Əsas Səhifə / Siyasət

Millət vəkilindən dövlət qurumlarına ittiham

19-11-2015, 18:48
Millət vəkilindən dövlət qurumlarına ittiham

“Əgər iki dövlət qurumu arasında müzakirə olunan hər hansı problemli məsələ varsa, bunu öz aralarında həll etməlidirlər və onların bu müzakirəsi, dartışması heç bir halda əhaliyə mənfi təsir etməməlidir”.

Millixəbər.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov “Azəristiliktəchizat” ASC və “Azəriqaz” İB arasındakı borc qalmaqalı üzündən ölkədə əhalinin istiliklə təmin olunmasında yaranmış ciddi sosial problemə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ölkə başçısının rəhbərliyi altında inkişaf gedir: “Bu inkişafın istiqamətləri bəllidir. Dövlətimizin, prezidentimizin siyasəti vətəndaşların rifahına, onların sosial şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Ona görə də digər dövlət qurumları bunu rəhbər tutaraq hərəkət etməlidirlər: Yəni “Azəristiliktəchizat” da, “Azəriqaz” da məsələyə daha məsuliyyətli yanaşmalıdır. Bu gün qarşıdan qış gəlir və binalarda, bağçalarda, məktəblərdə, xəstəxanalarda insanların istiliklə təmin edilməsi məsələləri var. Əgər iki dövlət qurumu arasında borc və ya başqa problem varsa, bunun əhaliyə nə dəxli var?”.

F.Muradov hər iki qurumu məsələni tezliklə həll etməyə çağırıb: “Bütün hallarda əgər problem varsa da, hər iki dövlət qurumu buna məsuliyyətli yanaşmalı və onu təcili həll etməlidirlər.

İkincisi, əgər bu problem var idisə, onun həllini mütləq qışa saxlamaq lazım idi? Olmazdı ki, bir-birinə qarşı olan irad və ya ittihamlarını yayda deyib, məsələni həll edəydilər?

Üçüncüsü, “Azəristiliktəchizat” da, “Azəriqaz” da hər ikisi dövlət qurumlarıdır və hər ikisi Azərbaycan qanunlarına tabe olmalıdır. Ona görə heç bir halda əhalinin bu məsələlərdən narazı qalmasına yol verilməməlidir. Mən hər ikisini ciddi addımlarla məsələni tezliklə həll etməyə çağırıram”.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən yeni payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq. Lakin bir sıra binalara, ümumiyyətlə, istilik verilmədi, hətta istiliyin verildiyi binalarda da təchizat 2 gün sonra kəsildi. Artıq bir neçə gündür Bakının yarısında və regionlarda vəziyyət bu cürdür və əhali istiliyin olmamasından əziyyət çəkir.

“Azəristiliktəchizat” ASC-dan Milli.Az-a verilən məlumata görə, problem cəmiyyət tərəfindən “Azəriqaz”a yaranmış borca görə qazanxanalara qazın verilməsinin dayandırılması ilə bağlı idi. “Azəristiliktəchizat”da hesab edirlər ki, abunəçilər borclu olmadığı halda “Azəriqaz”ın qış vaxtı belə bir addım atması doğru deyildi. Belə ki, iki dövlət qurumu arasında məsələni başqa cür də həll etmək olardı.
millixeber.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]