Ölkə / Foto Fakt

Zərdabın icra başçısı aprel şəhidinin məzarını təhqir etdi - foto

30-07-2016, 22:59
Zərdabın icra başçısı aprel şəhidinin məzarını təhqir etdi - foto
İyul ayının 28-də Zərdab RİH-nin başçısı Lütfəli Babayevin göstərişi ilə bu ilin 6 aprel tarixində cəbhədə gedən döyüşlərdə şəhid olmuş Nurlan Abdullazadənin ailəsinə qarşı hörmətsizlik olunub.

Dunyamedia.com xəbər verir ki, bu haqda şəhidin atası Rasim Abdullayev məlumat verib. Onu sözlərinə görə icra başçısının göstərişi ilə təqaüddə olan və icra hakimiyyətində müqavilə əsasında şöbə müdiri vəzifəsində işləyən İsrafil Həmidov və polis idarəsinin bir neçə əməkdaşı tərəfindən Zərdab rayon Dəkkə kəndində 6 aprel tarixində şəhid olan Nurlan Abdullazadənin qəbrinə hücum olunub. Şəhidin valideynləri də oraya çağırılıb.

Atasının qəbirin yanında öz hesabına düzəltdirdiyi dövlət bayrağı dirəkdən endirilib. Bayrağı sökən icra hakimiyyəti əməkdaşları onu şəhid atası Rasim Abdullayevin üstünə ataraq "bunu buradan götür” deyə hörmətsizlik edib və buraya bir daha bayraq asılmamasını tapşırıblar. Şəhid atası Rasim Abdullayev isə məsələyə öz etirazını bildirərək oğlunun vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin özünün və yoldaşının bu bayraqdan təsəlli aldığını bildirib.

Hadisədən bir gün sonra rayon əlillər cəmiyyətinin sədri Neman Yediyarov və rayon polis idarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Şəhidin evinə gələn şəxslər burada Nurlan Abdullazadənin valideynlərinə qəbirstanlıqdakı bayrağı bir daha oraya asmamaları və girişdə quraşdırdıqları Nurlanın şəklini əks etdirən plakatı sökmələri üçün onlara təzyiqlər ediblər.

Nurlanın valideynləri bütün bunların dövlət başçısı İlham Əliyevin şəhid ailələrinə qayğı göstərilməsi yönündəki tapşırıqlarını heçə sayan icra hakimiyyətinin başçısı Lütfəli Babayevin tapşırığı əsasında həyata keçirildiyini deyiblər. Rasim Abdullayev və onun həyat yoldaşı bu təzyiqlərin davam edəcəyi və bayrağın yerinə qaytarılmayacağı təqdirdə özlərini yandıracaqlarını bildiriblər. R. Abdullayev bu hörmətsizliyin sona çatması üçün ölkə başçısına da müraciət edərək ondan məsələyə diqqət ayırmasını istəyib.



Administratorla əlaqə

077 611-55-22

[email protected]