Siyasət

Hökumətin beş üzvü “qara siyahı”da - təfsilat

4-07-2016, 23:19
Prezident İlham Əliyev mütəmadi olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edir 

Bəzi nazirlər istisna olmaqla, əksəriyyəti müəyyən müddət sonra vəzifədən kənarlaşdırılır, onları yeniləri əvəzləyir. 

Son olaraq adı bir çox cinayətlərdə hallanan milli təhlükəsizlik naziri Eldar Mahmudovla onun şəbəkəsi ilə əlaqəsi olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov vəzifəsini itirmişdi. Bu son olmayacaq və qarşıdakı aylarda daha bir neçə yüksək rütbəli məmur vəzifəsini itirəcək.

Hökumətdəki mənbələrdən Politika.Az-a verilən məlumata görə, uxarı dairələrin gözündən düşmüş digər məmur Samir Şərifovdur.Maliyyə naziri son bir ildə adı ən çox qalmaqallarda hallanıb. Beynəlxalq Bank işinə görə ittiham olunan nazir ölkədəki iki kəskin devalvasiyanın da günahkarı elan edilib. Ekspertlərin fikrincə, ölkənin maliyyə və bank sektorunun bərbad vəziyyətdə olmasının əsas səbəbkarlarından biri məhz Samir Şərifovdur. Onun adı bir müddət əvvəl başqa bir qalmaqalda hallanmışdı. Belə ki, Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki kimi fəaliyyə göstərən Yuri Şvetsin yazdığı kitabda haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru maliyyə naziri Samir Şərifov olub. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb. Kitabda onun haqqıda bir çox məlumatlar yer alıb ki, bu informasiyalar beynəlxalq qalmaqala səbəb ola bilər. Bütün bunlar Samir Şərifovun nüfuzuna ciddi şəkildə xələl gətirib və artıq hakimiyyətin daxilində etibarlı kadr hesab olunmur.

Politika.Az-a daxil olan məlumata görə, gedişi gözlənilən digər nazir Ziya Məmmədovdur. Nəqliyyat nazirinin "vurulacağı” ilə bağlı xəbərlər uzun müddətdir mətbuat səhifələrində dolaşır. Hətta bir müddət əvvəl onun işdən çıxarıldığı və həbs olunduğu iddia olunurdu. Ziya Məmmədovun bir müddət işə çıxmaması da bu iddiaları gücləndirirdi. Amma nəqliyyat naziri bir müddət sonra yenidən iş başında göründü.

Ölkənin ən uzun müddətli nazirlərindən olan Ziya Məmmədovhələlik nazir statusu daşısa da, səhaliyyətlərinin böyük əksəriyyətini itirib. Bu fakt Ziya Məmmədovun artıq bütün etibarını itirməsi anlamına gəlir. Hakimiyyətə yaxın mənbələr bildirir ki, o, müəyyən məsələlərə görə hələlik postunda saxlanılıb, əvəzində isə səlahiyyətləri böyük ölçüdə əlindən alınıb. Bu isə onun gec-tez vurulacağını deməyə əsas verir.

Samir Şərifov və Ziya Məmmədov kimi etibarını itirmiş məmurlardan biri də Heydər Əsədovdur. Kənd təsərrüfatı naziri və ətrafı ilə bağlı son aylar mətbuatda çox ciddi faktlar yayımlanır. Onlar dövlətin kənd təsərüfatı üçün ayırdığı subsidiyaların mənimsənilməsindən tutmuş, bu sahəyə ayrılan kreditlərin müəyyən şəxslər tərəfindən talanmasına qədər bir çox qanunsuz əmələrdə ittiham olunur. Hakimiyyətə yaxın mənbələrin Politika.az-a verdiyi məlumata görə, Heydər Əsədov işdən çıxarılması ən real olan məmurlardan biridir.

Vurulması gözlənilən məmurlardan biri də Milli Bankın rəhbəriElman Rüstəmovdur. Azərbaycan manatının son bir ildə iki dəfə kəskin ucuzlaşmasında Elman Rüstəmov və onun rəhbərlik etdiyi Azərbaycan Mərkəzi Bankının (AMB) məsuliyyəti kifayət qədər yüksəkdir. Bu isə Azərbaycan cəmiyyətində - istər mətbuatda, istər ekspertlər, istərsə də sadə xalq arasında Rüstəmov və AMB-nin ünvanına səsləndirilən tənqidlərin heç də əsassız olmadığını göstərir. Eyni zamanda bu cür ümumiləşmiş rəy həm də ölkəmizin baş bankirinə ictimai etimadın ciddi şəkildə azaldığını şərtləndirən mühüm amildir. Bu mənada Azərbaycan manatını yaxın gələcəkdəki daha böyük təhlükələrdən qorumaq, milli valyutanın dəyərinin ən azı indiki səviyyədə qorunub-saxlanılmasını təmin etmək üçün fərqli zəruri addımlar atmaq üçün AMB rəhbərliyində "qan dəyişikliyi” artıq qaçılmaz görünür. 

Hədəfdə olan məmurlardan biri də Kərəm Həsənovdur.Politika.Az-a daxil olan məlumata görə, Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov karyerasının qürubuna yaxınlaşır. Bildirək ki, ölkə başçısı Ilham Əliyevin mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərman Kərəm Həsənovun vurulması prosesinin başlanğıcı sayıla bilər. Məlumat üçün deyək ki, bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınıb. Komitə sədri özəlləşdirmə prosesindən kənarda saxlanılıb. Bəzi iddialara görə, Kərəm Həsənova bu etimadsızlığın bir səbəbi özəlləşdirmə sahəsindəki maxinasiyalardırsa, digər səbəbi onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində olması barədə faktlardır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]