Ölkə / Foto Fakt

Bakının ən böyük məktəblərindən birinin ərazisində villalar tikiblər - REPORTAJ, FOTOLAR

25-07-2016, 22:04
Bakının ən böyük məktəblərindən birinin ərazisində villalar tikiblər - REPORTAJ, FOTOLAR
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən 144 nömrəli tam orta məktəbin idman meydançası və yaşıllıq ərazisinin zəbt edilməsi barədə məlumat vermişdik. Tikinti şirkətlərindən biri məktəb ərazisini zəbt edərək orada yaşayış binası inşa edib. Sakinlərin və məktəb müəllimlərinin şikayəti əsasında dərc edilən həmin yazıdan sonra redaksiyamızla əlaqə saxlayan oxuculardan biri anoloji vəziyyətin 171 saylı orta məktəbdə də hökm sürdüyü bildirdi. 

Məktəb ərazisinin tamamilə nəzarətsiz vəziyyətdə olduğunu, hasarların uçurularaq ətrafda yaşayış binasının və fərdi yaşayış evlərinin tikildiyini deyən oxucunun qeyd etdiklərini yerindəcə araşdırmaq üçün adıçəkilən təhsil müəssisəsinə yollandıq.

Xətai rayonu, Neapol küçəsində yerləşən məktəbdə olarkən məktəb müəllimləri və ətrafda yaşayan sakinlərlə söhbət etdik. Əvvəlcə onu öyrəndik və şahidi olduq ki, Bakının ən böyük təhsil ocaqlarından biri olan 171 nömrəli məktəbin ərazisinin bir hissəsi həqiqətən də zəbt edilib.

Məktəb işçiləri ətrafda tikilən və artıq istifadəyə verilən çoxmərtəbəli yaşayış binasının, uçrulan hasarların və məhv edilmiş yaşıllıq ərazilərin yerində inşa edilmiş villaları göstərdilər. Şahidlər deyir ki, bu tikinti işləri 2008-2010-cu illərə təsadüf edir. 

1979-cu ildə istifadəyə verilən 171 nömrəli məktəb SSRİ dövründə inşa edilən 3 ən böyük məktəbdən biridir. 2 tədris korpusu, böyük və kiçik akt zalları, yeməkxanası, kitabxanası olan məktəbin həyətyanı sahəsi olduqca genişdir. Və böyük olduğu qədər də nəzarətsiz və baxımsız vəziyyətdədir. Hasarı uçan, dəmir barmaqlıqları çıxarılan məktəbin həyəti axşamlar "bomj”ların məskəni olur.

Məktəbdə çalışanlar musavat.com-a deyir ki, 2008-ci ildə əsaslı təmir olunan təhsil ocağının zəbt edilən ərazilərində stadion olub. Bir məsələni də qeyd etmək yerinə düşər ki, bu məktəbin sabiq nazir Misir Mərdanovun zamanında  əsaslı təmir edildiyi deyilsə də, həmin əsaslı təmir işlərindən nədənsə əsər-əlamət görmədik.

"Məktəbin yanında tikilən 14 mərtəbəli binanın yerində stadion var idi. Digər tikilən villaların yerində isə hərbi dərslərin keçirilməsi üçün sahə olub. Məktəbin sonuncu olaraq 2014-cü ildə böyük və kiçik akt zalı, yeməkxana və kitabxanası əsaslı təmir edilərək istifadəyə verilib. Ancaq məktəbin digər korpusları təmirsizdir” - deyə məktəb çalışanları problemlərdən danışaraq qeyd etdilər ki, məktəbin qəzalı vəziyyətdə olan bir neçə tikilisi artıq 1 ildən çoxdur ki, istifadə edilmir.

1500-dən çox şagirdin təhsil aldığı mətkəbin idman meydançası zəbt edildikdən sonra süni örtüklü meydança salınıb. 

Məktəbin ərazisində Uşaq Gənclər İdman məktəbi də var. Bakının ən böyük məktəbinin indiki hala düşməsi prosesi isə müəllimlərin dediyinə görə, 10 il əvvələ təsadüf edir. Məktəbin ərazisinin bir hissəsi yuxarıda qeyd etdiyimiz məqsədlərlə zəbt edildikdən sonra təhsil müəssisəsinin hasarları da dağıdılıb. 2008-ci ildə görülən təmir işləri zamanı isə məktəbin ərazsinin bir hissəsi üçün yeni hasar çəkilib. Zəbt edilmiş ərazilər isə hasarların arxasında qalıb.

Müəllimlər deyir ki, dəmir barmaqlıqların çoxu gecələr oğurlanıb. Məktəbin əsas iki girişi olsa da, sonradan özbaşınalıqlar, hasarların uçurulması və barmaqlıqların oğurlanmasından sonra hər yerdən məktəbin ərazsinə girib-çıxmaq mümkündür. Belə olan halda məktəbin mühafizəçisi də vəziyyətə nəzarət edə bilmir. Başqa bir narazılıq doğuran məqam isə məktəbin ərazisinin bir hissəsinin zibillik kimi istifadə olunmasıdır. Ətrafda yaşayanların məktəbin ərazisinə tökdüyü zibili ya "JEK” işçiləri yandırır, ya da məktəb işçiləri təmizləmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Bakının ən böyük məktəblərindən biri olan bu təhsil ocağı 2 il əvvəl direktorunun əməlləri ilə gündəmə gəlmişdi. Məktəbin o zamankı direktoru İradə Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit götürməsi və sonradan ödəməməsi ilə böyük qalmaqala səbəb olmuşdu. Məktəb direktorunun bu əməlləri ifşa olunduqdan sonra o, 2014-cü ildə tutduğu vəzifədən kənarlaşdırılmışdı. 

İndi məktəb müəllimləri və sakinlər tətil olduğunu və bu müddət ərzində qeyd edilən problemlərin öz həllini tapacağına ümid etdiklərini deyirlər.

İ.Muradov,
Musavat.com,
Fotolar müəllifindir.

 







Administratorla əlaqə

077 611-55-22

[email protected]