankara kürd güclənməsinə qarşı hərbi güclə təzyiq edir, eyni zamanda İran və hətta Dəməşqlə koordinasiyalı fəaliyyətə belə razıdır. 

Beləliklə, nəticə etibarı ilə Yaxın Şərqdə siyasi şərtlər indi Türkiyəyə Qərblə eyni cəbhədə dayanmağa imkan vermir. İndi hər şey region ölkələrinin siyasi bəsirətindən asılı olacaq. 100 il əvvəl olduğu kimi kürdlərin böyük güclərin oyunlarına qurban verilməsi də mümkündür, yaxud da daha fəal olub, bölgədəki və dünyadakı şərtlərdən istifadə edərək dövlət qurmaq imkanları da var. Bu isə indi daha çox Türkiyə, İran və eləcə də böyük ölçüdə Rusiyadan asılı olacaq. 

Kənan RÖVŞƏNOĞLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]