Ölkə

55 nömrəli orta məktəbdə şıdırğı pul yığımı – İTTİHAM VAR

25-05-2016, 17:22
Direktor Alı Məmmədov yay tətili hazırlıqlarına indidən başlayıb Bakının Xətai rayonunda yerləşən 55 nömrəli tam orta məktəbdə artıq indidən yay tətilinə intensiv "hazırlıq işləri”nin getdiyi bildirilir. Doğrudur, adətən təhsil müəssisələrində müxtəlif hazırlıq işləri növbəti tədris ili üçün nəzərdə tutulur. Amma məlumata görə, 55 nömrəli məktəbin direktoru məhz yay tətili günlərinə planlaşdırdığı məzuniyyətini qayğısız və dəbdəbə ilə keçirmək məqsədilə bəzi "tədbirlər” planı işləyib hazırlamışdır. Mənbələr bildirirlər ki, ilk növbədə bu planlara məktəbin müəllim və şagird kollektivindən mümkün qədər maksimal məbləğdə pul vəsaiti toplamaq daxildir. Nə yaxşı ki, bu yığımları həyata keçirmək üçün kifayət qədər səbəb və bəhanə mövcuddur. Məsələn, buraxılış siniflərinin şagirdlərindən şəhadətnamə və attestatların verilməsinə görə, digər siniflərdən məktəbin təmiri üçün və bir çox digər bu kimi bəhanələrlə pul yığımları keçirmək bu təhsil müəssisəsində heç zaman problem olmayıb. Digər tərəfdən isə, redaksiyamıza bir müddət bundan əvvəl də daxil olan məlumatlarda 55 saylı tam orta məktəbin direktoru Alı Məmmədovun öz fəaliyyətində yol verdiyi özbaşınalıqlardan bəhs edən açıqlamalar təqdim edilməkdə idi. Həmin açıqlamalarda qeyd olunmuşdu ki, bu orta təhsil müəssisəsinə direktor təyin olunduqdan az müddət sonra, Alı müəllim məktəbdə müxtəlif hazırlıq kurslarının təşkilini geniş miqyasda həyata keçirməyə başlamışdı. Belə ki, dərs saatlarında uşaqlar məktəbdə olmaqla, kurslarda aldıqları tapşırıqları çalışırlar, dərsdən sonra isə, hərə öz seçdiyi ixtisas üzrə müvafiq kurslara dağılışır, müəllimlər də özlərinin keçdikləri əlavə məşğələlərin "effektivliyini” təsdiqləmək üçün uşaqların qiymətləndirilməsində heç bir problem yaratmırlar. Valideynlərə də bütün bu ideal mühitin mövcudluğunu və fasiləsiz işləkliyini təmin etmək üçün ayda hər fənn üzrə sadəcə 60 manat ödəmək qalır. Qeyd edək ki, aldığımız məlumatda Alı Məmmədovun pul bölgüsü məsələsində kifayət qədər prinsipiallıq nümayiş etdirdiyi xüsusi vurğulanmışdı. Bu xüsusda verilən açıqlamalara görə, valideynlərdən alınan 60 manat fənn müəllimi və direktor arasında tam yarı bölünür. Həmçinin Alı Məmmədovun digər özbaşınalıqlarına dair redaksiyamıza daxil olan növbəti məlumatlarda isə, bu məktəb direktorunun "icarə” fəaliyyətindən bəhs olunurdu. Belə ki, açıqlama verən mənbə Alı Məmmədov tərəfindən məktəbin zirzəmisinin bu təhsil müəssisəsində təsərrüfat müdiri və idman müəllimi vəzifələrini tutan Elsevər İslamova icarəyə verildiyini vurğulayır. Bildirilir ki, həmin zirzəmidən Elsevər İslamov da yaşayış sahəsi kimi istifadə edir və hal-hazırda orada həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Öz növbəsində Elsevər İslamov da direktorun bu təşəbbüsündən "ruhlanaraq” məktəbin idman zalını növbəlilik əsasında bir rəqs dərnəyinə və bir də basketbol idman seksiyasına icarəyə verib. Müxtəlif saatlarda həmin zalda məşq keçən bu qrupların hər birindən də ayda 100 manat pul alınır ki, bu məbləğ də təsərrüfat müdiri ilə direktor arasında bölünür. Düzdür, bu səbəbdən məktəbdə idman dərslərinin keçilməsində müəyyən problemlər yaranıb. Amma Elsevər müəllim bu problemi də məktəbin geniş zirzəmiləri hesabına həll edib. Belə ki, hazırda idman dərsləri bu məqsədlə uyğunlaşdırılmış başqa bir zirzəmidə keçilir. Bütün bunları nəzərə alaraq belə ehtimal etmək olar ki, Alı Məmmədov özünün yay tətil günlərini "mənalı və səmərəli” keçirmək baxımından heç bir problem yaşamayacaq.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.
55 nömrəli orta məktəbdə şıdırğı pul yığımı – İTTİHAM VAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]