Ölkə

“Yeni Bakı”da mənzil mülkiyyətçiləri Ramiz Mehdiyevə müraciət etdilər - MƏTN

3-07-2016, 22:18
Artıq bir neçə aydır ki, qafqaznews.az saytı ərizə ilə müraciət edən Masazırdakı "Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin şikayətlərini araşdırır və problemlərini işıqlandırıb həllinə çalışır 

Bu yaxınlarda legion.az-ın əldə etdiyi məlumata görə, şəhərciyin idarəçiliyində "İlin Dörd Fəsli” MMC-dən narazı olan sakinlər qanunvericiliyə uyğun olaraq, "Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradıblar. Lakin "Abşeron-1” MMMC öz fəaliyyətində bir sıra süni problemlərlə üzləşib ki, MMMC İdarə Heyəti sədrinin vəzifəsini icra edən Yeganə Məmmədağa qızı Tahirova bu və digər məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, eləcə də PA-nın Hüquq Mühafizə Orqanları ilə İş üzrə Şöbəsinin müdiri Fuad Ələsgərova, DİN başçısı Ramil Usubova, Respublikanın baş prokoruru Zakir Qaralova və ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Akademik Ramiz Mehdiyevə göndərilmiş müraciətin mətnini Legion.az oxucularına təqdim edirik: "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri

Cənab Ramiz Mehdiyevə

Şikayətçilər: Abşeron-1 MMMC-nin sakinləri

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Ramiz müəllim! 

Sizə müraciət etməyimizin səbəbi, "İlin dörd fəsli” MMC-nin tamamilə qanunsuz olaraq özbaşına bizim yaşayış kompleksimizə təhkim etdiyi Yusifov Ehtiram Ramiz oğlunun bizə qarşı sistematik şəkildə cinayət əməlləri törətməsidir. Belə ki, Yusifov Ehtiram özünü "İlin dörd fəsli” MMC-nin təmsilçisi kimi təqdim edərək heç bir qanuni əsas olmadan bizi kommunal ödənişləri, elektrik, və su pullarını ona verməyə məcbur edir və yaşadığımız mənzillərə mülkiyyət sənədi almağımıza faktiki olaraq imkan vermir. Bilindiyi kimi Mənzil Məcəlləsinə görə, "Dövlət orqanları və bələdiyyələr, öz səlahiyyətləri çərçivəsində yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməyə borcludurlar” (m. 4.0.4.). Həmin məcəllənin 10.0.16-cı maddəsinə görə, "Yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən etmək dövlətin vəzifəsidir”. Həmçinin, Mənzil Məcəlləsinə görə, çoxmənzilli yaşayış binasının idarəedilməsi yalnız bu üç formada həyata keçirilə bilər: 1- sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə (yəni hüquqi şəxs qurmadan birbaşa binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının toplanması və qərar alınması vasitəsilə); 2- mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qurmaqla (yəni sahə mülkiyyətçiləri binanın idarəedilməsi üçün hüquq şəxs qurmaqla); 3- kənar idarəçi təyin etməklə (yəni sahə mülkiyyətçiləri binanın idarəedilməsini ixtisaslaşmış kənar idarəçiyə tapşırmaqla). Biz yaşadığımız binanın idarə edilməsini təmin etmək məqsədilə "Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini qanuni şəkildə təsis etmişik və 10 may 2016-cı il tarixində bunun qeydiyyatına dair Ədliyyə Nazirliyindən şəhadətnamə də almışıq.

Hörmətli Akademik!

Bütün bunlara baxmayaraq, özünü "İlin dörd fəsli” MMC-nin təmsilcisi kimi təqdim edən Yusifov Ehtiram özünün mühafizəçi və işçilərini bizim binaya göndərərək bizdən kommunal pulu, su və işıq pulu tələb edir və ödəməyənlərin elektriklərini kəsir və sayğaçlarını bağlayır. Binanın liftini xarab edir və binanın qanuni idarəedilməsini həyata keçirən "Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atdırır. Binanın sənədlərini tamamilə özbaşınalıq edərək vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıra bilsinlər. Aşkar və nümayişkaranə şəkildə kommunal, su və işıq pullarını ona verməyənlərin mənzillərinin elektrik kabelləri şaxtadan kəsilərək atılır! Binanın girişinə qapı və domafon qoymağımıza fiziki güc tətbiq etməklə imkan verməməkdədirlər. Bu aşkar cinayətkarcasına əməllərinə görə, E.Yusifova dövləti və höküməti xatırlatdıqda isə, açıqca bildirir ki, "mən heç kimdən qorxmuram”. Bütün bu dediklərimizi o hamının gözü qarşısında edir və buna dair əlimizdə çoxsaylı səs yazısı və video görüntülər də var. Qaldı ki, bunu dəqiqləşdirmək üçün sakitcə gəlib binanın ərazisində 15-20 dəqiqə müşahidə aparmaq da kifayət edir.

Möhtərəm PA Rəhbəri! 

İşin halları və təkzibedilməz mövcud faktiki vəziyyət çox açıq və aşkar bir şəkildə göstərir ki: "İlin dörd fəsli” MMC-nin direktoru Hüseynov Elnur Fəxrəddin oğlu, onun şəhərciyə təyin etdiyi "komendant” Yusifov Ehtiram və onun köməkçiləri, sırf qeyri-qanuni gəlir əldə etmək məqsədilə ictimai asayişi pozmaqla biz bina sakinlərindən məcburi qaydada pul toplamaqda və mənzil qanunvericilyinin tətbiq olunmasına özbaşınalıq edərək imkan verməməkdə və bizim mülkiyyət hüququmuzu və mənzil qanunvericliyindən irəli gələn digər qanuni hüquqlarımızı açıq və müətəşəkkil bir şəkildə cinayət törətməklə pozmaqdadırlar. Sizdən çox xahiş edirik ki, "İlin dörd fəsli” MMC-nin nümayəndələrinin öz vəzifə səlahiyyətlərini aşaraq, dövlətə və onun qanunlarına zərrə qədər də olsun hörmət qoymadan bizə qarşı sistematik şəkildə törətdikləri cinayətin qarşısının alınmasına köməklik göstərəsiniz.

Hörmətlə, 
Sakinlər adından 
"Abşeron-1” MMMC-nin 
İdarə Heyətinin Sədri v.i.e.Tahirova Y.M”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]